Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gülhanə Tibb Akademiyasını tərk etdikdən sonra Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə görüşdəki söhbətindən - Ankara, Çankaya köşkü, 29 yanvar 1999-cu il


Süleyman Dəmirəl:  Çox hörmətli cümhur başqanı Heydər Əliyevin tam sağalmasından mən çox böyük məmnunluq duyuram. Bu gün əziz dostum, qardaşım xəstəxanadan çıxdı.

İndi biz Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq, iş birliyi məsələlərini bir daha müzakirə edəcəyik. İki qardaş və dost ölkə arasındakı münasibətlər örnək münasibətləridir və dostluğumuz əbədidir. Sizə "Keçmiş olsun!" deyirəm. Azərbaycan xalqına, Azərbaycana bir ömür verdiyi hizmətlərlə öz ölkəsini idarə etmək imkanına yenidən qovuşmusunuz. Başarılar, uğurlar diləyirəm.

Heydər Əliyev: Əziz dostum, qardaşım, Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmirəl! Məni Türkiyəyə müalicəyə dəvət etdiyinizə görə, mən bir az rahatsız olduğum zaman dərhal mənə qayğı, diqqət göstərdiyinizə görə və çox təlaş etdiyinizə görə və nəhayət, dəvət edib mənim Türkiyəyə gəlməyimə şərait yaratdığınıza görə sizə təşəkkür edirəm. Bizim dostluğumuz, qardaşlığımız bizim xalqlarımızın, ölkələrimizin dostluğu, qardaşlığıdır. Ancaq bu, hamıya məlumdur ki, sizinlə mənim aramda otuz ildən artıq bir şəxsi dostluq da vardır və bu dostluq son illərdə, Azərbaycan öz müstəqilliyini, istiqlaliyyətini əldə edəndən sonra bizim ölkələrimizin bir-birinə daha da yaxınlaşması, iş birliyi qurması dostluq, qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün çox əhəmiyyətli olmuşdur.

Hörmətli prezident, hörmətli dostum, siz çox qayğıkeş insansınız. Mən bunu həmişə görmüşəm və dünya da görür. Siz çox böyük qəlbli insansınız, siz çox böyük zəkalı insansınız. Ona görə sizin kimi bir şəxslə dostluq etmək mənim üçün böyük şərəfdir və mən bundan çox məmnunam, bunu həyatımın ən gözəl bir səhifəsi hesab edirəm.

Siz məni buraya dəvət etdiniz. Mən gəldim, 12 gün Gülhanə xəstəxanasında, Tibb Akademiyasında qaldım. Məni orada çox gözəl müalicə etdilər, müayinə etdilər. Mən Türkiyənin Gülhanə xəstəxanası, Tibb Akademiyası kimi bir tibb mərkəzinin olmasından da çox böyük iftixar hissi keçirirəm. Çünki Türkiyə Cümhuriyyətinin hər bir tərəfi bizim üçün əhəmiyyətlidir və bizim üçün örnəkdir. Biz həmişə bununla fəxr edirik. Türkiyənin dövləti ilə də fəxr edirik, ordusu ilə də fəxr edirik, tarixi ilə də fəxr edirik. Türkiyənin dünyada tutduğu bugünkü önəmli yerlə, hörmətli, inkişaf etmiş bir dövlət, dünyada böyük bir yer tutmuş dövlət olduğuna görə də fəxr edirik.

Ancaq bu qədər yüksək dərəcəli bir tibb mərkəzinin, 100 illik tarixi olan tibb mərkəzinin olmasını görməyim mənim üçün çox önəmli, əhəmiyyətli oldu. Oradakı həkimlər, bütün tibb işçiləri mənə çox böyük qayğı, diqqət göstərdilər. Mən on il idi ki, həkim görməmişdim. Bəlkə də bu, taleyin işiymiş, məni məcbur etdi ki, həkimlər məni görsünlər, müayinə etsinlər. Bunlar hamısı mənim üçün çox əhəmiyyətlidir.

Ancaq bəzən, ola bilər, təəccüb doğursun. Çünki mən xəstəxanada olduğum zaman hər gün siz oraya gəldiniz. Əlcəzairdə olduğunuz zaman iki gün görüşmədik, amma o vaxt oradan da telefon etdiniz. Bu, qeyri-adi bir haldır. Bu, bir tərəfdən sizin nə qədər böyük insan olduğunuzu göstərir, nə qədər qayğıkeş insan olduğunuzu göstərir, eyni zamanda sizinlə mənim aramda olan dostluğun nə qədər sarsılmaz olduğunu göstərir, həm də Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun nə qədər yüksək zirvədə olduğunu göstərir. Sizin bu qayğınız, sizin bu diqqətiniz və hər gün mənimlə görüşməyiniz mənim üçün böyük bir şərəfdir. Hətta bəzən mən sıxılırdım. Mən deyirdim, tez buradan çıxım, çünki Türkiyə kimi böyük dövlətin cümhur başqanını işindən ayırıram. Gəlir bura, bir saat söhbət edirik. Ancaq söhbətlərimiz də faydalı olurdu. Çünki siz dediyiniz kimi, bir çox məsələlər barədə söhbət edirdik.

Bəli, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı çox yüksək səviyyədədir, həm siyasi, həm iqtisadi, həm insani, humanitar əlaqələr. Biz bir-birimizə çox qovuşmuşuq və qovuşmalıyıq, bundan sonra da qovuşacağıq. Hesab edirəm ki, bu dostluq dünyada dost, qardaş axtaran ölkələr üçün bir nümunədir. Azərbaycan həmişə Türkiyə xalqına, türk torpağına sadiq olubdur.

Biz keçən il oktyabr ayının 29-da Türkiyə Cümhuriyyətinin 75-ci ildönümünü bayram etdik. Biz də bu bayramda iştirak etdik və böyük öndər Mustafa Kamal Atatürkün qurduğu bu cümhuriyyətin nə qədər böyük nailiyyətlər əldə etdiyinin şahidi olduq. O günlər biz burada türk xalqının öz cümhuriyyətinə nə qədər sədaqətli olduğunu, Türkiyə Silahlı Qüvvələrinin nə qədər güclü olduğunu və Türkiyə dövlətinin nə qədər güclü, qüdrətli olduğunu hiss etdik və bir daha gördük. Bu, mənim üçün və bütün Azərbaycan xalqı üçün qürur hissi doğurur. Çünki biz, siz birik. Sizdə nə varsa, o bizim üçün də iftixar hissi doğurur. Mən sizə bir daha təşəkkür edirəm. Mən sizə ömürlük borclu oldum. Sizin bu qayğınıza, diqqətinizə görə ömürlük borclu oldum. Arzu edirəm ki, sizin canınız həmişə sağlam olsun. Allaha şükürlər olsun ki, çox da sağlamdır. Həmişə sağlam olsun və heç vaxt bir xəstəlik görməyəsiniz, xəstəxanaya düşməyəsiniz. Mən də bundan sonra çalışacağam ki, xəstəxanaya düşməyim və bizim görüşlərimiz xəstəxanada olmasın. Mən sizə çox təşəkkür edirəm.