Heydər Əliyev: Hörmətli cənab səfir, Azərbaycana xoş gəlmisiniz. Amerikanın Azərbaycandakı səfirini də salamlayıram, çoxdandır görməmişdim. Güman edirəm ki, sizin Azərbaycana səfərinizin məqsədi Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar müəyyən məlumatlar toplamaq və bizə kömək etməkdən ibarətdir. Əgər belədirsə, mən bu təşəbbüsü alqışlayıram. Bundan çox məmnunam.
Con Ordvey: Cənab prezident, ilk öncə Sizə minnətdarlığımı bildirmək istəyirəm ki, vaxtınızı ayırıb bizimlə görüşürsünüz. Buna görə Sizə minnətdaram. Sizinlə görüşmək bizim üçün çox xoşdur. Sizin dediyiniz kimi, həqiqətən, bizim belə bir məqsədimiz vardır və bu təşəbbüs bizim hər ikimizdən, xüsusilə səfir Uilsondan gəlibdir ki, Azərbaycanda və Ermənistanda olan Amerika səfirləri qarşılıqlı səfərlər etsinlər. Altı ay bundan əvvəl cənab Uilson Ermənistanda oldu və indi mən Azərbaycandayam.
Burada olduğum müddətdə tələbələrlə, dini icmaların, müxalifət partiyaların nümayəndələri ilə, deputatlarla və rəsmi adamlarla görüşmüşəm. Azərbaycan haqqında daha geniş məlumat əldə etmişəm. Çalışmışam ki, məsələnin dərinliyini anlayım, Azərbaycanın mövqeyini başa düşüm. Bundan sonra inamım daha da artıbdır ki, gərək hamımız münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün gücümüzü sərf edək.
Əlbəttə, Minsk qrupu və həmsədrlər bu məsələnin həlli ilə ciddi məşğul olurlar. Biz də - cənab Uilson da, mən də çalışırıq ki, bu prosesə dəstək verək, öz mövqeyimizi bildirək.
Minsk qrupunun həmsədrləri də, ona daxil olan ölkələr də belə fikirdədirlər ki, məsələni sülh yolu ilə həll etmək lazımdır. Sizin özünüz də dəfələrlə bunun tərəfdarı olduğunuzu bildirmisiniz. Mən də bunu prezident Koçaryandan dəfələrlə eşitmişəm. Beləliklə, hamımız bu fikirdəyik ki, məsələnin həllinin müharibə yolu yoxdur. Ona görə də siyasi kompromislər axtarmaq lazımdır, siyasi iradə olmalıdır ki, məsələ həll olunsun. Məsələnin həlli nəticəsində həm sizin ölkənizin, həm Ermənistanın, həm də ümumiyyətlə, regionun inkişafı təmin edilər. Biz də öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, buna yardımçı olaq.
Onu da demək istəyirəm ki, yenidən Bakıda olmaq mənim üçün çox xoşdur, sevindiricidir. Mənə 1986-cı ildə də buraya gəlmək müyəssər olmuşdur. İndi Bakıda çox böyük, müsbət dəyişikliklərin şahidiyəm. O zaman gənc Amerika siyasi liderləri deyilən bir qurum var idi. Mən onun nümayəndələrinin tərkibində buraya gəlmişdim.
Heydər Əliyev: Çox gözəl, müqayisə etmək imkanınız var.
Con Ordvey: Əlbəttə, müqayisə etməyə imkan vardır. Lakin bu heç müqayisə olunası deyildir. Çünki bu dəfə Bakını daha firavan, daha gözəl, daha yaraşıqlı görürəm.
Heydər Əliyev: Çox sağ olun. Mən sizi çox diqqətlə dinlədim və Azərbaycana bu səfərinizi, burada apardığınız işləri bəyənirəm. Bu, bizə lazımdır, xüsusən, Azərbaycana lazımdır. Çünki lazımdır ki, həm Ermənistanda, həm Vaşinqtonda, həm Minsk qrupunda, həm də həmsədrlərdə - hamıda Azərbaycanın bugünkü reallığı haqqında, - mən bunu Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar olaraq deyirəm, - doğru-düzgün, dolğun məlumat olsun. Mənim şübhəm yoxdur, təbiidir ki, Amerikanın Azərbaycandakı səfirliyi, səfir və onun işçiləri bu vəzifəni həyata keçirirlər. Amma eyni zamanda, münaqişənin o tərəfində olan ölkədəki Amerika səfirinin də Azərbaycanda olmasının, burada müəyyən bilgilər toplamasının və məlumatı ümumiləşdirməsinin çox əhəmiyyəti var.
Siz bizim dövlətimizin, şəxsən Azərbaycan prezidentinin Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar mövqeyini yaxşı bilirsiniz. Mövqe məlumdur, mən dəfələrlə demişəm, - biz məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq və bundan sonra da çalışacağıq. Ancaq məsələnin uzun müddət həll olunmaması, sülh yolu ilə həll edilməsi haqqında verdiyimiz vədlərin yerinə yetirilməməsi, təbiidir, bizim cəmiyyətdə müxtəlif fikirlər, müxtəlif əhval-ruhiyyə oyadır. Güman edirəm ki, siz onu bu günlərdə görmüsünüz və eşitmisiniz.
