Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Qars şəhər bələdiyyəsinin, Türk Sənayeçiləri və İş adamları vəqfinin (TVCUAB) 1997-ci ilin İnsan haqları və "İlin dövlət adamı" mükafatlarının təqdim olunması mərasimində çıxışı - İstanbul, "Ceylan interkontinental" oteli, 14 fevral 1998-ci il


Hörmətli prezident, əziz dostum, qardaşım, cənab Süleyman Dəmirəl!

Hörmətli dostlar, bacılar, qardaşlar, hörmətli qonaqlar, hörmətli mətbuat nümayəndələri!

Mən ikinci gündür ki, Türkiyədə - İstanbulda həddən ziyadə qonaqpərvərlik, dostluq, qardaşlıq şəraitindəyəm, sizinlə birlikdəyəm, bir yerdəyəm. Bu iki günü həyatımın ən xoşbəxt günlərindən hesab edirəm. Birincisi, ona görə ki, mən dost, qardaş Türkiyə torpağındayam, dost, qardaş türk bacı-qardaşlarımın arasındayam, sizinlə birlikdəyəm, bir yerdəyəm. İkincisi də ona görə ki, mənə göstərilən qayğı, hörmət və qonaqpərvərliklə yanaşı, burada dünən axşam da, bu gün də mənə Türkiyənin çox hörmətli mükafatları təqdim olunmuşdur. Bütün bunlara görə təşəkkür edirəm və sizə, sizin simanızda butün türk xalqına, Türkiyə Cümhuriyyətinin vətəndaşlarına sevgi-məhəbbətimi, hörmət və ehtiramımı bildirirəm.

Qars bələdiyyə başkanı burada mənim ürəyimə çox gözəl təəssüratlar bağışlayan nitq söylədi, keçən illəri xatırlatdı. Mən də o illəri xatırlayıram. 1990-cı ildə, - mən o vaxta qədər Moskvada yaşayırdım, - yanvarın 20-də Sovetlər Birliyi hökumətinin, Qorbaçov hökumətinin Azərbaycan xalqına etdiyi hərbi təcavüzdən, Azərbaycana böyük ordu hissələri göndərməsindən, Azərbaycanda müstəqillik, azadlıq arzuları ilə meydanlara, küçələrə toplaşmış günahsız insanları qırmasından sonra məndə o hökumətə, uzun illər üzvü olduğum kommunist partiyasına böyük nifrət hissi oyandı. Mən getdim etiraz etdim, sovet hökumətini, sovet hökumətinin başçılarını məhkum etdim, suçlandırdım və kommunist partiyasının sıralarını tərk etdim. Bundan sonra Azərbaycana gəldim. Doğma Bakıda yaşamaq mənim üçün mümkün olmadı, Naxçıvana getdim. O vaxt Naxçıvan ağır vəziyyətdə idi. Ermənistanla Azərbaycan arasında olan münaqişə, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində Azərbaycanın böyük hissəsi ilə, Bakı ilə Naxçıvanın əlaqələri tamamilə qırılmışdı. Naxçıvana kömək lazım idi. Naxçıvana yardım əlini, kömək əlini məhz Türkiyə, türk xalqı uzatdı, Türkiyənin böyük şəxsiyyəti, türk dünyasının böyük lideri, mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl uzatdı. Biz o vaxt Azərbaycanla Türkiyəni bir-birinə bağlaya bilən bir körpünün - Araz çayı üzərində körpünün tikilməsinə başladıq. Bu körpünü müştərək tikdik, amma bunun bütün zəhməti, əziyyəti, xərci, məsrəfləri Türkiyənin üzərinə düşür. Qısa bir müddətdə bu körpünü tikdik və 1992-ci il may ayının 28-də bu həsrət, ümid körpüsü təntənəli surətdə açıldı və biz hamımız orada çoxlu insanın toplaşdığı şəraitdə bunu bayram etdik. Bizim xalqımız öz qardaş-bacıları - Türkiyə torpağında yaşayan qardaş-bacıları ilə bır-birinə qovuşdular.

