Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar vəqfinin sədri Akkan Suvərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən - Prezident sarayı, 23 avqust 2002-ci il


Heydər Əliyev: Mən sizə təşəkkür edirəm ki, vaxtınızı sərf edib Azərbaycana gəlmisiniz və referendumun gedişini müşahidə edəcəksiniz. Sizin Azərbaycanla, xüsusilə mənimlə çox yaxın dostluq əlaqələriniz yəqin ki, sizi bu dəfə Azərbaycana gətirən əsas səbəblərdən biridir. Mən buna görə sizə təşəkkür edirəm, çox sağ olun. Ancaq eyni zamanda, siz mənim çox yaxın dostlarımsınız. şəxsən çox məmnunam ki, mənə yenə də dostlarımla görüşmək nəsib oldu. Mən Türkiyədə olanda bəzən görüşürük. Azərbaycana gəlirsiniz, çox sağ olun, görüşürük. Bunların hamısı lazımdır. Çünki dostlar görüşməlidir, danışmalıdır. Görüşmək, danışmaq olmasa, bəzən dostluq əlaqələri də soyuyur. Düzdür, bizim əlaqələrimiz soyumaz, çünki dostluğumuz böyükdür, dərindir. Doğrudur, bəzi böyük tədbirlərinizdə iştirak etməyə məni dəvət edirsiniz, lakin vaxt olmur, gələ bilmirəm. Amma gərək bir dəfə xüsusi olaraq sizin vəqflə bağlı Türkiyəyə, İstanbula gələm. Axı mən sizin vəqfin fəxri başqanlarından biriyəm. Ona görə gəlməliyəm, bu mənim borcumdur. Amma siz də görürsünüz ki, bizim işlərimiz olduqca çoxdur, ona görə də imkan edə bilmirəm.

Bir müddət əvvəl mən İstanbulda, Qara Dəniz İş Birliyinin toplantısında oldum, sizinlə görüşdüm. Amma vəqfi ziyarət etməyə imkanım olmadı. Çünki Ankaraya getdim. Orada bir çox işlər vardı, oradan da Qarsa getdim, yəqin ki, eşitdiniz. Qarsdakı Qafqaz Universiteti mənə fəxri doktor adı veribdir. Düzdür, Türkiyədə bir çox universitetlər mənə fəxri doktor adı veriblər, hələ almamışam. Ancaq Qarsa getdim, çünki Qars mənim üçün çox əhəmiyyətli bir yerdir. Mən Naxçıvanda yaşayanda Türkiyəyə Iğdırdan, Qarsdan keçib gəlirdim. Qarsın Azərbaycanla əlaqələrdə də xüsusi yeri var. Bilirsiniz ki, məşhur Qars müqaviləsi var, 1921-ci ilin oktyabr ayında Qarsda Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan, bir də Ermənistan tərəfindən imzalanıbdır. Bu müqavilə Azərbaycan, Ermənistan, Türkiyə sərhədlərinin müəyyən edilməsi haqqındadır. O vaxt ermənilər iddia edirdilər ki, Türkiyənin şərqində olan torpaqlar guya onlara məxsusdur. Bizim bəzi başqa torpaqlara da iddia irəli sürürdülər. Bu baxımdan Qars müqaviləsi çox əhəmiyyətli bir sənəddir. Bunu çoxları unutmuşdu, tarixdə qalmışdı. Amma mən Naxçıvanda işləyəndə bu bölgənin problemləri ilə məşğul oldum, Naxçıvanı qorumaq lazım idi. Mən bilirdim ki, Qars anlaşması var. 1992-ci ilin fevral ayında Ankaraya gəldim. Orada Qars anlaşması haqqında mətbuata geniş məlumat verdim. Beləliklə, bu anlaşma yenidən gündəliyə çıxdı. Xatirimdədir ki, Moskvada buna çox mənfi reaksiya verdilər. Naxçıvanda bir dəfə televiziyaya baxırdım. Moskvadan Qars müqaviləsinə aid bir veriliş verdilər. Axırda isə bildirdilər ki, bu müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur, hətta Qars müqaviləsinin mətnini elə studiyadaca yandırdılar. Amma onu yandırmaq mümkün deyil, bu müqavilə o vaxt həmin dövlətlər tərəfindən imzalanıb, hər dövlət tərəfindən ratifikasiya olunub və ümumdünya, beynəlxalq təşkilatlarda qeydə alınıbdır, onu pozmaq mümkün deyildir.