Mən bu gün də deyirəm, məsələni sülh yolu ilə həll etmək lazımdır. Ancaq indiyə qədər məsələnin həll olunmaması, Ermənistanla müqayisədə Azərbaycanın vəziyyətini çox-çox ağırlaşdırır. Mən Ermənistanın daxili iqtisadi-siyasi vəziyyətini kənara qoyaraq, demək istəyirəm ki, Ermənistan torpağının bir metri də işğal olunmayıbdır. Ermənistanın öz ərazisindən olub köçkün vəziyyətində yaşayan insanlar yoxdur. Çadırlarda yaşayanlar yoxdur. Ən əsası odur ki, Ermənistanın ərazisi tamamilə öz əlindədir. Ərazi bütövlüyü hər bir suveren dövlətin əsasını təşkil edir. Ermənistanda ərazi bütövlüyü onun dövlət müstəqilliyi əldə etməsindən indiyə qədər tam mövcuddur. Amma Azərbaycanda yox. Ölkəmizin ərazi bütövlüyü pozulubdur və indiyə qədər biz onu bərpa edə bilmirik. Bax, fərq bundan ibarətdir.
Təbiidir ki, məsələnin uzanması Ermənistan üçün də əlverişli deyildir. Lakin bu, Ermənistanı bizim düşdüyümüz kimi ağır vəziyyətə salmır. Ona görə prezident Koçaryan danışıqlarda bəzən mənə deyir ki, biz indiyə qədər belə yaşamışıq və bundan sonra da yaşaya bilərik. Dağlıq Qarabağ Ermənistanla birbaşa birləşdirilib, ikinci tərəfdən, Dağlıq Qarabağ özünü “müstəqil dövlət” elan edibdir. Düzdür, onu müstəqil dövlət kimi tanıyan dövlət yoxdur. Amma ayrı-ayrı siyasi xadimlər Dağlıq Qarabağı ziyarət edirlər, onu tanıyırlar, belə hallar var.
Bu gün mən məlumat aldım, Ermənistan mətbuatında dərc olunmuşdur ki, ABŞ-ın 46 konqresmeni Dağlıq Qarabağın tanınması haqqında bəyanat veriblər. Arkadi Qukasyanı və Dağlıq Qarabağı orada keçirilmiş seçkilər münasibətilə təbrik edirlər, onun tam “demokratik ölkə” olduğunu bəyan edirlər və hətta dövlətləri, ölkələri də çağırırlar ki, Dağlıq Qarabağın müstəqilliyini tanısınlar.
Mən bir neçə gün öncə belə məlumat aldım ki, İngiltərədə, bilmirəm, deyəsən, Lordlar Palatasında, yoxsa haradasa, bir neçə lordun təşəbbüsü ilə Dağlıq Qarabağın müstəqilliyi haqqında məsələ müzakirə etmək istəyirlər.
Bu məlumatları sizə çatdıraraq, istəmirəm düşünəsiniz ki, mən Amerika Birləşmiş Ştatlarını bu barədə qınayıram. Bunları mən sizə çatdırıram ona görə yox ki, məsələn, mənə izahat verəsiniz, nə üçün bu konqresmenlər belə edirlər. Mən bunu başa düşürəm, siz nə deyə bilərsiniz? Bunları ona görə deyirəm ki, Dağlıq Qarabağ, Ermənistan belə halda yaşaya bilər. Amma Azərbaycan yaşaya bilmir. Fərq bundan ibarətdir. Ona görə də bu məsələnin həllinə yardım edə bilən hər bir kiçik qüvvəyə bizim hörmətimiz var. Biz bu vəziyyətdən çıxmalıyıq. Bu, ya sülh yolu ilə həll olunmalıdır, yaxud da ki, xalq müharibəyə qalxıb öz torpaqlarını azad etməlidir. Üçüncü yol yoxdur. Biz müharibəni kənara qoyuruq, qeyri-məqbul hesab edirik. Deməli, bir yol qalır: sülh yolu. Bəs, sülh yolu ilə daha nə etmək, hansı tədbirləri görmək olar? Mənim sizinlə söhbətim bax, buna aiddir.
Con Ordvey: Cənab prezident, icazə verin, ilk əvvəl mən Sizə bildirim ki, Amerika Birləşmiş Ştatlarında xarici siyasəti Konqres deyil, prezident müəyyən edir. Prezident Buşun da belə niyyəti yoxdur ki, Dağlıq Qarabağ adlandırılan bir qurumu tanısın. O da Sizə və hamıya məlumdur ki, heç bir dövlət Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır.
Heydər Əliyev: Cənab səfir, sizə dedim ki, mən bundan narahat deyiləm. Bilirəm ki, cənab Buş onu heç vaxt tanımaz, hər hansı dövlət tanımaz. Mən bundan narahat deyiləm. Mən bunu sizə fakt kimi ona görə deyirəm ki, siz biləsiniz, məsələn, Dağlıq Qarabağ, Ermənistan belə vəziyyətdə yaşaya bilər. O ki qaldı siyasətə, mən ABŞ-da kimin hansı siyasət apardığını bilirəm. Amma 907-ci maddənin götürülməsini prezident Konqresə qəbul etdirə bilmirdi. Xarici təxsisatları Konqres verir. Konqres bu il yenə Dağlıq Qarabağa maliyyə yardımı ayırıb və prezident də bunu təsdiq edibdir. Nəhayət, sizi, Amerika Birləşmiş Ştatlarının xarici ölkələrdəki səfirlərini də Konqres təsdiq edir. Beləliklə, Konqres xarici siyasətdən kənarda deyildir. Bunu sizə, sadəcə, cavab üçün dedim. Amma gəlin, bunun üzərində dayanmayaq, əsas məsələyə keçək.