Azərbaycan - Beynəlxalq Valyuta Fondu


Beynəlxalq Valyuta Fondunun (BVF) yaranma tarixi və fəaliyyəti: 1944-cü ildə Amerika Birləşmiş Ştatlarının Nyu Hempşir əyalətində qurulan və 1947-ci ildə faktiki olaraq fəaliyyətə başlayan Beynəlxalq Valyuta Fondu beynəlxalq iqtisadi sahədə fəaliyyət göstərir. BVF Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış agentliyidir, lakin özünün nizamnaməsi, idarə strukturu və büdcəsi var. Hal- hazırda BVF-nin 186 üzvü var. BVF-nin üzvləri, fondda qlobal iqtisadiyyatdakı paylarına uyğun olaraq kvota sistemi ilə təmsil edilirlər. BVF qlobal inkişaf və iqtisadi sabitliyə nail olmaq məqsədilə fəaliyyət göstərir. BVF öz üzvlərinə həm iqtisadiyyat siyasəti ilə bağlı məsləhət verir, maliyyə yardımı ilə təmin edir və inkişaf etməkdə olan ölkələrlə işləyərək onlara makroiqtisadi sabitliyə nail olmaq və yoxsulluğu aradan qaldırmaq məqsədilə yardım göstərir.

Azərbaycanın BVF ilə əməkdaşlığı: Azərbaycan BVF ilə 1992-ci il sentyabrın 18-dən əməkdaşlıq edir. İndiyədək BVF Azərbaycan Respublikasına altı proqram çərçivəsində kredit ayırıb, lakin 2005-ci ildən başlayaraq BVF ilə əməkdaşlıq məsləhətləşmələr səviyyəsində həyata keçirilir, belə ki, Azərbaycan hökuməti fonddan kreditin alınmasından imtina edib. BVF tərəfindən ‎Azərbaycan hökumətinə təqdim edilən kreditlər müqavilədə nəzərdə tutulan vaxtda hər ‎il gecikdirilmədən ödənilir. Odur ki, bu müddət ərzində Azərbaycan hökuməti ilə BVF ‎arasında səmərəli əməkdaşlıq münasibətləri formalaşıb. Bu fakt isə Azərbaycan ‎iqtisadiyyatının dinamik inkişaf mexanizminə malik olmasından xəbər verir. BVF-nin Azərbaycan hökuməti ilə danışıqlarında ölkədə sənayenin inkişaf ‎etdirilməsi, dövlət banklarının özəlləşdirilməsi, su və enerji təchizatı problemlərinin ‎həlli və bu sistemlərdə islahatların aparılması zərurəti, dövlət strukturunda islahatlar, ‎neft gəlirlərinin səmərəli istifadəsini təmin etmək, Neft Fondunun ‎fəaliyyətində şəffaflıq və sair istiqamətlər prioritet təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığa böyük önəm verib. Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun direktoru Kamdessu 12 mart 1996-cı ildə Heydər Əliyevlə görüşüb və danışıqlar aparıb. Görüşdən sonra birgə mətbuat konfransında Heydər Əliyev danışıqların Azərbaycan Respublikası ilə Beynəlxalq Valyuta Fondunun gələcək əməkdaşlığına həsr olunduğunu, Beynəlxalq Valyuta Fondunun dünyanın ən böyük maliyyə mərkəzi olduğunu bildirib. O bildirib ki, BVF Azərbaycanda iqtisadi islahatların keçirilməsi, iqtisadiyyatda struktur dəyişikliklərin aparılması, özəlləşdirmə və başqa bu cür tədbirlər üçün kreditlərlə maliyyə yardımı edir.

4 dekabr 1998-ci ildə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Devid Quen Heydər Əliyevlə görüşüb. Devid Quen BVF ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycanda iqtisadi artım müşahidə olunur, inflyasiya məqbul səviyyədədir və ümumiyyətlə, iqtisadi sahədə uğur əldə olunub, manatın məzənnəsi sabit səviyyədə qalmaqdadır.

Heydər Əliyev Azərbaycana indiyə qədər göstərilən yardımlara və səmərəli əməkdaşlığa görə təşəkkür edərək, bu əməkdaşlığın davam etdiriləcəyini bildirib: "...Azərbaycan dövlətində iqtisadi islahatları həyata keçirməyi iqtisadi siyasətimizin strateji istiqaməti kimi qəbul etmişik. Sadəcə, bu sahədə bizim fikirlərimiz üst-üstə düşür, bu barədə məsələlərə münasibətimizdə ziddiyyətlər yoxdur. Əksinə, biz yaxşı əməkdaşlıq edirik və siz də əməkdaşlığımızın uğurlu olduğunu görərək bizə daha da çox yardım etməyə çalışırsınız...".

17 dekabr 2001-ci il tarixdə Heydər Əliyev BVF-nin şöbə müdirinin müavini Con Uykman-Li və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb. Con Uykman-Linn BVF-nin Azərbaycandakı missiyalarının məqsədlərini açıqlayıb: "...Missiyamızın bir məqsədi illik göstəriciləri nəzərdən keçirməkdir. Bu, Beynəlxalq Valyuta Fondunun digər ölkələrdə də keçirdiyi bir prosesdir. Missiyamızın ikinci məqsədi isə iqtisadi islahatların həyata keçirilməsi məsələsidir. İqtisadi islahatlar yoxsulluğun aradan qaldırılmasını və ölkənin bundan sonrakı inkişafını təmin etməyi nəzərdə tutur". Con Uykman-Linn iqtisadi islahatların Azərbaycandakı nəticələrinin ruhlandırıcı və müsbət xarakter daşıdığını bildirib. Heydər Əliyev və bütün Azərbaycan hökumətinin əldə olunan nəticələrlə fəxr edə biləcəyini nəzərə çatdırıb.

