"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən" (3 noyabr 2000-ci il) sənədinə tarixi arayış


Azərbaycan Respublikası 1992-ci ildən üzvü olduğu ATƏT-lə həm Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində, həm də demokratiyanın inkişafı və insan hüquqlarının qorunması sahəsində əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq xüsusilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə aparılır.

ATƏT - in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Varşavada yerləşir. Qurum ATƏT regionunda seçkilərin müşahidəsi, demokratik inkişaf, insan hüquqları, dözümlülük, ayrı-seçkiliyə qarşı mübarizə, qanunun aliliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir.

DTİHB-nin Azərbaycanla əməkdaşlığı 1998-ci ildən başlayıb. Həmin vaxt keçirilən prezident seçkilərindən başlayaraq büro, Azərbaycanla seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender məsələsi sahələrində birgə layihələr həyata keçirir. DTİHB Azərbaycanda keçirilən bütün seçkilərin fəal müşahidəsini aparıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci il noyabrın 3-də DTİHB-nin direktoru Jerar Ştudmanla görüşündə iki gün sonra - noyabrın 5-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı söhbət aparılıb. Heydər Əliyev seçkilərin açıq, şəffaf və ədalətli keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirildiyini və seçkilərin nəticələri barəsində məlumatların verilməsi məqsədilə kompüterləşdirilmiş mərkəzin yaradıldığı haqqında məlumat verib.

Jerar Ştudman Azərbaycanla əməkdaşlığı davam etdirmək və demokratikləşmə sahəsində yardım etmək niyyətində olduqlarını bildirib. O, eyni zamanda demokratiyanın uzun sürən proses olduğunu da söyləyib.

Heydər Əliyev görüşdə Azərbaycanın ATƏT-lə demokratiyanın inkişafı sahəsində əməkdaşlıq istəyində olduğunu təsdiq edib: "Sizinlə artıq bir neçə ildir ki, əməkdaşlıq edirik və bundan sonra da əməkdaşlıq etmək istəyirik". 

2003-cü ilin aprelində DTİHB-nin yeni direktoru Kristian Ştrohal Bakıya gəlib. ATƏT rəsmisinin bu səfəri tanışlıq xarakteri daşıyıb. O, Azərbaycandakı ümumi vəziyyəti öyrənmək, Qarabağ münaqişəsinin doğurduğu mənzərəni görmək, həmçinin həmin ilin oktyabrında keçirilən prezident seçkilərinə hazırlıqla tanış olmaq niyyətində olub.

Kristian Ştrohal Biləsuvar rayonundakı çadır şəhərciklərinə baş çəkərək Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrini öz gözləri ilə görüb. Biləsuvar rayonunda məskunlaşmış məcburi köçkünlər ATƏT rəsmisinə Ermənistanın təcavüzü, silah gücünə doğma yurd-yuvalarından didərgin salınmaları barədə ətraflı məlumatlar veriblər. Sonra Ştrohal məcburi köçkünlərin yaşadıqları çadırlara baş çəkib, onların problemi ilə maraqlanıb. O, məcburi köçkünlərin, xüsusən də məktəblilərin haqq səsinin dünyaya çatdırılması, münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini artıracağını bildirib. (http://www.bizimasr.media-az.com/)

4 fevral 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Kristian Ştrohalın rəhbərlik etdiyi nümayəndə heyətini növbəti dəfə qəbul edib. Nümayəndə heyətinin bir sıra görüşlər və müzakirələr keçirdiyini qeyd edən Azərbaycan dövlətinin başçısı, bütün bunların ölkəmizdə bu gün gedən inkişaf prosesləri barədə nümayəndə heyəti üzvlərinin daha geniş məlumat əldə etmələri üçün yaxşı imkan yaradacağına əmin olduğunu bildirib.

Prezident İlham Əliyevlə görüşündən məmnunluq hissi duyduğunu bildirən cənab Ştrohal cəmiyyətin demokratikləşməsi, qanunun aliliyinin təmin olunması və digər sahələrlə bağlı ölkəmizdə islahatların həyata keçirilməsində rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib. O, prezident administrasiyası və hökumət nümayəndələri ilə təmasların güclü əməkdaşlıq və dostluq şəraitində həyata keçirildiyini xüsusi vurğulayıb.

22 dekabr 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev növbəti səfərlə Azərbaycana gələn ATƏT-in DTİHB-nin direktoru Kristian Ştrohalı qəbul edib. İlham Əliyev ATƏT-lə əməkdaşlığı bundan sonra da inkişaf etdirməyə və bu sahədə təşkilatı dəstəkləməyə hazır olduqlarını bildirib. Kristian Ştrohal ATƏT-in regiondakı fəaliyyətinə Azərbaycan tərəfindən göstərilən güclü dəstəyi yüksək qiymətləndirib.

16 oktyabr 2008-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yeni rəhbəri Yanez Lenarçiç Azərbaycanda keçirilmiş Prezident seçkiləri ilə bağlı Azərbaycanda olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yanez Lenarçiçi qəbul edib. Yanez Lenarçiç dövlət başçısını seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik etməkdən məmnunluğunu bildirib. O, prezident seçkilərinin mühüm bir hadisə olduğunu və bu seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərliyi ilə ATƏT-in üzvü olan 40-dan artıq ölkənin 400-dək nümayəndəsinin müşahidə etməsinin önəmini vurğulayıb. Təbrikə görə minnətdarlığını bildirən dövlət başçısı prezident seçkilərinə mümkün qədər daha çox müşahidəçinin cəlb edildiyini və onlara ən yaxşı şəraitin yaradıldığını qeyd edib. Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri Yanez Lenarçiçin başçılıq etdiyi nümayəndə heyətinin bu səfərinin qarşılıqlı əlaqələrin genişləndirilməsi və seçkilərin qiymətləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. (http://www.president.az/) 

Tarixi arayış 17 oktyabr 2008-ci ildə yeniləşdirilib.