Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev ATƏM-in Minsk Konfransının sədri Mario Raffaelli ilə görüşmüşdür - 10 iyul 1993-cü il


İyulun 10-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyev ATƏM-in Minsk konfransının sədri Mario Raffaellini qəbul etdi.

Yüksək qonağı ATƏM sədrinin şəxsi nümayəndəsi general Berqman, ATƏM nümayəndə heyəti başçısının müavini Elizabet Borsin Bonyer, Minsk konfransı sədrinin müavini Mario Siko, M. Raffaellinin müşaviri Luka Fornari, hərbi ekspert polkovnik Kiardi müşayiət edirdilər.

Ölkəmiz Azərbaycan Respublikası Ali Sovetinin beynəlxalq münasibətlər şöbəsinin müdiri Namiq Axundov, xarici işlər nazirinin müavini Albert Salamov, Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə ilə təmsil olunmuşdu.

Qonağı səmimi salamlayan Heydər Əliyev bildirdi ki, ATƏM-in Minsk konfransının sədrinin yolunu çox və səbirsizliklə gözləməli olmuşlar. Çünki M.Raffaellinin səfərinin gözlənildiyi və təxirə salındığı müddətdə ermənilərin təcavüzü nəinki azalmamış, əksinə, onlar yeni ərazilər zəbt etmişlər.

"Görünür, hansısa "bədxah qüvvə" Sizin Azərbaycana gəlişinizə ciddi əngəl törətmişdir". Ali Sovetn sədri bu fikri dönə-dönə qeyd etmişdir.

Bu da bildirilmişdir ki, həmin "bədxah qüvvə" italyan diplomatının mindiyi təyyarənin də vaxtında Bakıya çatmasına əngəl törətmişdir.

Azərbaycan Respublikası Ali Sovetinin sədri münaqişənin ATƏM çərçivəsində sülh yolu ilə həll edilməsinə Azərbaycanın sadiqliyini bir daha qeyd etmişdir.

Mario Raffaelli cavab nitqində səmimi qəbul üçün təşəkkürünü bildirdi. O qeyd etdi ki, işin formal cəhəti ilə bağlı çətinliklər artıq arxada qalmışdır.

Sonra söhbət mətbuat nümayəndələri olmadan davam etdirilmişdir. Təxminən 2 saat yarımdan çox sürən görüşdən sonra jurnalistlər M.Raffaelliyə bir neçə sual vermişlər. Onlardan birinə cavab verərkən italyan diplomatı bildirmişdir ki, Heydər Əliyev səriştəli siyasətçidir və onun bu keyfiyyəti münaqişənin həllində xeyli kara gələcəkdir.

"Azərbaycan 1993 Anarxiyadan Sabitliyə", Baki 2000 səh 56.