Heydər Əliyevin 2 mart 2001-ci il tarixli sərəncamına ‎əsasən "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın ‎hazırlanması məqsədilə dövlət komissiyası yaradılıb. Proqramın hazırlanması məqsədilə İqtisadi İnkişaf Nazirliyi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə sıx əməkdaşlıq ‎edib. 25 oktyabr 2002-ci il tarixdə Bakıda "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın ‎təqdimatına həsr edilmiş ümummilli konfrans keçirilib. Konfransda BVF-nin Azərbaycan ‎nümayəndəliyinin rəhbəri Maykl Meredin iştirak edib. Konfransın açılış mərasimində çıxış edən ‎Heydər Əliyev cəmiyyətin hərtərəfli inkişaf etdirilməsi məqsədilə bazar ‎iqtisadiyyatına müvafiq iqtisadi sistemin yaradılmasının Azərbaycan ‎dövləti qarşısında duran vacib məsələlərdən biri olduğunu vurğulayıb.‎ O, müzakirə edilən yoxsulluq probleminə toxunaraq deyib: "Respublikamızın həm ‎iqtisadiyyatını, həm də xalqın güzəranını çox yaxşı gələcək gözləyir. Biz bunu ‎indiyə qədər gördüyümüz işlərin əsasında təmin etmişik və gələcəkdə görəcəyimiz ‎işlər bunların hamısını tamamlayacaqdır. Neft sektorundan böyük gəlirlər ‎gözlənilir. Bu, Azərbaycanın milli sərvətidir."

Bu proqramdan əlavə BVF-nin ekspertləri Milli Banka Kart Prosessinq Mərkəzinin yaradılması, Milli Ödəniş Sisteminin inkişafı üzrə Dövlət Proqramının hazırlanması, eləcə də digər istiqamətlərdə texniki yardım göstərmişlər. "Banklar haqqında" və "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanunlarının beynəlxalq standartlara tam uyğun olaraq hazırlanması sahəsində BVF ilə əməkdaşlıq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu təşkilatla əlaqələrin inkişaf etdirilməsinə önəm verir. 26 may 2004-cü ildə İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri Departamentinin şöbə müdiri Con Uikman-Linnin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İlham Əliyev Con Uikman-Linnin Bakıda keçirdiyi səmərəli görüşlərdən məmnun olduğunu, xüsusilə neft sektorunda Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan arasında əməkdaşlığın gündən-günə inkişaf etdiyini vurğulayıb. Prezident bildirib ki, fondun köməyi və məsləhətləri Azərbaycan üçün çox faydalıdır, BVF, habelə digər maliyyə qurumları ilə Azərbaycanın əməkdaşlığı bundan sonra da inkişaf edəcək. Con Uikman-Linn Azərbaycan hökumətinin yoxsulluğun azaldılmasına dair proqramını yüksək qiymətləndirib, eyni zamanda, bildirib ki, Beynəlxalq Valyuta Fondu bu işdə Azərbaycan hökumətinə öz köməyini əsirgəməyəcəkdir. Azərbaycanın neft-qaz sektorunda əldə etdiyi uğurları yüksək qiymətləndirən Con Uikman-Linn xüsusilə şəffaflığın təmin olunması sahəsində Neft Fondunun fəaliyyətini zəruri amil kimi dəyərləndirib.

15 dekabr 2005-ci ildə İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamenti direktorunun müavini Julian Berenqautun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 2005-ci ildə Azərbaycanda iqtisadi artım sürətinin, makroiqtisadi sabitliyin yüksək səviyyədə olduğunu vurğulayan cənab Julian Berenqaut büdcə siyasətinin, xarici siyasətin uğurla həyata keçirilməsinin və digər amillərin bu proseslərdə böyük rol oynadığını söyləyib. Julian Berenqautun əmin olduğunu bildirib ki, BVF ilə Azərbaycan arasında əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcəkdir. Azərbaycanın Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığından məmnunluğunu ifadə edən, ölkənin iqtisadi sahədə böyük nailiyyətlər qazandığını bildirən İlham Əliyev büdcə artımını, qlobal enerji layihələrinin həyata keçirilməsini və digər uğurların iqtisadi inkişafın əsas göstəriciləri kimi dəyərləndirib.

Hazırda Beynəlxalq Valyuta Fondu Azərbaycanla yeni formatda əməkdaşlıq etməyə başlayıb. Bundan sonra Fond Azərbaycanda ayrıca nümayəndə saxlamayacaq.

BVF-nin Azərbaycanda sonuncu nümayəndəsi Koba Qvenetadzenin səlahiyyət müddəti oktyabrın 9-da 2009-cu il başa çatıb. BVF-nin nümayəndəsinin Azərbaycanda olmamasının əsas səbəbi budur ki, Azərbaycan hökuməti artıq makroiqtisadi sahədə xeyli təcrübə yığıb və Azərbaycan iqtisadiyyatı qlobal maliyyə böhranı dövründə özünü daha yaxşı göstərib.

Ümumi tarixi arayış 8 aprel 2010-cu il tarixdə tərtib olunub.