Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin türk dünyasının görkəmli oğlu, dünya şöhrətli alim, Azərbaycan xalqının böyük dostu İhsan Doğramacının 85 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitqi - Respublika sarayı, 24 aprel 2000-ci il


Əziz dostum, qardaşım İhsan Doğramacı!

Əziz bacım Ayser xanım!

Türkiyə Cümhuriyyətindən bu təntənəli mərasimə təşrif gətirmiş qonaqlarımız!

Hörmətli xanımlar və cənablar!

Bu gün bu bayram münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Sizə və bütün Azərbaycan xalqına qəlbimdən gələn səmimi salamlarımı göndərirəm.

Bu gün bu möhtəşəm Respublika sarayındakı təntənəli mərasim Azərbaycan xalqının böyük dostu İhsan Doğramacının 85 illik yubileyinə həsr olunmuşdur.

Mən çox məmnunam və təşəkkür edirəm ki, dostum, qardaşım İhsan Doğramacı, Ayser xanım, ailə üzvləri və onların dostları, həmkarları, professorlar, ictimai-siyasi xadimlər onunla birlikdə bu gün Türkiyədən, Ankaradan Azərbaycana gəliblər. Bu, qeyri-adi bir hadisədir. İhsan Doğramacının təyyarəsində qardaş Türkiyə Cümhuriyyətindən yüzdən çox dostumuz, İhsan Doğramacının dostları Azərbaycana, Bakıya gəliblər və bu yubiley şənliklərində bizimlə bərabər iştirak edirlər. Bunlar heç də təsadüfi deyildir. Çünki İhsan Doğramacının 85 illiyinə həsr olunmuş bu yubiley onun şəxsiyyətinə, türk xalqı, türkdilli xalqlar, türk dünyası qarşısında göstərdiyi xidmətlərə, bəşər tarixinə yazdığı səhifələrə olan hörmətin, ehtiramın təzahürüdür.

Alimlərimiz, nazirlərimiz bu gün İhsan Doğramacı haqqında ürək sözlərini dedilər. Onların çıxışlarında İhsan Doğramacının həyat yolu, fəaliyyəti, əldə etdiyi nailiyyətlər və göstərdiyi xidmətlər bu gün Azərbaycan vətəndaşlarına çatdırıldı. Amma bu, bizim üçün yeni deyildir. Biz hörmətli İhsan Doğramacının beş il bundan öncə 80 illik yubileyini Azərbaycanda təntənə ilə qeyd edərkən onun xidmətləri haqqında geniş məlumatlar verilmişdi.

Bu nadir şəxsiyyətin həyat yolunu, fəaliyyətini və bəşəriyyət qarşısında göstərdiyi xidmətləri bu gün yenidən yada salarkən düşünürsən - o, nə qədər böyük insandır, nə qədər nadir bir şəxsiyyətdir, bizlər üçün, türk dünyası üçün, bəşəriyyət üçün dəyərli bir sərvətdir. Hörmətli İhsan Doğramacı həqiqətən öz işləri, öz elmi və ictimai fəaliyyəti ilə, elm, təhsil, səhiyyənin inkişafındakı xidmətləri, vətənpərvərliyi, türk dünyasına daim göstərdiyi sədaqət ilə özü-özünə bir abidə yaratmışdır. İndi baxırsan, bu salonda bizim dostumuz, qardaşımız İhsan Doğramacıdır. Eyni zamanda, ona baxarkən düşünürsən ki, o, yüksək məna daşıyan abidədir.

Hörmətli İhsan Doğramacı həqiqətən gənc yaşlarından öz fitri istedadından məharətlə istifadə edərək həyatını xalqa, millətə, cəmiyyətə, bəşəriyyətə xidmət etməkdə görübdür. O, bu xidməti edibdir, yorulmadan, ardıcıl olaraq, dayanmadan, usanmadan bu gün də edir və sabah da, gələcəkdə də, yüz yaşına qədər edəcəkdir.

Hörmətli İhsan Doğramacı Türkiyədə böyük hörmətə malikdir. O, dünyanın əksər ölkələrində böyük şöhrət qazanıbdır. Türk dünyasında, türkdilli dövlətlər birliyində çox böyük hörmət, ehtiram qazanıbdır. Azərbaycanda isə hörmətli İhsan Doğramacıya xüsusi məhəbbət və sevgi vardır. Düşünürəm ki, bu da qarşılıqlıdır.