Akkan Suvər: Möhtərəm Cümhur başqanımız, yenidən Sizin hüzurunuzda olduğumuz və fəxri sədrimiz kimi, Sizə vəqfimizin ötən ilki fəaliyyəti barədə hesabat təqdim etdiyimiz üçün böyük sevinc duyuruq. Sözlərimə başlamazdan əvvəl, Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəlin salamını və ehtiramını Sizə çatdırmaqdan bəxtiyarlıq duyduğumu bildirmək istəyirəm. Buraya qədəm qoyduğumuz ilk andan gördük ki, sanki köhnə Bakı yox olmuş, yeni Bakı yaranmışdır. Tərtəmiz küçələri və işıqları ilə şəhər tanınmayacaq dərəcədə dəyişmiş, son dərəcə gözəlləşmişdir. Doğrusu, Bakını tanıya bilmədik. Sizin hüzurunuzda Bakının bələdiyyə rəisini ürəkdən təbrik edirik. Dəyərli Cümhur başqanımız, Siz böyük bir iş gördünüz və Azərbaycan televiziyasının Türkiyəyə yayımını təşkil etdiniz. Bu bizim Azərbaycanla olan əlaqələrimizin qüvvətlənməsinə, artmasına böyük təkan verir. Türkiyədə, demək olar, hamı hər axşam Azərbaycan televiziyasına baxır. Bu barədə dost tanışdan çox eşitmişəm. Sizə deyim ki, bu çox gözəl bir iş oldu. Nəticədə həm Sizi televiziyada görmək, həm də on il bundan əvvəlki hadisələrin ildönümlərini seyr etmək türk ziyalılarına çox ləzzət verir. Buraya gəlişimizin bir səbəbi də keçiriləcək referendumla bağlıdır. Dünyada çox az ölkə var ki, Konstitusiyada dəyişiklik aparmaq üçün öz xalqının ayağına gedir. Məsələn, bizim ölkəmizdə belə şeyləri məclisdə həll edirlər. Parlament üzvləri əl qaldırmaqla Konstitusiyada istənilən dəyişikliyi edə bilərlər. Ancaq Siz bunun ən gözəlini həyata keçirirsiniz. Bizdən fərqli olaraq, bunu xalqın müzakirəsinə verirsiniz. Bu münasibətlə biz zati-alinizin şəxsində bütün azərbaycanlı qardaşlarımızı təbrik edirik. Bu, demokratiya üçün çox böyük xeyirxahlıq, insan haqlarına böyük hörmət nümunəsidir.

Sizin Türkiyəyə səfərinzin çox uğurla keçdiyini xatırlayıram. Siz Türkiyədə çox az dövlət başçısına göstərilən bir səmimiyyət, hörmət və qardaşlıq duyğuları ilə qarşılandınız. Bu, türk millətinin həm zati-alinizə olan məhəbbətinin, həm də qardaş Azərbaycana bəslədiyi duyğuların parlaq təzahürü idi. Başqa bir hadisə də Türkiyədə çox böyük əks-səda doğurdu. Türkiyə futbol komandası dünya birinciliyində üçüncü yer qazandıqda, Türkiyə prezidenti və Baş naziri də daxil olmaqla – bunu tam səmimiyyətimlə söyləyirəm – heç kimdən səs-səmir çıxmazdan əvvəl Siz türk millətinə təbrik göndərdiniz. O, Türkiyə televiziyaları tərəfindən dəfələrlə göstərilirdi. Xüsusilə, «qardaşım Əhməd Necdət Sezər» kəlmələri ilə başlayan və «bu zəfər yalnız Türkiyənin deyil, bütün türk dünyasınındır» sözləri ilə davam edən təbrikiniz Türkiyədə çox böyük reaksiya doğurdu. Vəqfin fəaliyyətindən söhbət açaraq bildirmək istəyirəm ki, ötən il biz BMT-nin keçirdiyi toplantılarda Türkiyəni qeyri hökumət təşkilatı kimi təmsil etmişik. Keçən il Özbəkistanda keçirilən prezident seçkilərində mən BMT tərəfindən müşahidəçi kimi iştirak etdim. 2001-ci ildə 10 nəfərlik bir heyətlə Sofiyada səfərdə olduq. Bolqarıstanın prezidenti, Baş naziri, parlamentin sədri, Xarici İşlər naziri, habelə keçmiş prezident Jelyu Jelev tərəfindən qəbul edildik. Bütün bu görüşlərdə zati-alinizin bizim vəqfin fəxri sədri olduğunu vurğuladıq.

