Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru xanım Cudi O Konnor ilə görüşü - Prezident sarayı, 8 may 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qonağı salamlayaraq onunla hal-əhval tutdu.

Xanım Cudi O Konnor səmimi qəbul üçün təşəkkürünü bildirərək dedi ki, cənab Prezident, bir növ qəribə hisslər keçirirəm. Çünki Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru kimi, burada son səfərdəyəm və bu məni bir qədər məyus edir. Lakin ölkənizdə vəziyyət çox yaxşıdır. Mən bilirəm ki, Siz dəyişməz xətt götürmüsünüz.

Prezident Heydər Əliyev bildirdi ki, sizinlə əməkdaşlıq bizim üçün çox faydalı olmuşdur, ona görə sizin getməyinizdən çox məyus oluram. Siz bizə çox faydalı məsləhətlər vermisiniz və görmüsünüz ki, biz bu məsləhətlərdən istifadə edərək işlərimizi irəliyə aparırıq.

Xanım Cudi O Konnor dedi ki, cənab Prezident, burada mənimlə daimi işləyən nümayəndələr var, onlar işlərindən çox razıdırlar. Onların hamısının adından Sizə minnətdarlığımı bildirmək istəyirəm ki, burada bizim işimiz, əməkdaşlığımız üçün yaxşı şərait yaratmısınız. Biz Azərbaycandakı təkcə makroiqtisadi dəyişikliklərə görə deyil, eyni zamanda bundan daha çətin sayılan struktur islahatlarına görə də razılığımızı bildiririk.

Məlum olduğu kimi, struktur islahatları üzrə biz yeni bir razılaşma da imzalamışıq. Ona əsasən bizim işimiz daha mükəmməl və hərtərəfli olacaqdır. Bu çərçivədə biz çox işlər görməliyik.

Bir sahədə tərəqqini xüsusilə qeyd etmək istəyirəm. Bu sahədə siz unikal nailiyyətlər əldə etmisiniz. Baxmayaraq ki, Neft Fondu cəmi 18 aydır fəaliyyət göstərir, burada idarəetmə üzrə çox gözəl uğurlarınız var. Mən Fondun fəaliyyəti ilə bağlı şəffaflığı, açıqlığı qeyd etmək istəyirəm. Əlbəttə, Sizin vəziyyətinizi başa düşürəm. Yəqin ki, Sizə böyük təsirlər vardır və çox istəyirlər ki, Siz bu Fondun vəsaitindən müəyyən məqsədlər üçün istifadə edəsiniz. Lakin biz inandırmağa çalışırıq ki, həmin Fonddan yoxsulluğun azaldılması, təhsilin inkişafı üçün istifadə edilsin. Ümumiyyətlə, daha çox kənd əhalisi üçün istifadə edilsin.

Dövlətimizin başçısı Heydər Əliyev qonağa müraciətlə dedi ki, arxayin olun, mənə bu barədə heç kəs təsir edə bilməz. Biz Neft Fondunu yaradanda müxtəlif fikirlər var idi. Sizdə də, Valyuta Fondunda da bir çox şübhələr vardı. Bunu müəyyən qədər başa düşmək olar. Ancaq o vaxt mən sizi inandırırdım ki, narahat olmayın. Biz neftdən gəlir əldə edirik və Neft Fondu yaradırıq, ondan hansısa başqa məqsədlər üçün istifadə edilməsinə yol vermək olmaz. Şəffaflıq haqqında da sizi əmin etmişdim ki, narahat olmayın. İndi Neft Fondu mətbuatda daim məlumatlar verir ki, nə qədər vəsaiti var. Ondan heç bir başqa məqsədlər üçün istifadə olunmayıbdır. Yalnız qaçqınların yaşayış yerlərini müəyyən qədər normallaşdırmaq üçün müəyyən məbləğdə vəsait götürmüşük. Onlar sizin dediyiniz ən yoxsul təbəqədirlər. Amma mən hələ o fondu qoruyuram və qoruyacağam. İnşallah, vəsait bir az çox olanda, bəlkə siz dediyiniz bəzi istiqamətlərdə də xərcləmək olar.

Dünya Bankının nümayəndəsi həm Maliyyə Nazirliyində, həm də İqtisadi İnkişaf Nazirliyində əlahiddə bölmələrin Neft Fondundan istifadə olunmasının prinsiplərini işləyib hazırlamasını müsbət hal kimi vurğulayaraq dedi ki, bu prinsiplərə görə fonddan gələcəkdə qeyri-neft sektorunda iş yerlərinin açılması, habelə yoxsulluğun birbaşa aradan qaldırılması üçün istifadə olunacaqdır. Biz Biləsuvar rayonunda iki qaçqın düşərgəsinə getmişik. Orada daimi yaşayış yerlərindən məhrum edilmiş insanlarla görüşmüşük, həqiqətən də onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün müəyyən işlər görülmüşdür. Bu insanlar gələcəyə böyük ümidlə baxırlar.

Onlar ümid edirlər ki, vəziyyətlərinin yaxşılaşdırılması prosesi gələcəkdə də davam etdiriləcəkdir. Eyni zamanda onlar öz qürurlarını saxlayırlar. Çox fəxr edirlər ki, onların bir şagirdi keçən il test imtahanlarında respublikada ikinci nailiyyət əldə edibdir. Zənnimcə, bu faktın özü çox vacib siqnaldır və ilk növbədə donor təşkilatlara ünvanlanmışdır.

Elə bilirəm ki, bundan sonra biz gərək donorları arayıb-axtaraq, onları bu regiona yönəldək ki, təhsil işləri üçün fəaliyyətlərini artırsınlar.

