Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Abşeron", "Naxçıvan", "Oğuz" strukturlarının birgə işlənməsi haqqında üç sazişin imzalanması mərasimində nitqi - Vaşinqton, Ağ ev, 1 avqust 1997-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli cənab vitse-prezident!

Hörmətli nazirlər, hörmətli dostlar!

Bu gün Amerika-Azərbaycan əlaqələrində tarixi hadisə baş verir. Azərbaycan Prezidenti ilk dəfə Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə gəlibdir. Bizim çox səmərəli danışıqlarımız olubdur və bu gün səhərdən Prezident cənab Bill Klinton ilə və onun ətrafında olan şəxslərlə mehriban şəraitdə danışıqlar aparmışıq. Bu danışıqlarımızda eyni zamanda Amerika-Azərbaycan iqtisadi əlaqələrinin daha da genişləndirilməsini müzakirə etmişik. Bu sahədə böyük imkanlar var və bunlardan daha da səmərəli istifadə etmək lazımdır. Biz indiyə qədər bu imkanları yaratmışıq, çünki 1994-cü ilin sentyabrında ilk böyük müqavilə, "Əsrin müqaviləsi" adlanan müqavilə imzalamışıq və bu müqavilədə Amerika Birləşmiş Ştatlarının beş böyük şirkəti iştirak edir. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu müqavilə əməli surətdə həyata keçirilir və konsorsiumun fəaliyyəti nəticəsində bu ilin sentyabrında ilkin neft əldə olunacaqdır.

Nefti xaricə - Qərbə, dünya bazarına çıxarmaq üçün iki neft kəməri tikilir. Üçüncü böyük neft kəmərinin tikilməsinə də bu yaxınlarda başlanacaqdır.

Mən bu gün burada, Vaşinqtonda, Ağ evdə iftixar hissi ilə deyirəm ki, Azərbaycan neftçiləri əlli il bundan öncə Xəzər dənizində ilk neft yataqlarını açıb istismar etməyə başlayıblar. XX əsrin sonunda Azərbaycan Xəzər dənizinin böyük, zəngin neft yataqlarını bütün dünyaya təqdim edibdir. Çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu işlərdə Amerika Birləşmiş Ştatlarının böyük şirkətləri fəal iştirak edirlər. Biz dərk edirik ki, xarici investisiyanın Azərbaycana gəlməsi, iqtisadiyyatımızın dünya iqtisadiyyatı ilə bağlanması və xüsusən Amerika Birləşmiş Ştatları ilə güclü iqtisadi əlaqələr qurulması Azərbaycan xalqının gözəl gələcəyinə xidmət edir.

Eyni zamanda bu iqtisadi əlaqələr, Amerikanın böyük neft şirkətlərinin və digər şirkətlərinin Azərbaycanda indi geniş fəaliyyət göstərməsi Amerika-Azərbaycan əlaqələrinin bütün sahələrdə genişlənməsinə, inkişafına kömək edir. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, ABŞ Prezidenti cənab Bill Klinton bu problemlərə xüsusi əhəmiyyət verir və bu məsələlərin həlli üçün çox ciddi tədbirlər görür. Biz bu məsələlərdə vitse-prezident cənab Albert Qor ilə də çox sıx əməkdaşlıq edirik və bu işlərin həyata keçirilməsində onun da çox böyük xidmətləri var.

ABŞ-ın Energetika Nazirliyi ilə bizim əlaqələrimiz yaxşıdır və bunların inkişaf etdirilməsi üçün müqavilə imzalanacağından məmnunam. Amerika Birləşmiş Ştatlarının Dövlət katibi xanım Olbrayt bu əlaqələrin inkişafında xüsusi xidmətlər göstərmişdir. Ümidvaram ki, Amerikanın Ticarət Nazirliyi ilə də yaranan əlaqələr bütün iqtisadiyyatımızın inkişafına xidmət edəcəkdir.

Çox böyük neft müqavilələri burada, Ağ evdə, Amerikanın rəhbərlərinin iştirakı ilə imzalanması tarixi hadisədir. Biz bunu yüksək qiymətləndirir və hesab edirik ki, Ağ evdə imzalanan müqavilələr uğurlu olacaqdır. Mən sizi bu münasibətlə təbrik edirəm və imzalanan müqavilələrin uğurlu olmasını arzulayıram.