Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironov başda olmaqla Federasiya Şurasının nümayəndə heyəti ilə görüşü - Prezident sarayı, 24 may 2002-ci il


Azərbaycan Prezidenti Heydər Əliyev qonaqları salamlayaraq, Rusiya parlamenti üzvlərinin Azərbaycanda olduqları qısa müddətdə bir sıra faydalı görüşlər keçirməsindən xəbərdar olduğunu bildirdi. Respublikamızın rəhbəri Azərbaycan xalqının slavyan mədəniyyətinə, rus dilinə məhəbbətinin nümunəsi olan Bakı Slavyan Universitetinin fəxri doktoru adına layiq görülməsi münasibətilə Sergey Mironovu təbrik etdi.

Azərbaycan prezidenti Federasiya Şurasının başçısına müraciətlə dedi ki, Sergey Mironovun vaxtilə hərbi xidmətdə olduğu Gəncə şəhərini özünün səfər proqramına daxil etməsi onu müsbət cəhətdən səciyyələndirir.

Sergey Mironov Azərbaycana dəvətə görə dövlətimizin başçısına təşəkkür etdi. O, Rusiya nümayəndə heyətinin mehribanlıqla qarşılandığı Milli Məclisdə keçirilmiş görüşlərdən məmnun qaldığını da bildirdi.

Sergey Mironov vurğuladı ki, Bakı Slavyan Universitetində keçirilmiş görüş, Rusiyaya məhəbbət və dostluq hisslərinin səmimiyyətlə izhar edilməsi ona unudulmaz təsir bağışladı.

Federasiya Şurasının başçısı dini konfessiyaların rəhbərləri ilə keçirilmiş görüşdən danışaraq, Azərbaycanda aparılan milli siyasəti müdrik siyasət adlandırdı.

O dedi, Rusiya parlamentinin üzvləri Şəhidlər xiyabanını ziyarət etdilər. Sergey Mironov xiyabanın xatirə kitabında yazdığı bu sözləri sitat gətirdi: «Siyasətçilərin səhvləri üzündən öz ölkəsinin yüzlərlə günahsız vətəndaşının güdaza getməsi dəhşətli bir haldır. Mən Azərbaycan xalqı ilə birlikdə kədərlənirəm». O bildirdi ki, Azərbaycan paytaxtında olduğu qısa müddətdə bu şəhər özünün səliqə-sahmanı, habelə sakinlərin səmimi münasibəti ilə ona və həmkarlarına yaxşı təsir bağışlamışdır.

Sergey Mironov bəyan etdi ki, Federasiya Şurası başçısının sədrliyi ilə Azərbaycan, Gürcüstan, Ermənistan parlamentləri rəhbərlərinin Sankt-Peterburqda qapalı formatda görüşünü keçirmək barədə onun irəli sürdüyü təşəbbüsü Milli Məclisin sədri bəyənmişdir. Həmin təşəbbüsü Gürcüstan və Ermənistan parlamentlərinin başçıları da dəstəkləmişlər. Nəzərdə tutulduğuna görə, belə görüşlər rübdə bir dəfə növbə ilə Qafqaz ölkələrinin paytaxtlarında keçiriləcəkdir. Belə görüşlərin keçirilməsindən əsas məqsəd parlamentlərarası əlaqələri inkişaf etdirmək və regiondakı münaqişələrin nizama salınması prosesində ölkələrin rəhbərlərinə kömək göstərməkdir.

Sergey Mironovun sözlərinə görə, Rusiyanın prinsipial mövqeyi ondan ibarətdir ki, Qarabağ probleminin tənzimlənməsi yalnız iki ölkənin mənafelərinin gözlənilməsi şərti ilə mümkündür.

Rusiya maksimum kömək etməyə və lazım gələrsə, hər hansı razılaşmaların təminatçısı olmağa hazırdır. O, qapalı formatda görüşün səmərəliliyini bununla bağladı ki, o, məhdud tərkibdə keçiriləcək və formal xarakter daşımayacaqdır.