Bundan əlavə, 2001-ci ildə 4-cü Avrasiya İqtisadi Zirvəsini və Dünya İdarəçi Qadınlar Forumunu uğurla keçirdik. Bu mühüm tədbirlərə göndərdiyiniz təbrik məktublarınıza görə Sizə minnətdarlığımızı bildirirəm. Mərmərə qrupu vəqfi keçən il Türkiyənin ən nüfuzlu 125 qurumu ilə birlikdə «Avropa Birliyinə – bəli!» kampaniyasını təşkil etmişdir. Bu kampaniya çox böyük uğurla başa çatmış və bildiyiniz kimi, Türkiyə Böyük Millət Məclisi Avropa Birliyinə üzv olmaq üçün lazım olan bütün qanunları təsdiq etmişdir. Vəqfimiz Türkiyədəki mühüm bir tədbirdə də təşəbbüskar kimi çıxış etmişdir. Ölkənin ən nüfuzlu qurumları ilə birlikdə Türkiyə Etika Dərnəyini yaratmışıq. Bu dərnək hazırda və gələcəkdə ölkəmizdə mühüm məsələlər barədə doğru və dürüst qərarlar qəbul olunmasına nəzarət edəcək bir mexanizm rolunu oynayacaqdır. Müntəzəm olaraq aylıq toplantılarımızı da keçirmişik. Bu toplantılarda Süleyman Dəmirəl, Tansu Çillər, Məsud Yılmaz, Rusiya və Çin səfirləri, hərbçilər, Milli Təhlükəsizlik Şurasının üzvləri, Konstitusiya Məhkəməsinin sədri, tanınmış qurumların rəhbərləri iştirak etmişlər. Bu il sentyarbrın 26–28-də İstanbulda keçirəcəyimiz 5-ci Avrasiya İqtisadi Zirvəsinə zati-alinizin təbrik məktubu göndərəcəyinə, yüksək səviyyəli Azərbaycan nümayəndə heyətinin bu tədbirdə iştirak edəcəyinə ümid edirik. Bundan başqa, oktyabrın 17-dən 19-dək keçiriləcək «Türkiyə və qonşu ölkələrin qadın parlament üzvlərinin Sülh və əməkdaşlıq konfransı»na yüksək səviyyəli nümayəndə heyətinin iştirakını da ürəkdən arzulayırıq.

Böyük Atatürkün latın əlifbasını qəbul etmək barədə 9 avqust 1928-ci il tarixli qərarının və zati-alinizin Azərbaycanda latın əlifbasına keçmək haqqında 9 avqust 2001-ci il tarixli fərmanının xoş təsadüf nəticəsində eyni günə düşməsi münasibətilə idarə heyətimizin Azərbaycandan gələn deputatlarla iyunun 15-də İstanbulda keçirdiyi birgə iclasın qərarına əsasən, Siz Azərbaycana və türk dünyasına bu günədək bacarıqla rəhbərlik etdiyinizə görə yekdilliklə 2002-ci ilin «Baş müəllim Atatürk» mükafatına layiq görülmüsünüz.

Sizi təbrik edirik. Latın əlifbası yolunda atdığınız bu böyük addım münasibətilə Sizə və şəxsinizdə azərbaycanlı qardaşlarımıza bir daha təbriklərimizi yetirir, mükafatı qəbul etməyinizi xahiş edirik. Bu, İstanbuldakı məşhur «Yıldız Porselen»də əllə hazırlanmışdır. Kənarları qızıl işləməlidir. Burada «Baş müəllim Atatürk ödülü» sözləri yazılmışdır.

