Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya Kraliçasının Superintendantı polkovnik Deyvid Anderson ilə görüşdəki söhbətindən - Edinburq, Kraliça iqamətgahı, 23 iyul 1998-ci il


Hörmətli cənab Anderson!

XII əsrin əvvəllərində ingilis kralı I Deyvid tərəfindən əsası qoyulan, bu gün də əlahəzrət kraliçanın iqamətgahlarından biri olan bu möhtəşəm sarayın tarixi haqqında verdiyiniz ətraflı məlumat üçün Sizə təşəkkür edirəm. Bu məlumat məni 1128-ci ildən başlayaraq bu gözəl sarayda yaşayan və fəaliyyət göstərən kral sülalələrinin tarixi ilə yanaşı, qədim ölkənizin tarixi ilə də tanış etdi. Maraqlıdır ki, birinci mərtəbəsi artıq muzey kimi fəaliyyət göstərən Edinburq sarayında bu gün də əlahəzrət kraliça ənənəvi olaraq təntənəli qəbullar, ziyafətlər təşkil edir. Onun ulu babası kral V Georqa məxsus taxt-tac salonunda bu gün də çoxsaylı qonaqların dəvət olunduğu mərasimlər olur. Sarayda nümayiş etdirilən qədim və nadir rəsmlər burada yaşamış taxt-tac sahibləri ilə tanış olmaq imkanı verir. Sizin onlar haqqında verdiyiniz dərin məzmunlu məlumat isə məni o dövrə səyahət etdirdi. Kral sarayında göz oxşayan, bir-birindən gözəl Şərq xalçaları içərisində qədim Azərbaycan, Təbriz xalçasını tanımağım Sizi təəccübləndirdi. Burada təəccüblü heç bir şey yoxdur. Siz də öz tarixinizi, mədəniyyətinizi sevdiyiniz və qoruduğunuz kimi, biz azərbaycanlılar da tariximizi, mədəniyyətimizi öyrənir, mədəni-mənəvi irsimizi bu gün də yaşadırıq.

Hörmətli cənab Anderson! Onu deyim ki, kral sarayı yaxınlığındakı vulkanlar yatağı da öz qeyri-adi, sərt gözəlliyi ilə məni cəlb etdi. Sonda isə demək istərdim ki, Sizin sayənizdə əldə etdiyim qiymətli məlumat və gördüklərimin təəssüratı bu günümü gözəl və qədim tarixli ölkənizə səfərimin ən yadda qalan günlərindən biri edir. Sizə bir daha təşəkkürümü bildirir, Sizinlə xatirə şəkli çəkdirməyimdən məmnunluq duyuram. Çox sağ olun!