Prezident Heydər Əliyev qonağın belə bir fikri ilə razılaşdı ki, nümayişkaranə xarakter daşıyan və nümayəndə heyətlərinin, müşayiət edən şəxslərin, televiziya işçilərinin iştirakı ilə keçirilən görüşlər Qafqazın mürəkkəb və kəskin məsələlərinin həlli kimi məsələdə çətin ki, konkret nəticələr versin. Dövlətimizin başçısı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq dedi ki, bu münaqişə son dərəcə mürəkkəbdir, özü də məhz ona görə mürəkkəbdir ki, ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, bütün azərbaycanlıları oradan didərgin salmışlar – indi onlar çox ağır şəraitdə yaşayırlar – və həmin əraziləri işğal altında saxlayaraq, Dağlıq Qarabağa müstəqillik statusu verilməsini və ya onun Ermənistana birləşdirilməsini tələb edirlər. Prezident Heydər Əliyev bəyan etdi ki, Azərbaycan bununla razı deyildir və bu məsələ Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən həll olunmur.

ATƏT-in Minsk qrupu bu münaqişənin həlli üzərində 10 ildən çoxdur işləyir. Son illər Rusiya Prezidenti Vladimir Putinin, ABŞ Prezidenti Corc Buşun, Fransa Prezidenti Jak Şirakın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında bir sıra görüşlər, o cümlədən təkbətək görüşlər keçirilmiş, lakin bütün bu görüşlər bir nəticə verməmişdir.

Azərbaycan prezidenti təcavüzkar separatizmdən danışaraq vurğuladı ki, dünyada heç bir ölkə öz ərazisinin bir hissəsinin ondan qoparılması ilə razılaşa bilməz. Dövlətimizin başçısı bununla əlaqədar Rusiyanı misal göstərərək dedi ki, məgər Rusiya öz ərazisinin hər hansı bir hissəsinin kiməsə verilməsi ilə razılaşa bilərmi? Neçə vaxtdır Çeçenistanda müharibə gedir, şübhəsiz ki, orada terrorçular var və beynəlxalq terrorizmlə mübarizə gedir. Bununla belə, bütün bunların əsas səbəbi odur ki, çeçenlər müstəqillik tələb edirdilər. Onlar hətta bir vaxtlar öz respublikasını yaratmış və onu İçkeriya adlandırmışdılar.

Onlar dünyanın başqa dövlətləri ilə əlaqə saxlamağa başladılar, ancaq Rusiya bununla razılaşmadı və düz də etdi. Mən Rusiyanı dəstəkləyirəm».

Prezident Heydər Əliyev daha sonra vurğuladı ki, Ermənistanla Azərbaycan arasında münaqişədə də söhbət Dağlıq Qarabağ tərəfindən təcavüzkar separatizmdən gedir və Ermənistan bu separatizmi lap əvvəldən dəstəkləmişdir. Sonra Ermənistan bu proseslərin bilavasitə iştirakçısı və münaqişə tərəfi oldu, Azərbaycanla müharibə apardı.

Dövlətimizin başçısı bəyan etdi ki, Azərbaycanın ərazisi toxunulmaz olmalı, ölkənin pozulmuş ərazi bütövlüyü bərpa edilməlidir.

Azərbaycan Ermənistan ərazisinin heç bir hissəsinə göz dikməyibdir. Mayın 12-də Praqada Azərbaycan və Ermənistan prezidentləri nümayəndələrinin görüşü keçirildi, iki prezidentin yaxın vaxtlarda görüşü haqqında razılaşma əldə etmək lazımdır.

Azərbaycan prezidenti bildirdi ki, münaqişə həll olunmadan Ermənistanla əməkdaşlıqdan danışmaq qeyri-mümkündür.

Prezident Heydər Əliyev ilkin mərhələdə Rusiya, Azərbaycan və Qazaxıstanın iştirakı ilə Xəzəryanı ölkələrin Parlamentlərarası Assambleyasının yaradılmasına dair Sergey Mironovun təklifi barədə öz fikrini söyləyərək dedi ki, təşəbbüs diqqətəlayiqdir, lakin bu həmin formatdan kənarda qalan dövlətləri təcrid edə bilər, bu isə mövqelərin yaxınlaşmasına imkan verməyəcəkdir. Azərbaycan Xəzərin statusu məsələsinin bütün Xəzəryanı ölkələrin birgə səyləri ilə həll olunmasını istəyir.

Görüşün sonunda Sergey Mironov dövlətimizin başçısına xatirə olaraq kitab təqdim etdi. Sonra Azərbaycan Pprezidenti Heydər Əliyev və Rusiya nümayəndə heyətinin üzvləri xatirə şəkli çəkdirdilər.