Leonid Kuçma (1938), Ukraynanin sabiq Prezidenti (1994-2005)


Mənim dostuma, çox hörmətli Heydər Əliyeviçə, bu gün Ukraynanın ali dövlət mükafatını – «Knyaz Yaroslav Mudrı» ordenini təqdim etmək mənə xüsusilə xoşdur. Ordendə belə bir yazı var: “Müdriklik, şərəf, şöhrət”. Çox hörmətli Heydər Əliyeviç, bu sözləri tam mənası ilə Sizə də aid etmək olar.

Dövlət başçısı kimi Siz ölkənizin inkişafının siyasi və iqtisadi məsələlərinin, beynəlxalq problemlərin həllində müdriklik göstərirsiniz. Siz Cənubi Qafqaz regionunda, Avropa qitəsində və dünyada layiqli yer tutan Azərbaycanın söhrətini öz fəaliyyətinizlə artırmısınız. Ukrayna-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə Sizin verdiyiniz böyük töhfəni xüsusi vurğulamaq istərdim.

Yaroslav Mudrının obrazının Ukraynanın ali mükafatında təcəssümünü tapmasının çox böyük rəmzi mənası var. Ukraynanın əcdadı sayılan Kiyev Rus Dövlətinin bu görkəmli xadimi universal xarakter daşıyan prinsipləri, - ən mürəkkəb problemləri zor işlətmədən həll etməyi bacarmaq, qarşıya qoyulmuş məqsədlərə diplomatik yolla nail olmaq, cəmiyyətin mənafelərinə tamamilə tabe olmaq və bu mənafelərlə yaşamaq prinsiplərini təbliğ etmişdir.

Yaroslav Mudrının həyat amalının həyata keçirilməsi bu gün də aktualdır. Xarici dövlətlərin tam bir sıra liderləri, o cümlədən İspaniya, Finlandiya, Argentina, Braziliya, Çin liderləri «Knyaz Yaroslav Mudrı» ordeninə layiq görülmüşlər. Mən şadam ki, Azərbaycan Respublikasının Prezidenti də bunların sırasına mənsub olacaqdır. Bu, bizim ölkəmizin Azərbaycanın Prezidentinə və dost xalqına bəslədiyi hörmətin və səmimi rəğbətin daha bir sübutudur.

(1997-ci il martın 24-də, Kiyevə rəsmi dövlət səfəri zamanı Prezident Heydər Əliyevə Yaroslav Mudrı ordeninin təqdim edilməsi mərasimindəki nitqindən)

***

Hörmətli Heydər Əliyevlə ünsiyyət məni həm də bir çox cəhətdən zənginləşdirir. Çünki onun həyat yolu, olduqca böyük siyasi və dövlət fəaliyyəti təcrübəsi mənə də çox şey verir. Bəzən bu və ya digər problemi, necə deyərlər, sıyrılmış qılıncla həll etmək istəyirsən, müdrik bir insan olan Heydər Əliyev isə tələsməməyi məsləhət görür. Hərçənd dəqiq, sərt mövqe ona həmişə xas olan xüsusiyyətdir.

...Heydər Əliyev məhz bu mürəkkəb keçid dövrü ərzində bütün məsələlərdə ardıcıllıq nümayiş etdirmiş bir insandır. Buna görə də ona MDB liderləri hörmət bəsləyir, ondan nümunə götürürlər.

Ona heç də təkcə MDB liderləri hörmət etmirlər. Heydər Əliyev bütün dünyada məşhurdur.

...Heydər Əliyevin tarixdə rolunu və yerini birinci yerə çıxarmaq istəyirəm.

***

...Mənim dərin əqidəmə görə, görkəmli dövlət xadimi, siyasi xadim və bütün varlığı ilə Azərbaycan xalqına bağlı insan kimi Sizin fədakarcasına fəaliyyətiniz olmadan dövlətinizin dirçəlişi, demokratik cəmiyyətin təşəkkül tapması və əsaslı iqtisadi dəyişikliklər prosesi mümkün deyildir.

Ölkənizdə seçkilərin nəticələri parlaq şəkildə təsdiq etmişdir ki, Azərbaycan xalqı Sizin müdrikliyinizə inanır və Sizin simanızda Azərbaycanı firavanlığa və əmin-amanlığa inamla aparan bir rəhbər görür. Məhz Sizin səyləriniz sayəsində dünya birliyi ölkənizə dərin hörmətlə yanaşır və haqlı olaraq, onu regionda sülhün və sabitliyin dayağı sayır.

Ürəkdən şadam ki, Sizin simanızda Ukrayna özünə yaxın və etibarlı dost tapmışdır”.

(oktyabr 1998-ci il)

***

Belə bir hal heyranlıq doğurur ki, hətta ən çətin sınaqlar zamanı da Siz xalqın birliyini qoruyub saxlaya bildiniz. Bunsuz hər hansı dövlətin varlığı ağlasığmazdır. Cənab Heydər Əliyev, Sizə həqiqətən qibtə edirəm. Bunu doğrudan da çox ciddi deyirəm. Çünki burada qısamüddətli dövlət səfərində olarkən başa düşdüm ki, Heydər Əliyev Azərbaycan xalqının hamı tərəfindən qəbul edilən lideridir.

http://files.preslib.az/projects/toplu/v2/f7_1.pdf

***

Azərbaycanın əvəzsiz lideri Heydər Əliyev mənim və Ukrayna xalqının yaxın dostu idi. Bizim dostluq münasibətlərimiz onun sayəsində inkişaf edib möhkəmlənmişdir. Heydər Əliyev dahi insan, müdrik şəxsiyyət idi. Əminəm ki, Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü hələ bundan sonra daha dərindən dərk edəcəkdir.

(dekabr 2003-cü il)

“Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.90-93