Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının tanınmiş dövlət xadimi, səfir Riçard Armitac ilə görüşdə söhbəti - Vaşinqton, 15 fevral 2000-ci il


Riçard Armitac: Hörmətli cənab prezident! Sizi Vaşinqtonda salamlamaqdan şərəf duyduğumu bildirirəm.

Bilirsiniz ki, indi Amerikada prezident seçkiləri kampaniyası fəal surətdə gedir. Bu da bizim fəal olmağımıza kömək edir.

Cənab prezident, ötən ilin aprelində NATO-nun 50 illik yubiley tədbirlərində iştirak etmək üçün Vaşinqtona səfərinizi biz hələ də böyük məmnuniyyətlə xatırlayırıq. Amerika Hərbi Dəniz Akademiyasının kursantları onlarla keçirdiyiniz görüşü öz həyatlarında çox əlamətdar bir hadisə kimi dəyərləndirirlər. Kursantlar qarşısında tarixi əhəmiyyətli çıxışınız və xüsusilə «qalib gəlin» deməyiniz onların xatirində dərin iz buraxmışdır. Cənab prezident, mən televiziya kanallarından gördüm. Siz son vaxtlar bir sıra ölkələrə səfərlər etmisiniz, Davosda olmusunuz.

Heydər Əliyev: Səmimi sözlərə görə minnətdarlığımı bildirirəm. Amerika Hərbi Dəniz Akademiyasında keçirdiyim görüşü mən də yaxşı xatırlayıram. Həmin görüş mənim üçün də çox əlamətdar bir hadisə idi. Doğru deyirsiniz, Davosa getmişdim. Bu il başlanandan bir çox ölkələrə ziyarətlər etmişəm. Türkiyədə, Rusiyada, Davosda səfərdə olmuşam. İndi də Vaşinqtona işgüzar səfərə gəlmişəm.

Riçard Armitac: Amerikada çoxlu insan Sizi dinləməyi gözləyir. Sülh əldə etmək sahəsində Sizin göstərdiyiniz ciddi səyləri onlar çox böyük maraqla izləyirlər. Bundan başqa, GUÖAM ilə bağlı məsələlər də burada geniş maraq doğurubdur.