Hyüston-Bakı Assosiasiyasının nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 3 avqust 1997-ci il


Hörmətli cənab Uort!

Hörmətli cənab Peres!

Hörmətli xanımlar və cənablar!

Mən sizi səmimi qəlbdən salamlayıram və Hyüston - Bakı Assosiasiyasının üzvləri ilə görüşməyimə çox şadam. Mənə göstərdiyiniz bu diqqət və qayğıya görə və bu gün buraya toplaşdığınıza görə sizə təşəkkür edirəm. Amerika Birləşmiş Ştatlarına səfərim çərçivəsində sizinlə keçirdiyim bu görüşü çox əhəmiyyətli hesab edirəm. Çünki Hyüston-Bakı, Hyüston-Azərbaycan Dostluq Assosiasiyasını yaratmaqla siz hələ 25 il bundan əvvəl Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı əlaqələrin əsasını qoymusunuz.

Hyüston və Bakı şəhərlərinin qardaşlaşması, dostluq əlaqəsi yaranması haqqında təşəbbüs göstərmiş və bu işin əsasını qoymuş amerikalı dostlarımıza, eyni zamanda 25 il müddətində bu assosiasiyanı, bu dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmiş, qoruyub saxlamış insanların hamısına təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Mən sizinlə birlikdə fəxr edirəm ki, bu dostluğun, əlaqələrin, Hyüston-Azərbaycan, Hyüston-Bakı Dostluq Assosiasiyasının, Bakı və Hyüston şəhərlərinin qardaşlaşmasının təşəbbüskarlarından olmuşam və vaxtilə - 25 il bundan əvvəl Azərbaycan tərəfindən bu qərarı məhz mən qəbul etmişəm.

İnsan düşündükcə heyrətə gəlir. XX əsrin, sona çatan əsrin dörddə bir hissəsi - 25 il bizim dostluq və qardaşlıq əlaqələrimizin tarixidir. Mən çox xoşbəxtəm ki, 25 il bundan əvvəl Amerika ilə Azərbaycan arasında əlaqələr yaratmaq üçün Azərbaycanda belə bir addım atılıbdır və mən bunun təşkilatçısı olmuşam. Xoşbəxtəm ki, 25 il bundan sonra yaşayıb, bu günə çatıb, bu gün Azərbaycan Respublikasının, müstəqil Azərbaycanın prezidenti olaraq buraya - Hyüstona gəlib bu hadisənin 25 illik yubileyini sizinlə birlikdə qeyd edirəm.

Mənim sevincim sevincimə qovuşub. Çünki müstəqil Azərbaycanın prezidenti kimi mən ilk dəfə Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə gəlmişəm. Səfər çox uğurlu olubdur, yaxşı nəticələr veribdir, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsi, genişlənməsi üçün yeni mərhələ olubdur, yeni yollar açılıbdır. Amerikanın yüksək vəzifəli şəxsləri ilə çox səmərəli görüşlər keçirmişəm, əhəmiyyətli sənədlər imzalanıbdır.

Nəhayət, mən bizim köhnə, çox etibarlı dostumuz olan Hyüstona gəlmişəm və Hyüstonda bu cür gözəl təəssüratlar altında olarkən bir xoş xəbər çatıbdır ki, mənim nəvəm dünyaya gəlibdir.

Mən həyatımı xalqıma, millətimə, ölkəmə xidmət etməyə həsr edən bir şəxsəm. Həyatımı indiyə qədər məhz bu işə həsr etmişəm. Ancaq eyni zamanda, mən də insanam, mənim də ailəm var. Ailəmi, uşaqlarımı çox sevirəm. Ailəm, uşaqlarım mənə həmişə ilham, ruh veriblər, mənə dayaq olublar. Həyatımı çiçəkləndiriblər, məni daim sevindiriblər. Xoşbəxtəm ki, ailəm məni heç vaxt incitməyib, uşaqlarım mənə heç vaxt narahatçılıq gətirməyiblər. Əksinə, həmişə mənə sevinc, xoşbəxtlik gətiriblər.

Güman edirəm, hər biriniz bu hissiyyatları özünüzdə görürsünüz, bilirsiniz. Ona görə də təsəvvür edə bilərsiniz, mən nə qədər sevinirəm ki, nəvəm olubdur. Bu, mənim altıncı nəvəmdir. Bu, mənim oğlumun oğludur. Bu mənim üçün böyük xoşbəxtlikdir.

Sizə təşəkkür edirəm ki, siz bu sevincimi mənimlə bölüşürsünüz, məni bu gün təbrik etdiniz. Mən Amerikada səfərdə olduğum günlərdə çox yaxşı əhval-ruhiyyədəyəm. Dünən bu xəbəri alandan sonra mənim əhval-ruhiyyəm, kefim daha da yüksəklərə qalxıbdır.

