Azərbaycan Prezidentinin şərəfinə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi adından təşkil edilmiş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Vaşinqton, "Villard otel", 29 iyul 1997-ci il


Hörmətli cənab Talbott!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı salamlayıram və Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərinə gələndən az sonra sizinlə burada, bu salonda görüşməyimdən çox məmnun olduğumu bildirirəm.

Mən üçüncü gündür ki, Amerika Birləşmiş Ştatlarındayam və bir neçə saat bundan öncə Vaşinqtona gəlmişəm. Amerika Birləşmiş Ştatlarına bu gəlişim prezident cənab Bill Klintonun dəvəti ilə rəsmi səfərdir. Bu, müstəqil Azərbaycan Respublikası prezidentinin Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəridir. Bu səfərə görə, məni Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə dəvət etdiyinə görə ABŞ prezidenti cənab Bill Klintona təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Mənim təmsil etdiyim Azərbaycan Respublikası, Azərbaycan xalqı bu səfərə böyük ümidlər bəsləyir.

Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir və o zamandan indiyə qədər ABŞ-la Azərbaycan arasındakı əlaqələr daim inkişaf edir və genişlənir. Biz artıq bir neçə sahədə əməkdaşlıq edirik. Xüsusən Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətləri ilə Azərbaycan arasında yaranmış əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir.

Mən Vaşinqtondakı bütün görüşləri səbirsizliklə gözləyirəm və ümidvaram ki, bu görüşlər səmərəli keçəcək, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün çox əhəmiyyətli olacaqdır. Prezident cənab Bill Klinton ilə görüşümə xüsusi əhəmiyyət verirəm, çünki mənim buraya səfərim də cənab Klintonun dəvəti ilə olubdur. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim bu görüşümüz dostluq, səmimilik şəraitində keçəcək, məhsuldar, səmərəli olacaqdır.

Mən Amerika Birləşmiş Ştatlarının Konqresi, Senatı ilə görüşümü də çox əhəmiyyətli hesab edirəm və bu görüşlərdə də Azərbaycan-Amerika əlaqələrinin inkişaf etməsi üçün səylərimi göstərəcəyəm.

Prezident cənab Bill Klinton ilə mənim indiyə qədər bir neçə görüşlərim olub, onlar dostluq, mehribanlıq şəraitində keçibdir. Bizim aramızda yaxşı əlaqələr yaranıbdır, telefon danışıqları, məktublaşma və başqa vasitələr bizim əlaqələrimizi inkişaf etdiribdir.

Ancaq Amerika Birləşmiş Ştatlarının Konqresi ilə mənim görüşlərim yalnız Azərbaycana ziyarətə gələn ayrı-ayrı konqresmenlərlə olubdur. Ona görə də mən Konqresdə geniş görüşlər keçirmək niyyətindəyəm və ümidvaram ki, belə görüşlər üçün imkan yaranacaqdır.

İqtisadiyyat sahəsində əlaqələrimizin inkişaf etməsi və genişlənməsi üçün böyük imkanlar vardır. Azərbaycan Respublikasının neft və qaz yataqlarının Amerika şirkətləri ilə müştərək işlənməsi ilə bərabər, Azərbaycanın iqtisadiyyatının başqa sahələrində də Amerika Birləşmiş Ştatlarının Azərbaycanla əməkdaşlıq etməsi üçün böyük imkanlar var. Bu məsələlərin müzakirə olunması və müəyyən müqavilələrin imzalanması da mənim səfərimin gündəliyindədir.

Biz prezident cənab Bill Klinton ilə çox məsələləri müzakirə edəcəyik. Ancaq bizim üçün ən vacib məsələ Ermənistan-Azərbaycan münaqişəsinə, Dağlıq Qarabağ münaqişəsinə, son qoymaq, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsinə nail olmaq və Azərbaycanla Ermənistan arasında uzunmüddətli, etibarlı sülh yaratmaqdan ibarətdir. Bilirsiniz ki, Ermənistanın Azərbaycana qarşı etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, işğal edilmiş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı zorla yerindən-yurdundan çıxarılıbdır, onların əksəriyyəti çadırlarda ağır vəziyyətdə yaşayır.

Azərbaycana vurulmuş bu zərərlərə, zərbələrə baxmayaraq, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Buna görə də üç il öncə Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs haqqında saziş əldə etmişik. Üç ildir ki, atəş yoxdur və biz atəşkəs rejimini qoruyub saxlayırıq. Ancaq biz böyük sülhə nail olmaq istəyirik. Ona görə də ATƏT-in Minsk qrupunun indiyə qədər gördüyü işləri yüksək qiymətləndiririk. Keçən ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün qəbul edilmiş prinsipləri biz qəbul edirik.

Bu prinsiplər üç maddədən ibarətdir: Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyünün tanınması, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarə hüququ verilməsi və üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması. Biz kompromis addımlar ataraq bu prinsipləri qəbul etmişik və həmin prinsiplər əsasında münaqişənin həll olunmasını mümkün bilirik.

Biz böyük məmnuniyyətlə qəbul etmişik ki, artıq Minsk konfransının, Minsk qrupunun üç həmsədri var - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa. Bu üç ölkənin belə bir vəzifəni öz üzərinə götürməsi, cənab Talbottun burada dediyi kimi, 1997-ci ildə bu münaqişənin, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün yaxşı zəmin yaradır. Üç prezidentin - cənab Bill Klintonun, cənab Boris Yeltsinin, cənab Jak Şirakın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün iyunun 20-də Denver şəhərində verdikləri birgə bəyanat bizi sevindirir və bizdə böyük ümidlər yaradır.

Biz çox məmnunuq ki, Minsk qrupunun həmsədrləri, onların nümayəndələri artıq əməli fəaliyyətə başlamışlar və bu baxımdan, Amerika Birləşmiş Ştatları tərəfindən Minsk qrupuna həmsədrlik edən cənab Talbottun fəaliyyətini mən xüsusi qiymətləndirirəm. Hörmətli cənab Talbott, Bakıda görüşdüyümüz zaman sizə dediyim sözləri bu gün də təkrar etmək istəyirəm: Azərbaycan sülh istəyir, Azərbaycan öz ölkəsində, öz bölgəsində, regionunda sülh istəyir, bütün dünyada sülh istəyir. Azərbaycan Ermənistanla münaqişəyə son qoyulmasını, Ermənistanla uzunmüddətli, etibarlı sülh yaranmasını istəyir.

Minsk qrupunun sonuncu dəfə təqdim etdiyi təklifləri biz danışıqları intensivləşdirmək üçün bir əsas olaraq qəbul etmişik. Hesab edirəm ki, bu təkliflərin üzərində işləyib danışıqlar prosesini intensivləşdirsək, həqiqətən 1997-ci ildə münaqişənin sülh yolu ilə həll edilməsi üçün ciddi bir addım atmış olarıq.

Mən bu arzularla, bu niyyətlərlə buraya gəlmişəm. Bu arzularla, bu niyyətlərlə səbirsizliklə prezident cənab Bill Klinton ilə görüşmək istəyirəm. Bir daha ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim görüşlərimiz səmərəli olacaq və bu görüşlər nəticəsində Amerika-Azərbaycan əlaqələri daha da yüksək səviyyəyə qalxacaqdır. Bu görüşə gəldiyinizə görə hamınıza təşəkkür edir, sizə cansağlığı, səadət arzulayıram. Amerika Birləşmiş Ştatlarının xalqına, vətəndaşlarına, dövlətinə sülh, əmin-amanlıq, tərəqqi və səadət arzulayıram. Sağ olun, təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 1 avqust 1997-ci il