Hörmətli İhsan Doğramacının qəlbi çox genişdir. O geniş qəlbdə milyonlarla-milyonlarla səmimi hissiyyatlar yaşayır. Onların içərisində Azərbaycana olan sevgi, məhəbbət də görkəmli yer tutur. Bunu hiss edən Azərbaycan xalqı hörmətli İhsan Doğramacıya öz sevgisi, məhəbbəti ilə cavab verir və öz hörmət, ehtiramını göstərir.

İhsan Doğramacının 85 il ərzində - gənclik dövründən başlayaraq - fəaliyyəti çoxsahəlidir, çoxşaxəlidir. O alimdir, həkimdir, ictimai xadimdir, maarifçidir, maarif-təhsil qurucusudur, dünyanın bir çox mühüm problemlərinin həll olunmasında iştirak edir, sülh, əmin-amanlıq uğrunda mübarizə aparır. Onun həddindən artıq çoxsahəli fəaliyyəti vardır. Bunun da səbəbi odur ki, bu böyük zəkalı insan təkcə əvvəlcədən seçdiyi sənət çərçivəsində yaşaya bilməzdi. Zəkası, iradəsi, böyük qəlbi onu bu qədər böyük işlər görməyə sövq edibdir.

Hörmətli İhsan Doğramacı bunları da müvəffəqiyyətlə həyata keçiribdir. Ancaq bütün bu işlərin içərisində burada daha çox səslənən pediatriya haqqında danışmaq istəyirəm. Biz buna uşaq həkimi deyirik. Həkimlik sənəti insan cəmiyyətində ən yüksək qiymətə, hörmətə malik olan bir sənətdir. Çünki bu, hər bir insan üçün, demək, cəmiyyət, dövlət, bəşəriyyət üçün lazımdır. Ona görə də bu sənət Azərbaycanda həmişə hörmətli, şöhrətli olubdur, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Ancaq həkimlik sənəti də çoxsahəlidir. Hesab edirəm ki, həkimlik sənəti içərisində uşaq həkimi ən vacib və hörmətli sənətdir. Elə bir insan yoxdur ki, uşağı sevməsin. Hər bir insan, hər bir ata, hər bir ana özündən çox övladını, uşağını sevir. Bu, ailə çərçivəsində olan anlayışdır. Ancaq millət üçün, dövlət üçün, ölkə üçün, xalq üçün uşaq, gənclik hər şeydən qiymətlidir. Uşağın dünyaya gəlməsi, onun sağlam böyüməsi, gənc nəslin yaxşı təhsil alması hər bir millətin, xalqın ən dəyərli sərvətidir. Çünki o, millətin, xalqın gələcəyidir, millətin, xalqın daimiliyidir, əbədiliyidir.

Hörmətli İhsan Doğramacının məhz bu sahəyə lap gənc vaxtlarından maraq göstərməsi və ömrü boyu başqa fəaliyyətlərlə yanaşı, bu sahəni həmişə özü üçün böyük bir vəzifə etməsi bir insan kimi onun nə qədər böyük mənəviyyata malik olduğunu, eyni zamanda xalq, millət üçün, onun gələcəyi üçün bu sahənin nə qədər əhəmiyyətli olduğunu göstərir. İhsan Doğramacı haqqında burada deyilən sözlər, əlbəttə ki, onun fəaliyyətinin hamısını əhatə etmir. Bu barədə kitablar, əsərlər yazılır və yazılacaqdır. Ancaq mən bir sözü cəsarətlə deyə bilərəm ki, bəşəriyyətin nadir şəxsiyyətlərindən biri də bizim əziz dostumuz, qardaşımız İhsan Doğramacıdır.

Azərbaycanın dövlət başçısı olaraq mən məhz buna görə 1995-ci ildə qərar qəbul etdim ki, dostumuz hörmətli İhsan Doğramacının 80 illik yubileyi ölkəmizdə təntənəli şəkildə qeyd olunsun və biz bunu etdik, həmin mərasim Opera və Balet Teatrında keçirildi. Təkcə bu mərasim deyildi, o zaman çoxlu görüşlər oldu, başqa tədbirlər keçirildi. Bəli, burada dedilər, o vaxt mən arzu etdim ki, dostum, qardaşım İhsan Doğramacı yüz il yaşasın. Amma bu gün düşünürəm ki, bir səhv etmişəm, ona az yaş vermişəm, onun üçün yüz il azdır. Nə üçün? Çünki beş il bundan əvvəl sizin də, bizim də gördüyümüz İhsan Doğramacı eyni şəkildə bu gün də bizim qarşımızdadır. Bu beş il müddətində onun yaşı artıbdır. Amma bu insanın həyatında, yəni işləmək qabiliyyəti, fikirləşmək qabiliyyəti, fiziki qabiliyyəti - hamısı yerindədir. Mən bu gün dedim ki, bu beş il müddətində bəlkə də o, daha da gəncləşibdir, cavanlaşıbdır. Ona görə də mən bu gün vaxtı artırıram və deyirəm: yüz yaşa, yüz yaşdan sonra daha bir yüz il də yaşa!

