Türkiyədə yüksək mükafatların təqdim edilməsi mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Ankara, "Ankara palats" oteli, 27 iyun 2002-ci il


-Hörmətli professor, əziz dostum İhsan Doğramacı!

İhsan Doğramacı fondunun mənə təqdim etdiyiniz bu qızıl medalına, mükafatına görə sizə təşəkkür edirəm. Siz bunu mənim sülh yaratmaq sahəsində fəaliyyətimə yüksək qiymət olaraq verdiniz. Həqiqətən, mən sülh adamıyam. Mən istəyirəm ki, insanlar arasında sülh olsun, xalqlar, millətlər arasında sülh olsun, dövlətlər arasında daim sülh olsun, barış olsun. Siz barış deyirsiniz. Böyük öndər Mustafa Kamal Atatürkün çox müdrik sözləri - "Yurdda sülh, cahanda sülh" sözləri bizim hamımız üçün bir örnəkdir. Amma onu da deyim ki, böyük Mustafa Kamal Atatürk "sülh" demişdir, "barış" deməmişdir. Əgər siz, həqiqətən, Türkiyə Cümhuriyyətinin banisi, bütün türk dünyasının öndəri unudulmaz Mustafa Kamal Atatürkün dili ilə danışmaq istəyirsinizsə, onda çalışın sülh sözündən istifadə edin.

Sülh hamıya lazımdır. Ancaq Azərbaycan xalqına xüsusilə lazımdır. Çünki Azərbaycanın Dağlıq Qarabağ hissəsinə iddia edən qonşu Ermənistan 1988-ci ildən Azərbaycana hücum, təcavüz edibdir. Öncə bu, Azərbaycan ilə Ermənistan arasında müəyyən bir münaqişənin yaranması kimi meydana çıxıbdır. O vaxtlar hələ Azərbaycan da, Ermənistan da Sovetlər Birliyinin daxilində idi, müstəqil, bağımsız deyildilər. Amma sonra Sovetlər Birliyi dağıldı, Azərbaycan da, Ermənistan da öz dövlət müstəqilliyini əldə etdi. Ancaq münaqişə dayanmadı. Çünki ermənilər müxtəlif ölkələrin yardımından istifadə edərək, - siz də, biz də, hamımız, ermənilərin kim olduğunu, nə olduğunu və dünyanın hansı qüvvələrindən faydalandıqlarını yaxşı bilirik, - Azərbaycan torpaqlarının bir qismini işğal etdilər. Böyük müharibə getdi, qan töküldü, şəhidlər verdik.

Bilirsiniz ki, 1993-cü ildə Azərbaycanda gərgin bir daxili vəziyyət yarandı, sabitlik tamam pozuldu və vətəndaş müharibəsi başlandı. Azərbaycan dağılmaq təhlükəsi qarşısında idi. O vaxt xalq məni Azərbaycana prezident seçdi. Ondan sonra mən də Ermənistanla müharibəni davam etdirdim. Ancaq müharibəni davam etdirərək, mən eyni zamanda düşünürdüm ki, müharibənin sonu belə olacaqdır - biz torpaqlarımızı geri almağa çalışıb irəliləyəcəyik, ermənilər başqa yerlərdən qüvvə toplayıb, yenidən gəlib bizi sıxışdıracaqlar. Ona görə də sülhün yaranması o vaxtlar ən zəruri bir qərar kimi meydana çıxdı.

1994-cü ilin may ayında iki tərəf Ermənistanla Azərbaycan arasında sülh yox, - bizim aramızda sülh yoxdur, - sadəcə, atəşi dayandırmaq, atəşkəs elan etmək haqqında qərar qəbul etdik. Atəşkəsi elan etdik. O vaxtdan indiyə qədər, 8 ildir ki, biz atəşkəs rejimində yaşayırıq. Burada müsbət hal ondan ibarətdir ki, Ermənistan qoşunları ilə Azərbaycan qoşunları arasına hansısa bir ölkənin sülhü mühafizə qoşunlarını gətirmədik. Biz ermənilərlə ilk dəfə eyni fikirdə olduq ki, özümüz burada atəşkəs rejimini təmin edək. 8 ildir bu atəşkəs rejimini təmin edirik. Müharibə yoxdur, qan tökülmür, şəhidlər vermirik. Məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq. Biz sülh istəyirik, ancaq işğal olunmuş torpaqlarımızın azad edilməsi şərti ilə. Ərazi bütövlüyümüzün, sərhədlərimizin bərpa olunması şərti ilə. Ermənilər tərəfindən işğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxardılıb və 9-10 ildir ki, çadırlarda yaşayırlar. Onların öz yerlərinə-yurdlarına qaytarılması şərti ilə. Bu şərtlərlə biz Ermənistanla sülh sazişi bağlamağa hazırıq və danışıqlar aparırıq.

Danışıqlar çətin keçir. Bunda bizə ATƏT, onun yaratdığı Minsk qrupu yardım edir. Minsk qrupunun həmsədrləri var - Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa. Türkiyə də Minsk qrupunun tərkibindədir. Biz Türkiyənin yardımını, təbiidir ki, daim hiss edirik və bu məsələnin həll olunmasında Türkiyə ilə məsləhətləşirik. Dünən də mən Türkiyə Cümhuriyyətinin hörmətli prezidenti, əziz dostum Əhməd Necdət Sezər ilə görüşdüm və iki saat danışdım. Onda da məhz məsələnin sülh yolu ilə həlli barədə məsləhətləşmələr apardıq.

Ona görə mən mükafatı bu mənada qəbul edirəm ki, atəşkəs yaratdıq, atəşi dayandırdıq, top atılmır, tüfəng atılmır, bomba partlamır, insanlar şəhid olmur. Ancaq məqsədimizə də nail olmamışıq. Mən bu gözəl mükafatı qəbul edərək, arzumu-istəyimi bildirirəm və sizi əmim edirəm ki, əsas məqsədimiz, mənim əsas məqsədim Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək və bölgədə Ermənistanla Azərbaycan arasında sülhü yaratmaqdır.

"Azərbaycan" qəzeti, 28 iyun 2002-ci il.