Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin senator Robert Börd ilə görüşdə söhbətindən - Vaşinqton, Kapitoli, 30 iyul 1997-ci il


Hörmətli cənab Börd!

ABŞ-a rəsmi səfərim zamanı Amerikanın bir sıra dövlət adamları, o cümlədən, konqresmenləri və senatorları ilə görüşlər keçirməyim və açıq söhbətlər aparmağım əminəm ki, uğurla keçən səfərimin maraqlı səhifələrini təşkil edəcəkdir. Bu baxımdan çox şadam ki, sizinlə keçirdiyim çox maraqlı görüş də istisna təşkil etmədi. Sizin Azərbaycan prezidentinin ABŞ-a rəsmi səfərinin Amerika-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacağına əmin olduğunuz barədə söylədikləriniz, Senatın işi barədə verdiyiniz məlumat da çox qiymətli oldu. Ölkəmizdə gedən demokratik proseslərdən, aparılan iqtisadi islahatlardan, respublikamızın qarşılaşdığı problemlərdən obyektiv bəhs etməyiniz bu sahədə ətraflı məlumata malik olduğunuzu təsdiq etdi. Azərbaycanın sülhsevər siyasət yeritdiyi barədə söylədiyiniz fikirləri, ölkəmizin Avropada adi silahlar haqqında müqaviləyə qoşulmasını müsbət qiymətləndirməyinizi, eyni zamanda, Rusiyanın Ermənistana qanunsuz olaraq külli miqdarda silah verməsi ilə əlaqədar prezident Bill Klintona müraciət edərək bu məsələnin araşdırılıb Senata məlumat verilməsini xahiş etdiyinizi eşitmək mənim üçün xoşdur.

Cənab Börd! Azərbaycana böyük maraq göstərdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Bu fakt Amerikada respublikamıza münasibətin müsbət istiqamətdə dəyişdiyinə dəlalət edən, onu səciyyələndirən qiymətli göstəricidir. Sizi əmin edirəm ki, Azərbaycanda da ABŞ-a obyektiv münasibətin formalaşdırılması və layiqincə qiymətləndirilməsi üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülür.

Azərbaycanda baş verməkdə olan bütün müsbət dəyişiklikləri müşahidə etmək, görmək, dost Azərbaycan xalqı ilə görüşmək üçün Sizi Azərbaycana səfər etməyə dəvət edirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 2003, 11-ci cild, səh.166-167