İhsan Doğramacı çox böyük insani keyfiyyətlərə malik olan bir şəxsdir. O, çox diqqətlidir, çox qayğıkeşdir, dostluqda çox sədaqətlidir. Həm Türkiyədə, həm Azərbaycanda bunu çoxları yaxşı bilir. Çünki hər kəs bunu öz həyatında hiss edibdir. Bizim Azərbaycandan nə qədər alimlər, incəsənət xadimləri - bəstəkarlar, musiqiçilər 1991-1992-ci illərdən başlayaraq Türkiyədə İhsan Doğramacının himayəsi altında işləyiblər və bu gün də çoxları Bilkənd universitetində onunla bərabər çalışır. O, hər bir kəsə qayğı göstərir, çox diqqətlidir.

Bunu mən öz şəxsi həyatımda da hiss etmişəm. Bilirsiniz ki, bir il bundan öncə, mən Amerika Birləşmiş Ştatlarında olarkən ürəyimdə cərrahiyyə əməliyyatı aparmaq zəruriyyəti meydana çıxdı. Bu cərrahiyyə əməliyyatı keçən il aprelin 29-da oldu. Azərbaycandan mənim yanıma çoxlu adamlar gəlmək istəyirdi.

Mən göstəriş verdim ki, heç kəs narahat olmasın. Çünki bu müalicədir, mən müalicəni qurtarıb gələcəyəm. Dostum İhsan Doğramacı da mənə müraciət etdi. Mən çox xahiş etdim ki, siz narahat olmayın, tezliklə gələcəyəm. Həkimlər mənə belə deyirlər. Amma o, mənim sözlərimi qəbul etmədi, Türkiyədən 18 saat fasiləsiz olaraq təyyarə ilə uçub Klivlendə gəldi, məni ziyarət etdi. Biz 1999-cu il may ayının 10-nu əziz dostum, qardaşım İhsan Doğramacı ilə birlikdə Klivlend xəstəxanasında keçirdik. Bəzən gənclər də bu cür böyük səfərə çıxa bilmirlər. Amma İhsan Doğramacı keçən il bunu etdi. Ona görə də deyirəm ki, o, günü-gündən gəncləşir. Əgər 18 saat təyyarə ilə Klivlendə gəldi və oraya çatan kimi mənimlə görüşdüsə, hesab edirəm ki, indi o, kosmonavtlarla da yarışa bilər, lazım olsa kosmosa da uça bilər.

Bilirsiniz ki, Azərbaycanda elmə, mədəniyyətə, təhsilə, incəsənətə həmişə böyük hörmət olubdur. Biz bu ənənəni bu illərdə də saxlayırıq, yaşadırıq, inkişaf etdiririk. Baxmayaraq ki, həyatımızda bir çox çətin və ağır problemlər vardır. Baxmayaraq ki, Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman, 1991-ci ilin sonunda Ermənistan ilə müharibə vəziyyətində idi, ölkəmizin torpaqları işğal olunurdu və bu işğal da davam edirdi.

Baxmayaraq ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur və işğal edilmiş torpaqlardan bir milyondan artıq soydaşımız zorla çıxarılıb, ağır vəziyyətdə çadırlarda yaşayır.

Biz 1994-cü ilin may ayında atəşi dayandırmışıq, atəşkəs haqqında saziş imzalamışıq. Atəş yoxdur. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bu, asan deyil, çətindir. Biləsiniz ki, çox çətindir. Biz çox yollardan istifadə etmişik və bu gün də istifadə edirik, edəcəyik. Bu gün bəyan edirəm ki, biz münaqişənin mütləq sülh yolu həll edilməsinə nail olacağıq. Azərbaycanın işğal edilmiş torpaqları azad olunacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır və doğma yurdundan çıxarılmış soydaşlarımız öz yerlərinə, Qarabağa qayıdacaqdır və biz İhsan Doğramacı ilə Qarabağda da görüşəcəyik.

