Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikası yaranmasının 46-cı ildönümü münasibətilə rəsmi qəbulda nitqi - "Gülüstan" Sarayı, 29 sentyabr 1995-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Çin Xalq Respublikasının yaranmasının 46-cı ildönümü, bu bayram münasibətilə mən sizin hamınızı, böyük Çin xalqını ürəkdən təbrik edirəm və Çin xalqına xoşbəxtlik, firavanlıq arzulayıram.

Çin Xalq Respublikası yaranandan indiyə qədər - 46 il ərzində öz ölkəsinin inkişafı üçün çox böyük işlər görmüşdür. Görülən işlər Çin xalqının rifahını yaxşılaşdırıb, ÇXR-in dünya miqyasında mövqelərini möhkəmləndiribdir.

Çin böyük bir ölkədir. Çin xalqı böyük bir xalqdır. Çin xalqının qədim, zəngin tarixi var. Bu xalq dünya mədəniyyətinə, sivilizasiyasına böyük töhfələr veribdir. Çin xalqının bəşəriyyət qarşısındakı xidmətləri daim yüksək qiymətləndirilib. İndi, yeni şəraitdə, - XX əsrin ortalarından, 1949-cu ildən Çin xalqı yeni bir həyat qurmağa başlayıb. Çin Xalq Respublikası və onun rəhbərləri Çin xalqını tutduqları yol ilə aparırlar. Doğrudan da, bu müddətdə Çin Xalq Respublikasında çox ciddi və səmərəli iqtisadi islahatlar həyata keçirilib. Bunlar Çin xalqının tarixinə, ənənəsinə və ölkənin daxili siyasətinə uyğun olan islahatlardır və Çin xalqına böyük faydalar gətiribdir. Biz bunları keçən il ÇXR-də rəsmi səfərdə olarkən öz gözümüzlə gördük və yaxından tanış olmaq imkanı əldə etdik.

Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluq əlaqələri yaranıbdır. ÇXR BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. ÇXR bu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında həmişə ölkələrin, xalqların milli azadlıq və öz dövlət müstəqilliyini əldə etmək səylərinə tərəfdar olubdur. Azərbaycan Respublikası yaranandan ÇXR respublikamızın milli azadlığını, dövlət müstəqilliyini tanıyıb və beynəlxalq təşkilatlarda, xüsusən BMT-də ölkəmizlə sıx əməkdaşlıq edib.

Məlumdur ki, Azərbaycan Respublikası Ermənistan tərəfindən təcavüz altındadır və bu təcavüz nəticəsində ölkəmizin həyatında çox faciəli hadisələr baş veribdir. Bu məsələlər, xüsusən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar məsələlər beynəlxalq təşkilatlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında müzakirə olunub. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə ÇXR-in daimi nümayəndəsi həmişə səs verib, tərəfdar olubdur.

Ölkələrimiz arasında əlaqələr inkişaf etməkdədir. Çin Xalq Respublikasının sədri Szyan Szeminin dəvəti ilə keçən il mən ÇXR-də rəsmi səfərdə olmuşam. Bu səfər zamanı ÇXR-in sədri cənab Szyan Szemin ilə, ÇXR Dövlət Şurasının sədri cənab Li Pen ilə və başqa rəhbər şəxslərlə bizim çox səmərəli görüşlərimiz, danışıqlarımız olmuş və dövlətlərimiz, ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün çox əhəmiyyətli sənədlər imzalanmışdır. Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, müstəqil Azərbaycan Respublikası ilə ÇXR arasında əlaqələrin inkişaf etməsi üçün bu, böyük bir mərhələdir.

Mən və ÇXR-də mənimlə səfərdə olmuş Azərbaycan nümayəndələri bu səfərimizdən çox gözəl təəssüratlarla qayıtmışıq, görüşlərimizdən və danışıqlarımızdan çox razı qalmışıq. Orada bizə böyük qonaqpərvərlik, hörmət və ehtiram göstərilibdir. Bunlar hamısı bir daha sübut edir ki, ölkələrimiz arasındakı əlaqələr yaxşıdır, ancaq daha da inkişaf etmək imkanına malikdir. Ölkələrimiz, xalqlarımız arasında olan əlaqələrin inkişaf etməsinə biz öz tərəfimizdən çalışacağıq və səylər göstərəcəyik. Mütəxəssislərimiz ÇXR-də gedən islahatları və onların xarakterini öyrənirlər. ÇXR-də həyata keçirilən işlər bizim üçün şübhəsiz ki, maraqlıdır və iqtisadçılarımız, xüsusən sənaye sahəsində, bazar iqtisadiyyatı yolunda fəaliyyət göstərən orqanlarımız bundan istifadə etməli, bəhrələnməlidirlər.

Bu bayram günündə mən bir daha bəyan edirəm ki, Azərbaycan Respublikası ilə ÇXR arasında olan dostluq və əməkdaşlıq bundan sonra daha sürətlə inkişaf edəcək, bu yolla getmək üçün biz öz tərəfimizdən səylər göstərəcəyik.

ÇXR-in 46-cı ildönümü münasibətilə, bayram münasibətilə mən sizi bir daha təbrik edirəm. Buradan Pekinə, Çinə Azərbaycan xalqının salamını və xoş arzularını çatdırmağı rica edirəm.

Çin Xalq Respublikasının, Çin xalqının şərəfinə, Çin xalqının gələcək xoşbəxtliyi şərəfinə badə qaldırıram.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış