Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə iki ölkənin nümayəndə heyəti arasında Azərbaycan-Qazaxıstan danışıqlarından - Prezident sarayı, 7 aprel 2000-ci il


Heydər Əliyev: Zati-aliləri cənab prezident, hörmətli Nursultan Nazarbayev!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda ürəkdən salamlayıram və səmimi-qəlbdən "Xoş gəlmisiniz!" deyirəm.

Hörmətli Nursultan Nazarbayev, mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəldiyinizə görə sizə təşəkkürümü bildirirəm. Azərbaycanda rəsmi səfərdə olduğunuz vaxtdan dörd il keçmişdir. Bu müddətdə ölkələrimiz, dövlətlərimiz, xalqlarımız arasında münasibətlər uğurla inkişaf etmişdir. Biz sizinlə dəfələrlə görüşmüşük - mən Qazaxıstana səfər etmişəm, biz sizinlə Astanada, beynəlxalq forumlarda, MDB-nin zirvə toplantıları zamanı görüşmüşük və həmişə əlaqə saxlamışıq. Bir çox nümayəndə heyətlərimiz qarşılıqlı səfərlər etmişlər. Əslinə baxsan, bütün bunlar da münasibətlərimizin inkişafına təkan vermişdir.

Buna baxmayaraq, biz daha da irəliləməli, yeni-yeni məsələləri həll etməliyik. Bu baxımdan əlbəttə ki, sizin Azərbaycana rəsmi səfərinizin bizim üçün çox böyük əhəmiyyəti var.

Biz sizinlə təkbətək görüş zamanı bir çox məsələlər barəsində fikir mübadiləsi apardıq və bir daha gördük ki, keçmiş zamanlarda ümumi köklərə, ümumi tarixə, ümumi taleyə malik olmuşuq. Biz dövlət müstəqilliyi əldə etdikdən sonra daha çox qarşılıqlı anlaşmaya və sıx əməkdaşlığa ehtiyac duyuruq.

Ölkələrimiz arasında əməkdaşlıq, şübhəsiz, geniş spektrə malikdir, hərçənd, ola bilsin, biz əmtəə dövriyyəsinin həcmindən razı qala bilmərik və s. Buna baxmayaraq, əməkdaşlıq var, inkişaf edir. Ən başlıcası isə böyük perspektivlər var.

Bizim sizinlə əməkdaşlığımız üçün Xəzər dənizinin enerji ehtiyatlarının mənimsənilməsində xüsusilə böyük imkanlar var. Mən sevinirəm ki, biz sizinlə bu məsələdə eyni mövqe tuturuq, şübhəsiz, öz sektorlarımızın hüdudları daxilində Xəzər dənizinin enerji ehtiyatlarından ölkələrimizin mənafeləri naminə istifadə olunmasını zəruri hesab edirik.

Siz bilirsiniz ki, bununla əlaqədar biz 1994-cü ildən başlayaraq xarici neft şirkətləri ilə çox müqavilələr imzalamışıq və 1997-ci ildə ilk nefti çıxarmışıq, iki neft kəməri - Bakı-Novorossiysk və Bakı-Supsa kəmərlərini çəkmişik, neft ixrac edirik. Lakin bu, yalnız başlanğıcdır. İndiyədək görülmüş bütün işlər, şübhəsiz, göstərir ki, bu baxımdan gələcək çox maraqlı və zəngindir.

Biz sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq və şadam ki, biz eyni mövqelərdəyik. Siz Qazaxıstanda, Xəzərin özünüzə aid sektorunda böyük iş görürsünüz və mən bunu sevinclə izləyirəm. Əminəm ki, siz orada böyük nəticələr əldə edəcəksiniz, deməli, biz bu sahədə də əməkdaşlığı genişləndirəcəyik.

Nursultan Abişoviç, Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında 1998-ci ildə Türkiyədə Ankara bəyannaməsini imzalamağımızı və 1999-cu ilin noyabrında İstanbulda, ATƏT-in zirvə görüşü zamanı Bakı-Ceyhan neft kəməri haqqında böyük sənəd imzalamağımızı mühüm hadisə hesab edirəm. Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton da bizim imzalarımıza qoşuldu.

Sizə məlumat verməliyəm ki, bundan sonra biz - Türkiyə, Azərbaycan və Gürcüstan - fəal işləyirik, çox görüşlər keçirmişik, bu neft kəmərinin dəyərini müəyyənləşdirmişik. Kommersiya məsələlərinə dair Gürcüstanla danışıqlarda bəzi çətinliklər vardı. Lakin bu layihənin həyata keçirilməsinə başlaya bilməyimiz üçün Azərbaycan Gürcüstan tərəfinə güzəştə getdi və yaxın vaxtlarda Vaşinqtonda Türkiyə, Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin görüşü olacaqdır. Onlar kommersiya məsələlərini bir daha müzakirə edəcək, ən başlıcası isə maliyyələşdirmə mənbələrini müəyyənləşdirmək üçün Dünya Bankı, Eksimbank, digər maliyyə mənbələri ilə danışıqlar aparacaqlar.

Biz - Türkiyə, Azərbaycan və Gürcüstan - razılığa gəlmişik ki, apreldə kommersiya sənədlərinin imzalanmasını başa çatdırmalı və kompleks şəklində bütün sazişi öz parlamentlərimizin ratifikasiyasına təqdim etməliyik, onu nəzərdə tuturuq ki, bu ratifikasiya may ayında edilsin və neft kəmərinin tikintisi məsələsi ilə məşğul olan konsorsium cari ilin iyununda layihənin əməli surətdə reallaşdırılmasına başlaya bilsin. Hesab edirəm ki, bütün bunlar mümkün olacaqdır və onların vəd etdikləri kimi, Bakı-Tbilisi-Ceyhan neft kəməri 2002-ci ildə istismara verilə bilər.

Yəni, quruda çıxarılan və dənizdə çıxarılacaq Qazaxıstan nefti üçün, əlbəttə, neft ixracının indi istifadə etdiyiniz digər variantları ilə yanaşı, böyük imkan açılır. Sizin özünüzün dediyiniz kimi və bizim də hesab etdiyimiz kimi, bu marşrut sizin üçün çox faydalı olacaqdır. Siz bilirsiniz ki, neft kəməri olmadan da biz dünya bazarlarına ixrac üçün Qazaxıstandan neftin daşınmasını həyata keçiririk. Son beş ildə biz Batumiyədək, oradan isə Qərbə təxminən 5 milyon ton neft göndərmişik. Biz bu birgə işimizi bundan sonra da davam etdirməyə və göndərilən neftin həcmini hətta artırmağa da hazırıq. Bir sözlə, belə düşünürəm ki, biz bu sahədə çox işlər görmüşük və gələcək üçün böyük imkanlar var. Əlbəttə, biz təkcə neft sahəsində deyil, digər bütün sahələrdə də əməkdaşlığı inkişaf etdirməliyik. Bakı-Aktau bərə-keçidini açmağımız Qazaxıstanın şimal vilayətləri üçün də, Azərbaycan üçün də artıq öz müsbət nəticələrini verir. Belə düşünürəm ki, biz ticarət-iqtisadi əlaqələrimizi fəallaşdırmaq üçün bu imkanları bundan sonra da inkişaf etdirəcəyik.

Biz bir çox digər məsələlərdə də eyni mövqelərdəyik. Yəni Qazaxıstanda da, Azərbaycanda da demokratik, hüquqi, dünyəvi dövlətlər qurulur, biz bazar iqtisadiyyatı, özəlləşdirmə yolu ilə gedirik. Deməliyəm ki, bütün bunlar Azərbaycanda öz əməli nəticələrini verir. Siz bilirsiniz ki, 1990-cı ildən başlayaraq Azərbaycanda daxili ictimai-siyasi vəziyyət çox ağır idi. Vəziyyəti ağırlaşdıran o idi ki, 1988-ci ildən etibarən Ermənistan Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi ilə ölkəmizə qarşı təcavüz başlamışdı. Müharibə başlandı, onun nəticəsində müxtəlif səbəblərə görə Azərbaycan ərazisinin 20 faizi işğal edilmişdir, işğal olunmuş torpaqdan bir milyondan çox azərbaycanlı qovulmuşdur, onlar ağır şəraitdə, çadırlarda yaşayırlar.

Lakin 1994-cü ildə biz atəşkəsə razılıq verdik, müharibəni dayandırdıq. Hesab edirəm ki, bu da böyük işdir - qan tökülmür, müharibə getmir. Biz danışıqlar aparırıq, amma hələlik sülhə nail olmamışıq. ATƏT-in Minsk qrupu, onun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa ardıcıl iş aparırlar. 1999-cu il ərzində biz dincliklə nizamasalma prosesini sürətləndirmək üçün Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa görüşlər keçirmişik. Mövqelərimiz müəyyən qədər yaxınlaşmışdı və biz hansısa nəticələr əldə edə bilərdik. Ancaq ötən ilin oktyabrında Yerevanda baş vermiş terror aktı bu prosesi əslində dayandırdı və indi bizim fəal danışıqlar üçün hələlik imkanlarımız yoxdur.

Lakin mən sizə demişəm və bir daha bəyan edirəm, əminəm ki, biz - ATƏT-in Minsk qrupu, Azərbaycan və Ermənistan prezidentləri, - danışıqlar prosesinə yenidən başlayacağıq və məsələnin dincliklə nizama salınmasına nail olacağıq. Əlbəttə, bir şərtlə ki, məsələ beynəlxalq hüquq normaları əsasında həll edilsin, o mənada ki, işğal olunmuş ərazilər azad edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, qaçqınlar öz daimi yaşayış yerlərinə qayıtsınlar. Həm də biz bəyan etmişik və bəyan edirik ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verilə bilər.

1994-cü ildə atəşin dayandırılması, əlbəttə, vəziyyəti sabitləşdirməyə şərait yaratdı. Lakin, bildiyiniz kimi, biz Azərbaycanı əslində parçalayan daxili qüvvələri zərərləşdirmək üçün çox işlər görməli olduq. 1993-cü ildə burada vətəndaş müharibəsi başlandı və Azərbaycan fəlakət qarşısında, parçalanmaq qarşısında idi. Biz bütün bunları dəf edə bildik. Sonra iki dəfə - 1994-cü və 1995-ci illərdə - dövlət çevrilişi cəhdləri oldu. Biz bunların da qarşısını aldıq. Terror aktları cəhdləri oldu, biz bunlara da davam gətirdik.

Təxminən 1995-ci ildən başlayaraq biz Azərbaycanda ictimai-siyasi vəziyyəti sabitləşdirə, iqtisadiyyatın səviyyəsinin aşağı düşməsini dayandıra və onun artımına başlaya bildik. 1996-cı ildən bəri bizdə ümumi daxili məhsulda da, sənaye istehsalında da, kənd təsərrüfatı istehsalında da, digər göstəricilər üzrə də artım davam edir. İnflyasiyanın qarşısını aldıq, artıq neçə ildir ki, bizdə inflyasiya yoxdur. Biz əmək haqqını və pensiyanı vaxtında veririk. Mart ayı üçün bütün pensiyalar və əmək haqqı ödənilmişdir. Ötən il ümumi daxili məhsul 7 faiz, sənaye istehsalı 3 faizdən bir qədər çox, kənd təsərrüfatı istehsalı 7 faiz artmışdır. Biz cari ilin birinci rübünü də artımla başa çatdırmışıq.

Əlbəttə, bütün bunlar iqtisadi islahatlar aparılmasının nəticəsidir. Siz bilirsiniz ki, biz torpaq islahatı aparmışıq, torpağı tamamilə kəndlilərə vermişik. Bu isə bizə bitkiçilik, heyvandarlıq məhsullarını, bütün digər kənd təsərrüfatı məhsullarını artırmağa imkan yaratmışdır. Biz kiçik və orta özəlləşdirməni başa çatdırmışıq, indi iri obyektlərin özəlləşdirilməsi haqqında qanun qəbul edirik, tezliklə bu prosesə də başlayacağıq. Biz digər iqtisadi islahatlar da aparırıq.

Əlbəttə, plüralizm, demokratiya, azadlıq yaradılması da Azərbaycanda indi mövcud olan vəziyyəti təmin edir. Biz Qazaxıstandakı hadisələri böyük fərəh hissi ilə izləyirik və bilirik ki, orada gedən demokratikləşdirmə prosesləri, islahatlar aparılması öz nəticələrini verir.

Bu yaxınlarda ümumi azad seçkilər əsasında sizin yenidən Qazaxıstan prezidenti seçilməyinizi alqışlamışam və alqışlayıram. Əlbəttə, siz öz ölkənizin inkişafı üçün çox işlər görmüsünüz və görürsünüz. Bizi isə sizinlə ümumi tarixi köklər də, bugünkü təxminən oxşar vəziyyətimiz də birləşdirir. İndiki görüşümüz, imzalanmağa hazırlanmış sənədlər də, şübhəsiz, öz nəticələrini verəcəkdir. İndiyədək biz 50-dən çox dövlətlərarası, hökumətlərarası, idarələrarası sənəd imzalamışıq. Bu gün yeni sənədlər imzalanacaqdır. Odur ki, bu, sizin Azərbaycana rəsmi səfirinizin konkret, əməli nəticəsidir.

Sizə bir daha təşəkkürümü bildirirəm və ümidvaram ki, sizinlə bu gün də, sabah da məsələləri müzakirə etməyə imkanımız olacaqdır. Sabah türkdilli dövlətlərin başçılarının görüşü keçiriləcəkdir. Bizim üçün bu da çox mühüm hadisədir. Birisi gün ümumi tarixi sərvətimizin yubileyini - "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyini də sizinlə birlikdə qeyd edəcəyik.

Buna görə də şadam ki, Azərbaycanda bütün bu tədbirlər keçirilərkən siz bizimlə olacaqsınız. Təbii ki, bu, bizə söhbət etməyə, fikir mübadiləsi aparmağa, Qazaxıstan ilə Azərbaycan arasında dostluğu və həqiqi qardaşlıq münasibətlərini bir daha nümayiş etdirməyə imkan verəcəkdir.

Nursultan Nazarbayev: Heydər Əliyeviç, rəsmi səfərə gəlmək üçün dəvətinə görə, qardaşcasına qonaqpərvərliyinə görə, qəbula görə çox sağ olun. Mən sizin ölkənizə həmişə məmnuniyyətlə gəlirəm, dəvətinizi qəbul edirəm, çünki xalqlarımız arasında yalnız xeyirxahlıq və qardaşlıq hissləri olub, heç bir mənfi hallar olmayıbdır və yoxdur. Bu yaxşı münasibətlər hər iki dövlətin tərəqqisinə xidmət edir, bir-biri üçün dəstəkdir.

Siz danışıqlarımızın ayrıca bir hissəsində müzakirə etdiyimiz məsələlərdən danışdınız. Buna görə də mən onları təkrar etmək istəməzdim. Mən sizin fikirlərinizlə və dediyiniz təkliflərlə tam razıyam. Hesab edirəm ki, ikitərəfli iqtisadi münasibətlərimizin yaxşılaşması üçün ticarəti qaldırmaq lazımdır. Bu, hər şeyin əsasıdır. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin cəmi 25 milyon dollar olması nə sizi, nə də bizi qane etmir. Mənimlə birlikdə hökumətin altı üzvündən, "Qazaxoyl", "Qazaxtransoyl" şirkətlərinin və digər şirkətlərin prezidentlərindən ibarət mötəbər nümayəndə heyəti gəlmişdir. Ümidvaram ki, onlar bu gün də, sabah da öz həmkarları ilə gələcək əməkdaşlığımızın mövzusuna dair konkret danışıqlar aparacaqlar.

Ekspertlərimiz, hökumətlərimiz 9 sənəd hazırlamışlar, bunlar əməkdaşlıq üçün yeni yollar açacaq, dövlətlərimiz arasında müqavilə-hüquqi bazanı tamamlayacaqdır. Buna görə də istərdim, hökumətlərimizə tapşıraq ki, ölkələrimiz arasında ticarətin nə üçün artmamasının səbəblərini bir daha araşdırsınlar.

Mənə deyirlər ki, tarifləri razılaşdırmaq lazımdır. Axı problem nədədir? Dövlətdaxili prosedurlar zəif gedir - biz məhz nəyin getmədiyini deməliyik və bu məsələləri aradan götürərik. Deyirlər ki, Azərbaycan ərazisində dəmir yolu tarifləri mane olur. Bu gün biz sizinlə bu barədə də danışdıq. Əgər bunlar varsa, onları müzakirə etmək lazımdır. Deyirlər ki, hamımızın imzaladığı TRASEKA proqramı çərçivəsində əməkdaşlığı fəallaşdırmaq işində bizim tərəfimizdən həll edilməli hansısa məsələlər var. Biz onları aradan qaldırmalıyıq.

İkitərəfli razılaşmalar barəsində ötən il oktyabrın 22-də biz iqtisadi əməkdaşlıq proqramı imzaladıq. Gərək hökumətlər bu məsələləri nəzərdən keçirib konkret surətdə həll etsinlər. Bizim iqtisadi əməkdaşlıq üzrə ikitərəfli komissiyamız var. Biz tərəfdən ona Baş nazirin müavini Əhmədov başçılıq edir. Heydər Əliyeviç, biz bu komissiyaya həmin məsələləri müzakirə etməyi tapşırmalıyıq.

Məni çox sevindirir ki, sizin ölkəniz sayəsində bərə keçidi 9 ildən sonra, nəhayət, açılmışdır. Qazaxıstandakı azərbaycanlılar sizə, Azərbaycandakı qazaxlar isə bizə gəlməyə başladıqda, Aktau limanında necə böyük sevinc olduğunu təsəvvür edə bilməzsiniz. Düşünürəm ki, bu, cari ildə ticarəti tamam başqa səviyyəyə qaldıracaqdır. Biz bunu alqışlayırıq.

Biz Aktau limanının birinci hissəsinin tikintisini başa çatdırmışıq. Neft göndərilir. Ötən il biz 2 milyon ton neft verdik. Onun həcmini 10 milyon tonadək artırmaq olar. Quru yüklər üzrə göstərici də hələlik 2 milyon ton həcmindədir, lakin biz bu həcmi artıra bilərik. İndi biz bunun üzərində işləyirik.

Hesab edirəm ki, başlıca əngəl daşıma imkanlarının olmaması idi. Bir halda ki, bu yol açılmışdır, onda gəlin, onu birlikdə inkişaf etdirək. Dəqiq bilirəm, sizin adamlarınız şaddırlar ki, öz məhsullarını alıcılıq qabiliyyətli regiona gətirirlər, burada da öz növbəsində şaddırlar ki, tərəvəzin, meyvənin, Azərbaycandan gələn bütün malların qiymətləri aşağı düşür.

Bax bu, bir-birimizə konkret köməkdir. Zənnimcə, bu sahədə bütün problemləri aradan götürmək lazımdır. Baş nazirə müraciət etmək istəyirəm. Şirkətlərimiz sizdən iki tanker almaq arzusundadırlar. Mənə dedilər ki, siz bunu hansısa borcların hesabına etmək barədə razılığa gəlmisiniz. Bu, qardaş köməyi olardı.

Əlbəttə, tankerlər əsasən sizin olacaqdır, amma istərdik ki, Qazaxıstanın da bayrağı altında bir-iki tanker üzsün. Əgər bu mümkündürsə, onda xahiş edərdim ki, bu məsələni diqqətlə müzakirə etsinlər. Heydər Əliyeviç, Xəzər dənizinin statusu barədə oxşar mövqe tutduğumuza görə təşəkkür edirik. Mən, öz tərəfimdən, bu məsələni güclü şəkildə irəlilədirəm, siz bizi dəstəkləyirsiniz. Biz həmçinin minnətdarıq ki, siz Asiyada etimad tədbirlərinə dair müşavirə haqqında bizim təşəbbüsümüzü dəstəkləyirsiniz.

