Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin türkdilli dövlətlər başçılarının zirvə toplantısında mətbuat konfransında bəyanatı - Bişkek, 28 avqust 1995-ci il


Mən Mərkəzi Asiyada gedən inteqrasiya proseslərini müsbət qiymətləndirirəm. Belə hesab edirəm ki, təkcə bu ölkələr deyil, ümumiyyətlə bütün ölkələr bundan sonra daha dərin inteqrasiya yolu ilə getməlidirlər. Çünki bu yol həmişə iqtisadiyyatın inkişafına, dövlətlər arasında daha sıx münasibətlər yaradılmasına kömək edəcəkdir. Mənə verilən sualdan istifadə edərək demək istəyirəm ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin lazımi səviyyədə olmamasından təəssüflənirəm.

Bizim respublikalarımız keçmişdə Sovet İttifaqına daxil olarkən həm iqtisadi baxımdan, həm də mədəni dəyərlərlə mübadilə baxımından, görüşlər keçirilməsi, bir-birinə nümayəndə heyətləri göndərilməsi baxımından daha sıx bağlı idilər. İndi bu əlaqələr zəifləmişdir. Amma biz istəyirik, Azərbaycan istəyir ki, bu əlaqələr geniş olsun. Tarixi keçmişimizi, ümumi köklərimizi, bizi bu görüşə toplayan zəmini əsas tutaraq Azərbaycan istəyir ki, Mərkəzi Asiyanın bütün ölkələri ilə daha sıx iqtisadi, mədəni, elmi-texniki əməkdaşlıq yaratsın və bu inteqrasiyaya daxil olsun.

"Azərbaycan" qəzeti, 30 avqust 1995-ci il.