Bizim bir çox başqa problemlərimiz, çətinliklərimiz də vardır. İndi iqtisadiyyatımız inkişaf edir. Amma biz xalqımıza istədiyimiz səviyyədə həyat tərzi yarada bilməmişik. Keçid dövrü yaşayırıq. Amma Azərbaycan xalqının çox gözəl gələcəyi vardır. Biz bu keçid dövrünü uğurla keçirik, keçəcəyik və Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, mədəniyyəti inkişaf etmiş, xalqının rifah halı yüksəklərə qalxmış bir ölkə olacaqdır. Buna əmin ola bilərsiniz.

Ancaq biz indi bu çətinliklər şəraitində mədəniyyətimizə, elmimizə, irsimizə, xalqımızın tarixinə həmişə qiymət verməyi, onu qeyd etməyi özümüzə borc bilirik. Bu da lazımdır. Çünki yaşayış nə qədər çətin olsa da, gərək insan mənəviyyatı yüksək olsun. Mənəviyyatın yüksəkliyi də insanın millət kimi mənliyindədir, məziyyətindədir, vətənpərvərliyindədir. Ona görə də gərək insan öz tarixini, millətinin kökünü, öz millətinin keçmişdə yaratdığı abidələri bilsin. Ona görə bilsin ki, öz milləti, xalqı ilə daim fəxr etsin, vətənpərvər olsun, xalqına, millətinə, torpağına, dövlətinə sədaqətli olsun. Ona görə belə tədbirlərin çox əhəmiyyəti vardır.

Biz ulu babamız, Azərbaycan xalqının, bütün türkdilli xalqların böyük tarixi abidəsi "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyini aprelin 9-da Bakıda, bu salonda türkdilli dövlətlərin başçılarının, nümayəndə heyətlərinin, bir çox ölkələrdən gəlmiş ictimai-siyasi xadimlərin, alimlərin, qorqudşünasların, şərqşünasların iştirakı ilə təntənə ilə keçirdik. Xalqımızın böyük şairi, dahi insan Məhəmməd Füzulinin yubileyini bir neçə il bundan öncə burada keçirdik. Biz vaxtilə burada böyük şair Nəsiminin 600 illik yubileyini, Nizami Gəncəvinin yubileyini keçirmişik. Biz Azərbaycan xalqının mədəniyyətini, elmini son dövrdə inkişaf etdirmiş insanların - dünyasını dəyişmiş insanların da, bu gün yaşayanların da yubileylərini keçirmişik. Biz bu salonda ancaq ən yüksək qiymətə layiq olan insanların yubileyini keçirmişik. Bu gün İhsan Doğramacının 85 illik yubileyinin Azərbaycanın möhtəşəm Respublika sarayında təntənəli şəkildə keçirilməsi İhsan Doğramacını bəşər tarixinə qızıl hərflərlə səhifələr yazmış həmin o insanlara bərabər edir, onların səviyyəsinə qaldırır.

Hörmətli İhsan Doğramacı Türkiyə-Azərbaycan əlaqələrinin yaranmasında, inkişaf etməsində böyük xidmətlər göstərmiş və göstərməkdədir. Hamıya - bütün dünyaya, bizim xalqlarımıza məlumdur ki, Azərbaycan xalqı ilə Türkiyə xalqı arasındakı tarixi köklər, tarixi birlik - dilin, adət-ənənələrin, milli dəyərlərin, dinin birliyi - hamısı birlikdə tarixən bizi həmişə bir yerdə, bir-birimizlə bağlı edibdir. Zaman olubdur ki, biz bir-birimizdən məcburən ayrı düşmüşük. Ancaq 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi Türkiyə-Azərbaycan əlaqələri, demək olar ki, şimşək sürəti ilə inkişaf etməyə başladı. Bu əlaqələr inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir.

Azərbaycan üçün Türkiyə Cümhuriyyəti ilə olan əlaqələr xüsusi əhəmiyyət daşıyır. Bunu Türkiyədə də belə qiymətləndirirlər, biz də belə qiymətləndiririk. Biz keçid dövründə olduğumuz zaman, bazar iqtisadiyyatı yolu ilə gedərkən, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət qurarkən, ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çatdırmağa çalışarkən Türkiyənin təcrübəsindən istifadə edirik. Biz böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyətinin keçdiyi tarixi yoldan, Türkiyə Cümhuriyyətinin bugünkü nailiyyətlərindən istifadə edirik. Böyük Atatürk bizə örnək olduğu kimi, onun yaratdığı Türkiyə Cümhuriyyəti də bizim üçün örnəkdir, iftixar mənbəyidir.