Mən xahiş etmişəm, Azərbaycanın Qazaxıstandakı səfirliyi bizim yeni paytaxtımıza köçsün ki, o, bizim yanımızda olsun. Biz ona kömək edəcəyik.

Əgər qısaca danışsaq, onda deməliyəm ki, bizim sizinlə əməkdaşlığımızın yolunda heç bir problem yoxdur.

Əlbəttə, biz Azərbaycanla Ermənistan arasında münaqişə ilə əlaqədar narahatlıq keçiririk. Təəssüf ki, bu, hər iki dövlətə, Allahın qonşu etdiyi ölkələrə öz münasibətlərini normal surətdə qurmağa mane olur. Hesab etmirəm ki, bunu erməni xalqı başa düşmür. Axı münaqişədən o da əziyyət çəkir.

Sizin nə kimi səylər göstərdiyinizi bilirəm. Qan tökülməsi sizin gəlişiniz sayəsində dayanmışdır. Heydər Əliyeviç, qan tökülməməsi, adamların rahat yaşaması Azərbaycan xalqı və region qarşısında sizin şəxsən çox böyük xidmətinizdir. Şübhəsiz ki, siz böyük iş görmüsünüz. Bilirsiniz ki, bu məsələnin danışıqlar yolu ilə dincliklə həllinə gəlib çıxmağınız üçün mən də öz imkanlarımız daxilində hər vasitə ilə bütün tərəflərə təsir göstərməyə çalışıram. Hesab edirəm ki, bunu hər iki ölkənin sadə adamları istəyirlər. Bu işdə sizə uğurlar arzulayıram. Biz hər cəhətdən köməyə gəlməyə hazırıq.

Siz regiona, əməkdaşlığımıza, türkdilli dövlətlərin əməkdaşlığına, MDB daxilində, GUÖAM Təşkilatında münasibətlərimizə aid siyasi məsələlər barəsində mənim mövqeyimi bilirsiniz. Biz sizinlə oxşar mövqelər tuturuq.

Yanacaq-energetika kompleksinə gəldikdə, mövqeyimiz sizə məlumdur. Biz Bakı-Ceyhan marşrutunu dəstəkləyirik. İndi biz aprel-may aylarında Xəzərin şelfində qazma işlərinin qurtarmasını böyük səbirsizliklə gözləyirik. Nəticələr əldə edən kimi Qazaxıstan dərhal bu marşruta qoşulacaqdır. Çünki Qazaxıstanın əlavə neftinin nəqli üçün başqa imkan yoxdur. Əlbəttə, biz hər şeydən öncə şimali Xəzər neft kəmərini gözləyirik. Bu, bir çox dövlətlərin, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya şirkətlərinin mülkiyyətidir. Payın təxminən 20 faizi Rusiyaya və Qazaxıstana, qalan hissəsi isə bizdə neft çıxaran şirkətlərə mənsubdur.

Lakin neftin yeni həcminin neft çıxarılması, şübhəsiz, yeni marşrut tələb edəcəkdir.

Mən demişəm və indi də təsdiqləyirəm ki, biz bu məsələdə əməkdaşlıq edəcəyik. Zənnimcə, bu, ölkələrimizin xeyrinədir və kiminsə əleyhinə deyildir. Bunu iqtisadiyyat tələb edir. Ümidvaram və əminəm ki, bu marşrut xalqlarımızı daha da yaxınlaşdıracaq, əməkdaşlıq və ticarət üçün böyük imkanlar açacaq və ölkələrimiz arasında əmtəə dövriyyəsi artacaq və biz bir-birimizlə iqtisadi cəhətdən daha sıx bağlı olacağıq. Bu, siyasi və insani münasibətləri möhkəmləndirəcəkdir.