Heydər Əliyev: Vəqfin işləri haqqında verdiyiniz məlumat məni çox sevindirdi. Türkiyədə vəqflər çoxdur, hər kəs vəqf yarada bilər, ona görə də bəzən başa düşmək olmur ki, bu necə böyük, dəyərli vəqfdir, yoxsa adi bir vəqfdir. Sizinlə İstanbulda tanış olanda məni öz vəqfinizə dəvət etdiniz. Böyük bir mərasim keçdi, nitq söylədik, ziyafət də verdiniz. Orada çox adam var idi, mən onda hiss etdim ki, sizin vəqfiniz həqiqətən çox dəyərli işlər görmüşdür, Türkiyədə böyük hörmətə malik olan vəqfdir. O vaxt Siz məni fəxri sədr seçdiniz və bundan çox məmnun oldum. Son dövrlərdə, xüsusən də keçən il gördüyünüz işlər haqqında verdiyiniz məlumat fəxri sədri olduğum bu vəqfin fəaliyyətinə məndə böyük ehtiram yaratdı. Çünki doğrudan da siz böyük işlər görürsünüz. Bütün bunlar məni çox sevindirir. Mən arzu edirəm ki,  vəqfiniz bundan sonra daha da genişlənsin, yalnız Türkiyədə deyil, bütün dünyada fəaliyyətini genişləndirsin. Türkiyə Cümhuriyyətinə, xalqına fayda versin və Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlıq əlaqələrinin inkişafına yeni-yeni töhfələr versin.

Mənim sizin vəqfin fəxri sədri seçilməyim, ilk növbədə, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etməsi və genişlənməsi üçün yeni bir vasitədir. Mən 9 ildir Azərbaycanın prezidentiyəm, bu müddətdə Türkiyə ilə əlaqələrimiz çox inkişaf edibdir. Bu həm Azərbaycan xalqının iradəsidir, həm də prezident kimi, mənim iradəmdir. Mən bu xətti bundan sonra da aparacağam. Biz bundan sonra da əlaqələrimizin daha da canlı olması üçün yeniyeni imkanlar axtarıb tapmalıyıq. Çünki dünyada çox böyük dəyişikliklər əmələ gəlir, hər ay, hər il dəyişir. Biz bütün bu dəyişikliklərlə ayaqlaşmalıyıq. Siz mənə «Baş müəllim Atatürk» mükafatını verdiniz. Bu, böyük bir mükafatdır. Siz bilirsiniz ki, mən Atatürk adına beynəlxalq sülh mükafatı laureatıyam. Onu mənə Ankarada təqdim etdilər. İndi isə siz məni baş müəllim adlandırırsınız. Mən bunu məmnuniyyətlə qəbul edirəm, çünki Atatürkün ideyalarını yaymaq, təbliğ etmək və xalqımıza çatdırmaq, həm də bu ideyalardan faydalanmaq, istifadə etmək sahəsində çox işlər görmüşəm. Bu, bir siyasi xadim, lider və prezident kimi mənim fəaliyyətimdə çox mühüm yer tutur.

Təsadüfi deyil ki, mən Azərbaycanda Atatürk Mərkəzi yaratdım. Siz bunu bilirsiniz, orada böyük işlər görüləcəkdir. Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürk elə bir şəxsiyyətdir ki, onun haqqında nə qədər danışsan, yenə də azdır. Atatürkün həyatını, fəaliyyətini daim öyrənmək lazımdır. Bizdəki Atatürk Mərkəzi bu işləri də görəcəkdir. Atatürkün indiyə qədər Azərbaycanla əlaqədar dediyi sözləri, gördüyü işləri, naməlum qalan cəhətləri aşkara çıxaracaqdır. Belə çıxır ki, mən də bu sahədə öyrətmənlik, müəllimlik etməliyəm. Baş müəllim kimi, gərək başqa müəllimlərə də öyrədəm ki, Atatürkün ideyalarını necə həyata keçirmək lazımdır. Mənə təqdim etdiyiniz bu hədiyyə də çox qiymətlidir. O mənada yox ki, bunun müəyyən maddi dəyəri var, o mənada ki, siz Azərbaycanın cümhur başqanı kimi, məni Atatürklə bir yerdə təsvir edibsiniz və gözəl ornament içində göstəribsiniz. Mən sizə təşəkkür edirəm. Düzdür, mənim Atatürklə yanyana şəklim olmayıbdır. Çünki məm Atatürkün yanında olmamışam, özüm də öz şəklimi Atatürkün şəklinin yanına qoya bilmərəm. Amma siz bunu etmisiniz. Çox təşəkkür edirəm.

Bir sözlə, mən Mərmərə qrupu vəqfinin fəaliyyətindən çox razıyam. Gördüyünüz işləri çox yüksək qiymətləndirirəm. Güman edirəm ki, bundan sonra daha böyük işlər görəcəksiniz. Mən vəqfinizin fəxri sədri olmağımdan iftixar duyuram.