Bizim ölkələrimizin bütün sahələrdə - siyasi, iqtisadi, elmi, mədəni sahələrdə əlaqələri inkişaf edir. Bu, bizim strateji yolumuzdur. Biz onu inkişaf etdiririk və etdirəcəyik. 1998-ci ilin oktyabr ayında bir çox ölkələrin dövlət başçıları ilə birlikdə biz Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyətinin 75 illik yubileyini qeyd etdik. Mən həmin yubiley mərasimlərində böyük iftixar hissi ilə iştirak etdim.

Bilirsiniz ki, məhz o vaxt ilk dəfə Ankarada Bakı-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi ilə əlaqədar "Ankara bəyannaməsi" imzalandı. Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmirəl, Qazaxıstan Pespublikasının prezidenti hörmətli Nursultan Nazarbayev, Gürcüstan prezidenti hörmətli Eduard Şevardnadze, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev bəyannamə imzaladılar.

Həmin bəyannaməni Amerika Birləşmiş Ştatlarının enerji naziri cənab Riçardson da imzaladı. Bununla da biz 1994-cü ilin sentyabr ayında ilk dəfə Azərbaycanda "Əsrin müqaviləsi"ni yaradarkən Bakı-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi barədə qəbul etdiyimiz qərarı artıq beynəlxalq səviyyəyə qaldırdıq. Bu günlərdə Türkiyə Böyük Millət Məclisinin 80 illik yubileyi qeyd olunur. Bu Millət Məclisinin də yaradıcısı, qurucusu böyük Mustafa Kamal Atatürkdür. Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti bu yubiley mərasimlərində iştirak edib, ölkəmizin hörmətini, məhəbbətini, sevgisini orada nümayiş etdiribdir. Onlar bu gün İhsan Doğramacının təyyarəsindən istifadə edərək Azərbaycana dönüblər.

Bəli, bu da böyük hadisədir. Çünki Türkiyədə cümhuriyyəti yaratmaq üçün həmin o Böyük Millət Məclisini yaratmaq lazım idi. Mustafa Kamal Atatürk çox dahi bir insan idi. O, Türkiyəni ağır vəziyyətdən çətinliklərlə çıxardı. Onun birinci addımı bu oldu ki, 80 il bundan əvvəl Türkiyənin Böyük Millət Məclisini yaratdı. Sonra isə- 1923-cü ildə o, Türkiyə Cümhuriyyətini yaratdı, həyatının sonuna qədər də həmin Cümhuriyyətin cümhur başkanı, prezidenti oldu.

Biz bu gün çox məmnunuq və çox sevinirik ki, Türkiyə Cümhuriyyəti, xalqı böyük öndər Mustafa Kamal Atatürkün yolu ilə gedir, onun yoluna sadiqdir və bundan sonra da sadiq olacaqdır. Əziz dostum, qardaşım İhsan Doğramacının həyat fəaliyyəti, Türkiyədə təhsilin inkişafı, maarifçiliyin, səhiyyənin və xüsusən pediatriyanın inkişafı sahəsində göstərdiyi xidmətlər məhz Mustafa Kamal Atatürkün yoluna olan sədaqətin təzahürüdür.

Türkiyə-Azərbaycan dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrinin yaranmasında, inkişaf etməsində birinci növbədə, bizim xalqlarımızın - Türkiyə və Azərbaycan xalqlarının iradəsi vardır. Bununla bərabər, təbiidir ki, ictimai xadimlərin, siyasi xadimlərin, dövlət, elm, mədəniyyət xadimlərinin böyük xidmətləri vardır. Ona görə də Türkiyə-Azərbaycan əlaqələrinin yaranmasında, inkişaf etdirilməsində Türkiyədə xidmət göstərmiş hər bir şəxsə, insana mən bu gün hörmət və ehtiramımı bildirirəm, təşəkkür edirəm.