Bilirik ki, Azərbaycan neftçiləri yüksək səviyyəli mütəxəssislərdir. Sovet İttifaqı dövründə də, əvvəllər də belə olmuşdur. Bizim neftçilər də pis mütəxəssislər deyillər, ötən il biz ilk neft hasilatının 100 illiyini qeyd etdik. Düşünürəm ki, bu sahədə də əməkdaşlıq öz bəhrələrini verəcəkdir. Sizin dənizdə hasilat üzrə mütəxəssisləriniz var, biz buna da arxalanmaq istəyirik. Bugünkü məsələlərə gəldikdə, bizimkilər mənə məlumat verdilər ki, bürokratik problemlər var, əlbəttə, onları həll etmək lazımdır. Məsələn, Türkiyə şirkətinə mənsub olan terminal, - sabah mən oraya gedəcəyəm, - bu yolda həmişə əngəllər törədir.

Heydər Əliyev: Bağışlayın, o, həmin terminal deyildir. Sabah siz böyük terminala, Səngəçal terminalına gedəcəksiniz.

Nursultan Nazarbayev: Lakin bizim neftimizin gəldiyi terminal da var. Heydər Əliyeviç, bir halda ki, biz belə bir heyətlə qonaq gəlmişik, ümidvaram ki, bütün məsələləri həll edəcəyik.

Heydər Əliyev: Bəli, bütün məsələləri.

Nursultan Nazarbayev: Yoxsa, biz bir balaca inciyə bilərik. Çünki siz gürcülərlə bütün məsələləri həll edirsiniz, amma bizimlə yox.

Heydər Əliyev: Həll edərik, həll edərik.

Nursultan Nazarbayev: Nümayəndə heyətimizdə bütün sahələrin nümayəndələri - energetika, nəqliyyat, ticarət, kommunikasiyalar, mədəniyyət, təhsil, informasiya, xarici işlər nazirləri var. Görürsünüzmü, necə nümayəndə heyətidir! Bu, ona görədir ki, biz bu səfərə böyük əhəmiyyət veririk. Heydər Əliyeviç, ünvanımıza söylədiyiniz xoş sözlərə görə sizə bir daha təşəkkür edirəm. Şəxsən sizə, əsrlərdən bəri ümumi ənənələrimiz, ümumi mədəniyyətimiz olan Azərbaycan xalqına mənim xalqımın bəslədiyi səmimi hisslərə və dərin hörmətə siz heç vaxt şübhə etməməlisiniz. "Kitabi- Dədə Qorqud" eposunun yubileyində biz bunu bütün dünyaya deyəcəyik ki, bu, kiminsə əleyhinə deyil, ancaq sülhə, dostluğa, mehriban qonşuluğa yönəldilmişdir. Bu, mədəni inkişafa, öz əcdadlarımızın, öz tariximizin bir daha xatırlanmasına yönəldilmişdir.

Allaha şükür ki, bu dövrdə xalqlarımıza belə imkan qismət olmuşdur. İcazə verin, sizə, burada iştirak edən dostlarımızın hamısına, Azərbaycan nümayəndə heyətinin üzvlərinə ən xoş diləklərimizi bildirək, əmin-amanlıq, sakitlik və sülh arzulayaq.

Heydər Əliyev: Nazirlərin hamısı, Nazirlər Kabineti buradadır, onların bütün məsələləri müzakirə etməyə imkanı olacaqdır. Mən Baş nazirə bu işi əlaqələndirməyi, bütün məsələləri müzakirə etməyi tapşırıram. Əlbəttə, biz mövcud məsələlərin, - onlar isə o qədər də çox deyil, - həlli yollarını tapmalıyıq. Zənnimcə, bunların hamısı ediləcəkdir.

Nursultan Nazarbayev: Heydər Əliyeviç, mən bu fikirdəyəm ki, cari ildə biz əmtəə dövriyyəsinin həcmini üç dəfə artıraraq, 100 milyon dollara çatdırmalıyıq. Lakin bu da az olacaqdır.

Heydər Əliyev: Doğrudur. Bax, məhz onlar müəyyənləşdirəcəklər ki, bunu necə etmək lazımdır. Bunu isə, şübhəsiz, etmək gərəkdir.

Yaxşı, sağ olun. Başqa suallar yoxdursa, biz sənədlərin imzalanmasına keçə bilərik.