Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin böyük Qazax şairi Abay Kunanbayevin 150 illik yubileyində iştirak edən dövlət başçılarının və nümayəndə heyətləri rəhbərlərinin şərəfinə rəsmi qəbulda nitqi - Almatı, 9 avqust 1995-ci il


Əziz dostlar!

Qazaxıstanın hər yerindən, dünyanın bir çox ölkəsindən biz hamımız, o cümlədən prezidentlər, hökumət başçıları, müxtəlif nümayəndə heyətlərinin rəhbərləri buraya qazax xalqının görkəmli oğlu Abay Kunanbayevin 150 illiyini qeyd etmək üçün toplaşmışıq. Bu, çox böyük əhəmiyyəti olan hadisədir. Biz buraya Abay yaradıcılığına, Abay şəxsiyyətinə, Abay irsinə rəğbət hisslərimizi, Abayın varislərinə, Qazaxıstan xalqına, qazax xalqına səmimi və dostluq hisslərimizi bildirmək üçün gəlmişik. Bugünkü şənliklər Abayın vəsiyyətlərinin, onun arzularının, yazdıqlarının, öz xalqına tövsiyələrinin, xalqın ondan öyrəndiyi idealların necə uğurla həyata keçirilməkdə olduğunu parlaq şəkildə nümayiş etdirir. Bu, böyük səadətdir.

Mən bu gün, saraydakı çıxışımda dedim ki, 25 il bundan əvvəl ilk dəfə Qazaxıstanda olmuş və Azərbaycan xalqı adından Qazaxıstan xalqını təbrik etmişdim. Əsrin dörddə biri qədər vaxt keçmişdir. Qazaxıstan xalqı tərəqqi etmiş, qol-qanad açmış, özünün bütün ərazisinin, bütün çöllərinin, bütün torpaqlarının sahibi olmuşdur. İndi Qazaxıstan müstəqil dövlətdir. Qazax xalqı öz taleyinin sahibidir və öz məsələlərini istədiyi kimi həll edir. Böyük Abay bunu arzulayırdı. Böyük Abay öz xalqına bunu diləyirdi. Bu arzu, dilək həyata keçmişdir. Bu şənliklər də Abayın vəsiyyətlərinin təntənəsi, sonrakı nəsillərin inkişaf etdirdikləri, artırdıqları və bu gün belə geniş miqyasda intişar tapan fikirlərin təntənəsidir.

Qazaxıstan dünyanın böyük dövlətlərindəndir, dünya birliyində layiqli yer tutur və qazax xalqı, Qazaxıstanın müstəqil dövləti milli dövlət quruculuğu, xalqın taleyi, bu günü və gələcəyi ilə bağlı məsələləri uğurla həll edir. Bu isə Abayın ideyalarının həyata keçməsinin parlaq təcəssümüdür. Bu bayram Abay ideyalarının təntənəsi bayramı, milli bayram, qazax xalqının millilik bayramı, onun milli müstəqilliyinin, milli azadlığının bayramıdır. Bu bayram münasibətilə sizi bir daha təbrik edir, bir daha salamlayıram.

Bu gün qazax xalqına layiqli rəhbər, Qazaxıstanın rəhbəri, bizim əziz dostumuz Nursultan Nazarbayev başçılıq edir! Abay arzu edirdi ki, onun ardıcılları - həm mütəfəkkirlər, həm ideoloqlar, həm yazıçılar, həm bəstəkarlar, həm müğənnilər, həm də dövlət xadimləri olsun. İndi Qazaxıstan bütün bu imkanlara malikdir. Lakin ən başlıcası budur ki, ərazisinə, iqtisadiyyatına, bəzi başqa cəhətlərinə görə mürəkkəb olan bu ölkəyə bir çox illər ərzində uğurla rəhbərlik edən bir dövlət xadimi var.

İndi təkcə Qazaxıstan deyil, keçmiş Sovet İttifaqının bütün başqa respublikaları da keçid dövrünü yaşayırlar. Şübhə yoxdur ki, qazax xalqı qarşıdakı referendumda öz konstitusiyasını qəbul edəcəkdir. Əlbəttə, biz Qazaxıstanın daxili işlərinə qarışmırıq, lakin dost kimi arzu edirik ki, konstitusiya qəbul olunsun, xalq məhz getmək istədiyi yolu seçsin, özünün layiqli rəhbəri Nursultan Nazarbayev başda olmaqla istədiyi yolla getsin. Bu, zamanın tələbi, bütün xalqlar, o cümlədən də qazax xalqı üçün yaranmış imkandır. Heç şübhə yoxdur ki, qazax xalqı bütün bu imkanlardan istifadə edəcəkdir.

Qazaxıstanın şərəfinə, qazax xalqının şərəfinə, Qazaxıstanda yaşayan bütün xalqların şərəfinə, müstəqil Qazaxıstan Respublikasının şərəfinə, böyük Abayın varislərinin şərəfinə, Qazaxıstanın rəhbərinin, Qazaxıstanın ilk prezidentinin və layiqli prezidentinin, bizim dostumuz, möhtərəm Nursultan Nazarbayevin şərəfinə badə qaldırmağı təklif edirəm.

"Azərbaycan" qəzeti, 11 avqust 1995-ci il.