Ancaq Türkiyədə bu sahədə ən çox xidmət göstərmiş, zəhmət çəkmiş insan Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycanın böyük dostu, mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl olmuşdur. Bəli, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman Türkiyə Cümhuriyyəti, hökuməti Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olmuşdur. Həmin hökumətin başında da hörmətli Süleyman Dəmirəl durmuşdur. O vaxtdan indiyə qədər Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində onun xidmətləri əvəzsizdir. Ona görə də əziz dostum, qardaşım Süleyman Dəmirəl müstəqil Azərbaycanın ən yüksək mükafatı olan "İstiqlal" ordeninə layiq görülübdür. Həmin ordeni - "İstiqlal" ordenini burada, bu salonda mən böyük fərəh hissi ilə ona təqdim etmişəm.

Bugünkü təntənəli mərasim də təkcə dostumuz, qardaşımız İhsan Doğramacının 85 illiyinə həsr olunmayıbdır. Bu mərasimin mənası genişdir. Onun mənası ondan ibarətdir ki, türkdilli xalqların, Azərbaycan xalqının, Türkiyə xalqının böyük oğlu

İhsan Doğramacının 85 illik yubileyi eyni zamanda Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafına, türk dünyasının birliyinin daha da inkişafına xidmət edir. Bax, bunlar hamısı bir-biri ilə bağlıdır. Ona görə də mən çox məmnunam ki, biz dostumuz hörmətli İhsan Doğramacının yubileyini Azərbaycanda təntənəli şəkildə keçiririk.

Beləliklə, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişaf etməsi üçün yeni bir addım atırıq.

Əziz dostum İhsan Doğramacı!

Hörmətli Ayser xanım!

İhsan Doğramacı ailəsinin üzvləri!

Burada olanlar və buraya gəlib çata bilməyənlər!

Türkiyədən gəlmiş hörmətli qonaqlarımız!

Sizi bir daha salamlayıram.

Əziz dostum, 85 illik yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Heç şübhə etmirəm ki, 90 illik yubileyinizi, 95 illik yubileyinizi burada edəcəyik və 100 illik yubileyinizi də burada edəcəyik. Əziz dostum, sən o illəri yaşayacaqsan, o yubiley günlərinə çatacaqsan, mən isə - Azərbaycan prezidenti Heydər Əliyev həmin yubileyləri təşkil edəcəyəm.

Artıq burada deyildi və mətbuatda da dərc olunubdur ki, Azərbaycan prezidentinin fərmanı ilə hörmətli İhsan Doğramacı Azərbaycanın ən yüksək mükafatı - "İstiqlal" ordeni ilə təltif olunubdur. Bu gün mən böyük iftixar hissi ilə müstəqil Azərbaycan dövlətinin bu yüksək mükafatını dostum, qardaşım, hörmətli İhsan Doğramacıya təqdim etmək istəyirəm.

Əziz dostum, qardaşım, mən səni yubiley münasibətilə bir daha təbrik edirəm.

Ayser xanım, sizi də təbrik edirəm.

Əziz dostum, sənə cansağlığı arzu edirəm, işində yeni-yeni uğurlar arzulayıram. Bütün arzularımızın yerinə yetirilməsini istəyirəm. Yəni 90, 95, 100 yaş - ondan sonra davam edəcəyik. Təbrik edirəm.

* * *

Yubiley konserti başa çatdıqdan sonra Azərbaycan prezidentinin, professor İhsan Doğramacının və onun xanımı Ayser Doğramacının incəsənət ustaları ilə görüşü.

Heydər Əliyev: İhsan bəy, mən burada bizim bu sənətçiləri konsertdən sonra həmişə təbrik edirəm. Bunlar çox böyük xidmət göstərirlər. Biz rəsmi hissədə danışdıq, sözlər dedik, amma bunlar da onu bəzədilər, gözəlləşdirdilər.

İhsan Doğramacı: Bu, əlanın əlası oldu.

Heydər Əliyev: Bəli, əlanın əlasıdır. Ona görə də indi bizim bu sənət ustaları sən görürsən ki, nə qədər yüksək səviyyədədirlər.

İhsan Doğramacı: Mən musiqi alətlərinin bir neçəsində ifa edə bilirəm.

Heydər Əliyev: İhsan Doğramacı deyir ki, siz beş il bizdən irəlisiniz.

İhsan Doğramacı: Bəli, ən azı beş il irəlisiniz. Bu, bir liderin belə qabiliyyətli balalara diqqəti nəticəsində ola bilər.

Heydər Əliyev: Həqiqətən Azərbaycanda mədəniyyət, incəsənət çox inkişaf edibdir. O da bax, bu insanların xidmətidir. Bunlar özlərini bu ağır sənətə həsr ediblər. Sağ olun, gözəl çıxış etdiniz.

Təşəkkür edirəm.