O illərdə, düz altı il bundan öncə - 1992-ci ilin fevral ayında əziz dostum, qardaşım Süleyman Dəmirəl məni Ankaraya dəvət etdi. Yolum Qarsdan düşdü. Mən Qarsa gəldim və cümhur başkanı Süleyman Dəmirəlin təyyarəsi Qarsa gəldi, məni oradan götürdü. İlk dəfə Qarsı gördüm. Qars bizim xəyalımızda əfsanəvi bir şəhər, əfsanəvi diyar, qədim türk diyarıdır, bizim üçün doğma bir diyar, doğma yerdir. Biz Qars haqqında on illərlə kitablardan oxumuşduq, tarix kitablarından oxumuşduq. Qars qurtuluş savaşını yaxşı bilirdik. Qarsda türk xalqının göstərdiyi qəhrəmanlıqları yaxşı bilirdik. Nəhayət, Qars müqaviləsi var - 1921-ci ildə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Cümhuriyyəti və Rusiya, Ermənistan Cümhuriyyətləri arasında Qars anlaşması imzalanıbdır. Bu anlaşmaya görə də Naxçıvan Muxtar Cümhuriyyətinin statusu müəyyən olunub və Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçısı kimi o anlaşmaya imza atıbdır. Ona görə Qarsın bütün başqa tarixi səbəblərlə yanaşı, bizim üçün belə bir böyük əhəmiyyəti də var. Mən ilk dəfə Qarsa gələndə bunların hamısına görə Qarsı böyük məhəbbət, sevgi hissi ilə ziyarət etdim. Oradan Ankaraya gəldim.

Xatirimdədir, sonra - 1992-ci ilin sonunda İqdır vilayət elan olunanda, orada il elan olunanda əziz dostum, qardaşım İqdıra gəlmişdi. Mən də oraya dəfət olunmuşdum. Bu hadisəni bir yerdə bayram etdik, sonra bərabər Qarsa gəldik. Mən gördüm ki, Türkiyənin cümhur başkanı Süleyman Dəmirələ nə qədər böyük hörmət-ehtiram və sevgi, məhəbbət var. İnsanlarla birlikdə görüşdük. Qars haqqında xatirələrimi bu gün danışmaq mənim üçün əhəmiyyətlidir. Amma Qars bələdiyyəsi başkanının da Aərbaycanın son dövr tarixi haqqında bu qədər dəyərli sözləri deməsi, yəni tarixi bu qədər yaxından və düzgün bilməsi, düzgün qiymətləndirməsi məni heyran etdi. Biz Qars haqqında düşündüyümüz, fikirləşdiyimiz kimi, Qarsda da Azərbaycan haqqında düşünürlər, Azərbaycan haqqında fikirləşirlər. Bu çox gözəl, çox önəmlidir, çox böyük sevinc hissi doğurur.

Həqiqətdir, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlamışdı, qan tökülürdü, Azərbaycan parçalanırdı. Biz Azərbaycanı bu xətadan xilas etdik. Sonra Azərbaycanda iki dəfə dövlət çevrilişi etmək istədilər. Bunun da qarşısını aldıq. Bu gün sən, - mənim əziz dostum, Qarsın bələdiyyə başkanı, - adını çəkdiyin Surət Hüseynov 1994-cü ildə yenidən Azərbaycanın cümhur başkanına qarşı zərbə vurmağa çalışanda biz bunun qarşısını aldıq. Amma o qaçdı, getdi Moskvada gizləndi. Çünki o, 1993-cü ildə də, 1994-cü ildə də Moskvadan təlimatlar almışdı. Moskvada gizləndi, onlarla əməkdaşlıq edirdi. 1994-cü ildə qaçdı, ancaq bildirmək istəyirəm ki, 1996-cı ilin sonunda onu Moskvada yaxaladıq, Azərbaycana gətirdik, həbsxanaya saldıq və etdiyi cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verəcəkdir. Eləcə də o vaxt - 1993-cü ildə Azərbaycanı parçalamağa çalışan Surət Hüseynovla birlikdə o vaxt Azərbaycanın müdafiə naziri olmuş Rəhim Qazıyev də Moskvaya qaçmışdı. O da onların himayəsi altında idi. Onu da orada yaxalayıb gətirdik. Rəhim Qazıyev artıq məhkum olunubdur, həbsxanadadır. O vaxt Azərbaycanı parçalamaq istəyən, respublikamızın cənubunda, güneyində bir "Talış Cümhuriyyəti" yaratmaq istəyən Hümbətov adında bir nəfər var idi. O, keçmişdə xalq cəbhəsinin üzvü olmuşdur. Hümbətov da həbs edildi, sonra həbsxanadan qaçdı. Onu da Moskvada dəstəklədilər, gizlətdilər. Biz Hümbətovu da arayıb tapdıq, o, öz cəzasını aldı, indi həbsxanada yatır. Yəni biz müstəqilliyimizi, müstəqil dövlətimizi çətin şəraitdə qoruyuruq. Amma qoruyuruq, saxlayırıq və qoruyub saxlayacağıq.

