Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasına - Bakı şəhəri, 16 iyul 2002-ci il


Hörmətli dostlar!

Sizə – türkdilli ölkələrin mədəniyyət nazirlərinə və Beynəlxalq TÜRKSOY təşkilatının yaradılmasının 10 illik yubileyinə həsr olunmuş bütün mərasim iştirakçılarına səmimi salamlarımı yetirir, ölkələrimizin mədəni həyatındakı bu əlamətdar hadisə münasibətilə hamınızı Azərbaycan xalqı və dövləti adından ürəkdən təbrik edirəm.

Keçən əsrin sonuncu dekadasında dünyada baş verən qlobal siyasi hadisələr nəticəsində sovet imperiyası dağıldı, uzun illər onun tərkibində yaşamağa məcbur olmuş xalqlar siyasi müstəqilliyini qazanaraq öz suveren dövlətlərini yaratdılar. Bu xalqların qarşısında milli-mənəvi darçəliş yolunda, dünya xalqları ailəsində özünə layiq yer tutmaq üçün geniş üfüqlər açıldı.

Zəngin və qədim mədəni irsə sahib olan türkdilli xalqlar da tarixin bəxş etdiyi bu gözəl fürsətdən istifadə edərək milli-mədəni özünəqayıdış yolunda ciddi addımlar atmağa başladı. Eyni soya, dilə, tarixi və mədəni keçmişə, adət-ənənəyə malik olan xalqlarımızın mənəvi həyatında gedən prosesləri əlaqələndirmək və düzgün istiqamətləndirmək məqsədilə həmin dövrün TÜRKSOY təşkilatının yaradılması bu yolda vaxtında atılmış faydalı bir addım oldu.

TÜRKSOY bəşər sivilizasiyası xəzinəsinə Dədə Qorqud, Manas, Nizami, Füzuli, Yəsəvi, Mahmud Kaşğari, Yusif Balasaqunlu, Uluqbəy, Yunis İmrə, Nəvai, Məhtumqulu, Abay irsi kimi nadir incilər vermiş türkdilli xalqların mədəni inteqrasiyası, bu qədim zəngin irsin araşdırılıb üzə çıxarılması, dünyada geniş təbliğ olunması, müxtəlif mədəni layihələrin gerçəkləşdirilməsində faydalı işlər aparmışdır. TÜRKSOY-un mədəni yönümlü digər beynəlxalq təşkilatlarla, xüsusilə YUNESKO ilə qurduğu əməkdaşlıq əlaqələri təqdirəlayiqdir.

Böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, TÜRKSOY-un qurucu ölkələrindən olan Azərbaycan Respublikası bu hərəkatın elə ilk günlərindən onun fəal iştirakçısı olmuşdur. TÜRKSOY-un məqsəd və vəzifələri müstəqil Azərbaycan dövlətinin mədəniyyət sahəsindəki strategiyasına tam uyğundur. Buna görə də biz TÜRKSOY-un fəaliyyətinə böyük əhəmiyyət verir və onu dəstəkləyirik.

İnanıram ki, keçən on il ərzində tam formalaşmış və böyük təcrübə toplamış təşkilatımız öz fəaliyyətini daha da gücləndirəcək və türkdilli xalqların qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün bundan sonra da var qüvvəsini sərf edəcəkdir. Xalqlarımızın çoxəsrlik mənəvi dəyərlərinin qorunması, zənginləşdirilməsi və təbliği işinə yönəldilmiş nəcib fəaliyyətinizdə sizə böyük uğurlar diləyirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti