Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qazaxısan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə təbriki - Bakı şəhəri, 11 yanvar 1999-cu il


Hörmətli Nursultan Abişeviç, Sizi Qazaxıstan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz sübut edir ki, Qazaxıstanı dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik bazar islahatlarının həyata keçirilməsi, uzaqgörən, prinsipial xarici siyasət yeridilməsi sahəsində səmərəli fəaliyyətiniz Qazaxıstan vətəndaşları tərəfindən yüksək qiymətləndirilir.

Sizin müdrik rəhbərliyiniz ilə Qazaxıstanın bu yolda əldə etdiyi nailiyyətlər bizi sevindirir.

Mən xalqlarımız arasında çoxəsrlik kökləri olan dostluq əlaqələrini, bizim, hörmətli Nursultan Abişeviç, şəxsi səmimi münasibətlərimizi yüksək qiymətləndirirəm.

Əminəm ki, Qazaxıstan ilə Azərbaycan arasındakı dostluq əlaqələri xalqlarımızın rifahı naminə möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, yeni-yeni böyük uğurlar, qardaş qazax xalqına sülh və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 12 yanvar 1999-cu il.