Çox məmnunam ki, siz Rusiyadan gəlmiş böyük bir generala mənim dediyim sözləri burada xatırlatdınız. Bu həqiqətdir, dəfələrlə təklif olunubdur ki, Rusiyanın ordusu gəlib Azərbaycanda yerləşsin. Mən buna imkan verməmişəm. Təklif olunubdur ki, Azərbaycanın Türkiyə ilə, İranla sərhədlərində gəlib Rusiyanın əsgərləri dursun. Mən buna imkan verməmişəm. Ancaq bilirsiniz ki, Ermənistanın Türkiyə ilə, İranla sərhədlərində Rusiyanın əsgərləri durur. Ermənistanda Rusiyanın böyük ordu hissələri vardır. Gürcüstanın Türkiyə ilə sərhədlərində Rusiyanın əsgərləri durur və Gürcüstanda da Rusiyanın ordu hissələri vardır. Qafqazda yalnız Azərbaycanda heç bir xarici ölkənin ordusu yoxdur. Deməli, biz tam müstəqilik, bağımsızıq. Müstəqillik bir bəyanatla olmur. Müstəqillik əməli işlə olur. Əməli iş də ondan ibarətdir ki, biz özümüz öz ölkəmizin, öz torpağımızın, millətimizin, taleyimizin sahibiyik. Bax, belə olubdur, belə yaratmışıq, bundan sonra da belə olacaqdır. Əmin ola bilərsiniz ki, Qafqazda Azərbaycan bütün çətinliklərə baxmayaraq, öz müstəqilliyini qoruyub saxlayıb və qoruyub saxlayacaqdır. Bizim müstəqilliyimiz əbədidir, sarsılmazdır. Biz bu müstəqilliyi qoruyub saxlamaq üçün canımızı da, qanımızı da verməyə hazırıq. Mənə türk sənayeçiləri və iş adamları birliyi də, başqa mükafatlar da verdilər. Bu mükafatların mənim üçün ən böyük əhəmiyyəti ondan ibarətdir ki, onların adları mənə doğmadır. Yəni bu mükafatları mənə sülh, barış uğrunda mübarizə, müstəqillik yolunda xidmətlər, insan haqlarının qorunması yolunda xidmətlər üçün vermisiniz.

Mən sizə təşəkkür edirəm, çox sağ olun. Sizi əmin edirəm ki, mən sizin bu etimadınızı doğruldacağam və Türkiyə-Azərbaycan dostluğunu günügündən möhkəm-ləndirmək, inkişaf etdirmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Türkiyə-Azərbaycan dostluğu bizim üçün müqəddəsdir, əbədidir, sarsılmazdır. Biz bu yoldan dönməyəcəyik. Biz bu yolla irəliyə gəlmişik və irəliyə gedəcəyik. Mən sizin hamınıza cansağlığı, səadət arzu edirəm. Bütün türk xalqına, Türkiyə Cümhuriyyətinə sülh, əmin-amanlıq və rifah arzu edirəm. Çox sağ olun.