Daha sonra gələcək işləri haqqında danışan xanım Cudi O Konnor bildirdi ki, onlar Azərbaycan hökumətinin yoxsulluğun azaldılmasına dair işləyib hazırladığı proqramı bir daha nəzərdən keçirməyə, onun üzərində işləməyə hazırdırlar.

Hazırda Dünya Bankı Azərbaycana iki sahədə yardım edə bilər. Bunlardan biri tibb və təhsil sahələridir. Digər tərəfdən, yolların çəkilməsində, başqa inşaat işlərində sizə yardımçı ola bilərik. Biz öz proqramımızı Milli Proqramla müqayisə edərkən görürük ki, burada mühüm fərqlər yoxdur. Prinsipial məsələlərdə tam razılığa gəlirik. Bircə məsələdə tərəddüd edirik ki, bu da səhiyyə sahəsinə aiddir. Əlbəttə, Azərbaycanın səhiy yə sahəsində problemləri çoxdur, biz bunu anlayırıq. Biz üstün istiqamətləri nazirliklə bir daha müəyyən etməliyik. Bəzi məsələlər artıq həll olunmuşdur, Baş nazir də bizə yaxından kömək etmişdir.

Xanım Cudi O Konnor dedi ki, cənab Prezident, biz digər sahədə də müəyyən işlər görməyi planlaşdırmışdıq. Lakin görürük ki, bu sahədə Siz özünüz təşəbbüsü ələ almısınız. Bu da biznes sahəsində işlərin qaydaya salınmasıdır. Biz biznes nümayəndələri ilə indiyə qədər görüşmüşük. Onları narahat edən məsələləri bildiriblər. Elə bilirəm ki, sizinlə görüşdə də öz fikirlərini açıqlayacaqlar və beləliklə, onların üzləşdikləri çətinliklər aradan götürüləcəkdir. Bu günə qədər neft sektorunun inkişafı çox dəstək almışdır. Ümid edirik ki, bundan sonra qeyri-neft sektoruna da kifayət qədər dəstək olacaqdır.

Biz maliyyə sektoru vasitəsilə biznes sektorunun inkişafına müəyyən yardım edə bilərik. Mən kreditləri, mikrokreditləri nəzərdə tuturam. Gələcəkdə orta və iri sahibkarlıq üçün də kreditlər ayrılması mümkündür.

Xanım Cudi O Konnor dedi ki, onlarda ölkələrin, o cümlədən Azərbaycanın göstəricilərinin əks olunduğu illik hesabatlar var.

Eyni zamanda ölkədə maliyyə siyasətinin həyata keçirilməsi üzrə göstəricilərə dair hesabat da vardır. Bunlara əsaslanaraq biz Azərbaycana «Ay-Bi-Ey» krediti ayırmaq fikrindəyik. Bu, Beynəlxalq İnkişaf Assosiasiyasının ayırdığı kreditdir. Bu krediti alan ölkədən 35 il müddətində faiz tutulmur. Ümid edirik ki, Azərbaycanın göstəriciləri gələcəkdə yaxşı olacaqdır. Göstəricilər artmaqda davam edərsə, bizim hesablamalara görə, üç ildən sonra respublikanıza «Ay-Bi-Ar-Di» krediti ayrılacaqdır. Bu isə yoxsul, kasıb ölkələr üçün deyil, daha yuxarı səviyyədə olan ölkələr üçün ayrılan kreditdir.

Xanım Cudi O Konnor bildirdi ki, onun həmkarı iyunun axırında Azərbaycana gələcəkdir.

Prezident Heydər Əliyev Azərbaycanın iqtisadiyyatındakı müsbət dəyişikliklər haqqında fikirlərinə görə xanım Cudi O Konnora təşəkkür edərək dedi ki, bu dəyişikliklər son illərdə gördüyümüz böyük tədbirlər nəticəsində mümkün olubdur.

Bunda Dünya Bankı ilə əməkdaşlığın da mühüm rolu var. Məni sevindirən odur ki, Azərbaycan iqtisadiyyatında struktur dəyişiklikləri ardıcıl surətdə həyata keçirilir və bundan əlavə, yeni tədbirlər görülür. Bütün sahələrdə islahatları ardıcıl surətdə həyata keçiririk. Məhz onların nəticəsində siz dediyiniz bu nailiyyətlər əldə olunubdur.

Dünya Bankı ilə əməkdaşlıq etmək asan iş deyildir. Çünki sizin çox ciddi tələbləriniz var. İlk vaxtlarda bizim bəzi adamlar bu tələbləri o qədər anlaya bilmirdilər. Amma bizim gördüyümüz tədbirlər və sizin göstərdiyiniz yardım indi elə nəticələr veribdir ki, insanların hamısı bu işlərin həqiqətən doğru-düzgün olmasına və gələcəkdə də uğurlu olacağına inanırlar.

Gələcək işlər haqqında sizin tövsiyələriniz və fikirləriniz də çox əhəmiyyətlidir. Mən sizinlə tamamilə razıyam. Güman edirəm, siz də bunu təsdiq edirsiniz, Azərbaycan iqtisadi islahatların həyata keçirilməsi sahəsində doğru yoldadır və çox böyük nailiyyətlər əldə edibdir. Biz bu yolu bəyənmişik, bu yolla gedirik və gedəcəyik.

Gələcəkdə də sizinlə əməkdaşlığımız bu yolla getməkdə bizə kömək edəcəkdir. Mən ancaq ona təəssüf edirəm ki, siz bizdən ayrılırsınız. Yeni işinizdə sizə uğurlar arzulayıram. Hesab edirəm ki, Dünya Bankının sizi burada əvəz edəcək nümayəndəsi də Azərbaycanla sizin kimi çox səmərəli əməkdaşlıq edəcəkdir.