Cənab Uort və Peres burada öz çıxışlarında Hyüston-Bakı Assosiasiyasının gördüyü işlərdən danışdılar, bizə çox dəyərli məlumatlar verdilər. Bu məlumatlar sevindiricidir. Birinci növbədə ona görə sevindiricidir ki, bu assosiasiya, bu dostluq əlaqələri 25 il müddətində yaşayıbdır. Bu dövrdə çox dəyişikliklər əmələ gəlibdir. Biz bu əlaqələri yaradarkən Azərbaycan, Bakı Sovetlər İttifaqının tərkibində idi. Sonra Sovetlər İttifaqı dağılıbdır, Azərbaycan dövlət müstəqilliyini əldə edibdir. Azərbaycanda bir neçə il mürəkkəb ictimai-siyasi proseslər gedibdir. Qonşu Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edibdir, Azərbaycanın torpaqları işğal olunubdur, işğal edilmiş torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşübdür. Azərbaycan böyük bir sosial-iqtisadi böhran keçiribdir.

Bütün bunların, bu dəyişikliklərin hamısına baxmayaraq Hyüston-Bakı, Hyüston-Azərbaycan əlaqələri yaşayıb, inkişaf edib və bu gün də yaşayır. Ümidvaram ki, bu əlaqələr Hyüston-Bakı, Hyüston-Azərbaycan əlaqələri bundan sonra da daha da sürətlə inkişaf edəcək, genişlənəcəkdir. Azərbaycan Respublikasının prezidenti kimi mən sizi əmin edirəm ki, bu əlaqələrin inkişaf etdirilməsi üçün öz tərəfimdən, dövlət tərəfindən bütün imkanları yaradacağam və əlimdən gələn köməyi edəcəyəm.

İndi bunun üçün imkanlar genişlənibdir. Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətləri, onların da hamısının mərkəzi buradadır, Hyüstondadır. ABŞ-ın neft şirkətləri Azərbaycan ilə uzunmüddətli iş görmək üçün müqavilələr imzalamışlar. Bizim bu işlərimiz, deyə bilərəm ki, XXI əsrin axırınadək davam edəcəkdir. Hesab edirəm ki, bu böyük neft şirkətləri Hyüston-Bakı, Hyüston-Azərbaycan, Texas-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün öz paylarını verməli və öz xidmətlərini göstərməlidirlər.

Mən burada assosiasiyanı yaradanlardan biri cənab Vördü və onun xanımını xüsusi salamlayıram. Cənab Vörd öz xanımı ilə birlikdə hələ 20 il bundan əvvəl Azərbaycana gəliblər. Onlar Xəzər dənizindəki neft mədənində olublar. Onun indi mənə söylədiyinə əsasən belə başa düşdüm ki, onlar yeddi gün Neft Daşlarında yaşayıblar.

Neft Daşları sahildən təxminən 100 kilometr məsafədədir. O illər Neft Daşlarında işləyənləri, orada yaşayanları biz qəhrəman hesab edirdik. Ona görə də əgər Amerikanın vətəndaşı, hyüstonlu cənab Vörd və onun xanımı Bakıya, Azərbaycana gəliblərsə və gedib orada, Neft Daşlarında, Xəzər dənizinin ortasında yaşayıblarsa, - Xəzər dənizi isə çox qəribə bir dənizdir, həm gözəldir, həm də çox təhlükəli dənizdir, çünki onun gözəlliyi qədər də, eyni zamanda fırtınası, güclü küləyi, dalğaları vardır, - o dövrdə orada yaşamağın özü böyük qəhrəmanlıqdır.

Məhz belə macəra axtaranların səyi nəticəsində Hyüston-Azərbaycan əlaqələri 25 ildir ki, yaşayıb və bu gün də bu qədər yüksək səviyyəyə çatıbdır. Hyüston-Bakı əlaqələrini 25 il müddətində yaşadanların hamısına təşəkkür edirəm. Elan edirəm ki, onlar Azərbaycanın daimi vətəndaşlarıdır.

İndi biz Xəzər dənizində yeni neft yataqları üzərində işləyirik, yeni platformalar olacaqdır. Xəzər dənizində Neft Daşları kimi yeni kiçik adalar olacaqdır. Gəlib oraları görmək istəyən və həmin o platformalarda yaşamaq istəyən adamlar üçün mən hər bir şərait yaradacağam və hamınızı Azərbaycana dəvət edirəm.

Sizin assosiasıyanın proqramlarının hamısını bəyənirəm. Onları daha da genişləndirmək olar. Mən onları dəstəkləyirəm və onların həyata keçirilməsi üçün öz tərəfimizdən lazımi yardımları edəcəyəm.

Azərbaycan indi müstəqil dövlətdir. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında bərabərhüquqlu əlaqələr yaranıbdır. Bu əlaqələrin inkişaf etdirilməsi üçün dünən, avqust ayının 1-də Vaşinqtonda çox dəyərli, tarixi əhəmiyyətli sənədlər imzalanıbdır. Onlar Hyüston-Bakı, Hyüston-Azərbaycan, Texas-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün yeni imkanlar yaradıbdır. Gəlin bu imkanlardan daha da səmərəli istifadə edək.

Mən sizin hamınıza cansağlığı, səadət arzulayıram. Sizə - hyüstonlulara, texaslılara uğurlar arzulayıram. Sağ olun, təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 5 avqust 1997-ci il