Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türk Dövlət və Birliklərinin VIII Dostluq, Qardaşlıq və İşbirliyi qurultayına məktubu - Bakı şəhəri, 18 mart 2000-ci il


Hörmətli qurultay iştirakçıları!

Sizə - türk dövlət və topluluqlarının Samsunda keçirilən növbəti qurultayının nümayəndələrinə səmimi salamlarımı, ən xoş arzularımı yetirməkdən sonsuz qürur duyuram.

Bəşər tarixinə silinməz səhifələr yazmış, dünya sivilizasiyasının təşəkkülündə və inkişafında misilsiz rol oynamış türk xalqları zaman-zaman qlobal antitürk siyasəti ilə üzləşmişlər. Bizi uzun müddət bir-birimizdən ayrı salmağa, təkləməyə, möhtəşəm tarixi keçmişimizdən təcrid etməyə çalışmışlar. Lakin türk əzminin böyüklüyü, türk ruhunun əbədiyaşarlığı xalqlarımızın mənəvi bütövlüyünün parçalanmasına imkan verməmişdir. Biz əyilməmişik, sınmamışıq, tarixi türk kökümüzdən qaynaqlanaraq daim gələcəyə inamla baxmağı bacarmışıq. Bu gün öz taleyinin sahibi olan azad xalqlarımız və müstəqil cümhuriyyətlərimiz beynəlxalq aləmdə layiqli yerini tutur, başımız üstündə dalğalanan ay-ulduzlu mübarək bayraqlarımız basılmaz türk ruhunun təntənəsini dünyaya nümayiş etdirir.

Əziz dostlar!

Bildiyiniz kimi, türkdilli dövlətlərin zirvə görüşləri də gözəl bir ənənəyə çevrilmişdir. Növbəti zirvə toplantısı aprel ayında Bakıda keçiriləcəkdir. Dövlət rəhbərləri, ictimai-siyasi xadimlər, nüfuzlu elm, mədəniyyət adamları həmçinin ümummilli sərvətimiz olan «Kitabi-Dədə Qorqud» dastanlarının həmin günlərdə keçirilən yubiley təntənələrinə – Dədə Qorqud ocağına yığışacaqlar. Zirvə toplantısında ümummilli problemlərimiz qarşılıqlı münasibətlərimiz, xalqlarımız arasında hərtərəfli işbirliyinin perspektivləri, dövlətlərimizin sivilizasiyalı beynəlxalq aləmə inteqrasiyası yolları araşdırılacaqdır.

Əmin olduğumu bildirmək istəyirəm ki, türk dünyasının düşüncə adamlarının toplaşdığı növbəti dostluq, qardaşlıq və işbirliyi qurultayı da əməldə, fikirdə birlik kimi, ümumtale işimizə, xalqlarımızın milli-mənəvi bütövlüyünə öz layiqli töhfəsini verəcəkdir.

Qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, mənəvi birliyimizin möhkəmlənməsində, milli, mədəni, tarixi dəyərlərimizin bizə bəxş etdiyi imkanların türk dünyasının ümumi mənafe işinə səfərbər olunması yolunda göstərdiyiniz fəaliyyəti yüksək qiymətləndirir, bu şərəfli yolda hər birinizə böyük uğurlar arzulayıram.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.