Azərbaycan Respublikasının Prezidenti Heydər ƏliyevinAzərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması mərasimində mətbuat üçün bəyanatı - 9 oktyabr 1995-ci il


Pakistanın prezidenti bu gün Azərbaycana rəsmi səfərə gəlmişdir. Bu, Pakistan dövlət başçısının Azərbaycana ilk səfəridir. Cənab president Azərbaycana gələn dəqiqələrdən indiyədək biz çox səmərəli çalışmışıq. Bunların və əvvəlcədən görülmüş işlərin nəticəsində Azərbaycan ilə Pakistan arasında əlaqələri inkişaf etdirmək üçün çox mühüm sənədlər imzalanmışdır. Pakistan ilə Azərbaycan arasında diplomatik əlaqələr respublikamız öz müstəqilliyini əldə etdikdən sonra yaranmışdır. Təxminən üç ildən artıq bir vaxtda Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələri müntəzəm mövcuddur və ardıcıl surətdə inkişaf etmişdir. Hər iki tərəfdən - Pakistan və Azərbaycan tərəfindən bu əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylər göstərilmiş, bunlar öz nəticəsini vermişdir. Əldə olunan əsas nailiyyət bundan ibarətdir ki, iki ölkə arasında - Pakistan ilə Azərbaycan arasında dostluq əlaqələri artıq çox möhkəm təməl əsasında qurulmuşdur və bu əlaqələrin inkişaf etməsi üçün yaxşı şərait yaranmışdır.

Pakistanın hörmətli prezidenti ilə mənim bugünkü söhbətlərim, danışıqlarım və iki ölkənin nümayəndə heyətləri arasında aparılan danışıqlar əlaqələrimizin inkişaf etdirilməsi üçün çox böyük imkanlar olduğunu bir daha aşkar etdi. Bugünkü danışıqların əsas nəticəsi ondan ibarətdir ki, həm Pakistan prezidenti, həm də mən bəyan etdik ki, Azərbaycan ilə Pakistan arasındakı əlaqələr dostluq xarakteri daşıyır və bu əlaqələr bundan sonra daha da möhkəm olacaqdır. İqtisadi, ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar var və bu məqsədlə lazımi tədbirlər görüləcəkdir. Bu gün imzaladığımız sənədlər bu əlaqələr üçün yaxşı qanuni əsaslar yaradır. Həmin sənədlər əsasında əməli iş görmək üçün hər iki president lazımi göstərişlər veribdir.

Beynəlxalq aləmdə, təşkilatlarda Pakistan ilə Azərbaycan arasındakı əməkdaşlıq həmişə hər iki ölkənin mənafeyinə uyğun olub, eyni zamanda beynəlxalq aləmdə hər iki ölkənin mövqeyinin müdafiə olunmasına, qorunmasına yönəldilibdir. Bu gün bəyan etdik və mən bunu bir daha ictimaiyyətə çatdırıram ki, biz beynəlxalq aləmdə, təşkilatlarda gələcəkdə də bu mövqelərdən çıxış edəcək və sıx əməkdaşlıq edəcəyik. Mən Pakistan prezidentinin Azərbaycana səfərindən məmnun olduğumu bir daha bildirmək istəyirəm. Bu gün imzaladığımız sənədlərin Pakistan ilə Azərbaycan arasında dövlətlərarası ilk sənədlər olduğunu bir daha qeyd etmək istəyirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu sənədlər əməli surətdə həyata keçiriləcəkdir və gələcəkdə dövlətlərimiz, hökumətlərimiz arasında yeni-yeni sənədlər imzalamağa nail olacağıq.

Bu gün cənab prezident ilə mənim və nümayəndə heyətlərimizin arasındakı danışıqlarda mətbuat nümayəndələri ıştirak ediblər. Onlar danışıqlarımızın məzmunundan halidirlər və buna görə də mən vaxt alıb bu barədə geniş məlumat verməyə ehtiyac duymuram. Diqqətinizə görə təşəkkür edirəm.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış