Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Jandarm qüvvələrinin Baş komandanı, ordu generalı Aytac Yalman ilə görüşdə söhbəti - Prezident sarayı 1 may 2001-ci il


Heydər Əliyev: Hörmətli ordu generalı, xoş gəlmisiniz. Azərbaycanı ziyarət etməyinizdən çox məmnunam. Xüsusən ona görə ki, siz Azərbaycanı ilk dəfə ziyarət edirsiniz.

Aytac Yalman: Bəli, hörmətli cənab Prezident, bu mənim Azərbaycana ilk ziyarətimdir.

Heydər Əliyev: Bilirəm. Bizim Daxili İşlər naziri mənə məlumat veribdir ki, burada xeyli işlər görmüsünüz, amma görüləsi işlər də çoxdur.

Aytac Yalman: Hörmətli Prezident, daha da çox işlər görəcəyik. Bundan sonra da görüləsi işimiz çoxdur.

Heydər Əliyev: Bəli, görülməli işlər çoxdur. Bizim Daxili İşlər Nazirliyi ilə Türkiyənin Jandarm Qüvvələri arasında yaranmış əlaqələr çox əhəmiyyətlidir. Biz buna çox böyük önəm veririk. Mən indiyə qədər görülən işləri müsbət qiymətləndirirəm. Ancaq siz dediniz ki, görüləsi işlər də çoxdur. İndiyə qədər görülən işlər bizim daxili qoşunların bəzi problemlərinin həll edilməsində yardımçı olubdur. İndiki səfəriniz, təbiidir ki, sizin üçün əhəmiyyətli olduğu kimi, bizim üçün də çox əhəmiyyətlidir. Ona görə mən çox məmnunam.

Aytac Yalman: Hörmətli Prezident, çox təşəkkür edirəm. Əvvəla, çox qiymətli vaxtınızı ayırıb məni qəbul etdiyinizə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Həqiqətən vətəninizdə, icazə versəydiniz deyərdim ki, mənim də vətənimdə - Azərbaycanda olduğuma görə çox məmnunam. Bu gözəl ölkənizdə zati-alinizlə, belə kamil, yüksək səviyyəli insanlarla görüşməkdən çox məmnun və bəxtiyar olduğumu ifadə etmək istəyirəm. Öz adımdan, məmləkətim adından bildirirəm ki, mənim bu səfərim dost və qardaş Azərbaycan üçün çox müsbət nəticələr verəcəkdir və mən buna möhkəm əminəm. Mən 1992-ci ildən bu günə qədər gerçəkləşən tədbirlərin nəticələrini görmək imkanı əldə etdim. Zati-alinizin buyurduğu kimi, həm fiziki, həm də mənəvi hazırlıq mənasında çox mühüm işlər görülmüşdür. Amma bu günə qədər görülən işlərdən fərqli bir məqamı da gördüm, daha böyük nəticələr əldə olunduğunu müşahidə etdim. Xüsusi məktəbdə dörd il təhsil alan məzunların sonra Daxili Qoşunlar üçün kadr hazırlayan məktəbdə təkrar təhsilə cəlb ediləcəyini öyrəndim. Bu, kadr hazırlığına, təhsil sahəsinə daha yaxşı, fərqli münasibəti göstərir. Məndə belə bir fikir yarandı ki, beləliklə, Azərbaycanda təhsil məsələsi daha geniş miqyasda, daha dürüst həll olunur. Bu iş yeni proqram və üsulla daha mükəmməl aparılacaqdır. Bütün bunların hamısı faydalıdır. Mən Türkiyəyə dönməmiş göstəriş verdim, hazırlıq görməyə başladıq. Mütəxəssislərimiz Azərbaycana gələcək, yüksək səviyyəli zabitlər hazırlanmasında iştirak edəcəklər. Gələcəkdə hansı işlər görmək mümkündürsə, onları birlikdə yerinə yetirəcəyik.

Heydər Əliyev: Çox gözəl, çox məmnunam. Bir neçə gün bundan öncə mən sizin vətəninizdə - Türkiyədə idim. Orada Türkdilli Dövlətlər Birliyinin VII zirvə görüşü keçirilirdi.

Aytac Yalman: Mən onu izləyirdim.

Heydər Əliyev: İzləmisiniz. Zirvə toplantısı çox yüksək səviyyədə keçdi. Türkiyə Cümhuriyyəti və Cümhur başqanı hörmətli Əhməd Necdət Sezər VII zirvə görüşünü yaxşı hazırlamışdılar və onu çox mütəşəkkil, yüksək səviyyədə keçirdilər. Bizim hamımız bu görüşün iştirakçısı idik. Amma Türkiyə ev sahibidir. Çünki bütün əziyyət, bütün işlər Türkiyənin üzərində idi. Mən hesab edirəm ki, Türkdilli Dövlətlər Birliyinin varlığı çox əhəmiyyətlidir. Biz ildən-ilə irəli gedirik. Doğrudur, bəlkə də nailiyyətlərimiz bir o qədər böyük deyil, ancaq irəliyə gedirik. Lakin türkdilli dövlətlər içərisində Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr xüsusi əhəmiyyət daşıyır. Deyə bilərəm ki, bu bəzi dövlətlərlə münasibətlərdən fərqlənir. Bu da təbiidir. Çünki biz həmişə Türkiyə ilə daha yaxın olmuşuq. Türkiyə də Azərbaycanla daha yaxın olubdur. Tarixən belə olubdur. Ona görə də biz bu əlaqələrə, görüşlərə, toplantılara çox böyük əhəmiyyət veririk. Sizin sahənizdə, yəni, Jandarm Qüvvələri, Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlıq da çox əhəmiyyətlidir. Çünki bizim Daxili İşlər Nazirliyinin Daxili Qoşunları keçmiş sovet dövründə yaranmış qoşunlardır. Onların çoxu hələ ki, keçmiş prinsiplərə əsasən işləyirlər. Ancaq biz indi yeni dövrdə yaşayırıq, müstəqil dövlətik. Ona görə də indi Daxili Qoşunların qarşısında duran vəzifələr keçmişdə, sovet dövründə olan vəzifələrdən çox fərqlidir. Sizin təcrübəniz çoxdur. Ona görə də sizin təcrübənizin bizə verilməsi, təhsil işlərinin aparılması və digər yardımların edilməsi bizim üçün əhəmiyyətlidir. Buna görə də mən sizə təşəkkür edirəm. Jandarm Qüvvələrinin komandanı, ordu generalı kimi, sizin Azərbaycana gəlməyiniz, ölkəmizi ziyarət etməyiniz, bu məsələlərlə şəxsən tanış olmağınız və lazımi tədbirlər görməyiniz onu göstərir ki, siz Türkiyə-Azərbaycan əlaqələrinə xüsusi əhəmiyyət verirsiniz. General Usubov da hər dəfə mənə bu əməkdaşlıqdan razılığını bildirir. Güman edirəm ki, bu dəfə görülən işlər daha da əhəmiyyətli olubdur. Sağ olun, yəqin ki, biz bu barədə söhbət edəcəyik.