Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin TÜRKSOY təşkilatının XV toplantısında iştirak edən türkdilli ölkələrin nümayəndələri ilə görüşdə söhbəti - Prezident sarayı, 16 yanvar 2001-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Mən sizi səmimi-qəlbdən salamlayıram. TÜRKSOY təşkilatına daxil olan ölkələrin mədəniyyət nazirlərinin XV görüşü keçirilir. Məmnunam ki, bu görüş Azərbaycanda olur. Mən sizin toplantıya təbrik məktubu göndərmişəm. Güman edirəm ki, məktubum sizə çatıbdır.

TÜRKSOY barədə çox danışmışıq. Ancaq bu gün mən onu deyə bilərəm ki, Türkdilli Dövlətlər Birliyi yaranandan indiyə qədər TÜRKSOY təşkilatı hamıdan çox iş görmüş bir təşkilatdır. Bu da müəyyən qədər təbiidir. Mənim öz dilimizdə danışmağıma etiraz etmirsiniz? Çünki bəzən biz Mərkəzi Asiya dövlətlərində yığışanda rus dilində danışırıq. Orta Asiya nümayəndələri etiraz etmirlər ki, öz dilimizdə danışım?

Bəli, bu təşkilatın əsas məqsədi birinci növbədə bizim tarixi keçmişimizi, köklərimizi, mədəniyyətimizi və bunların hamısının müştərək olduğunu yenidən araşdırmaq və bugünkü nəsillərə çatdırmaqdan ibarətdir. Çünki 70 illik sovet hakimiyyəti dövründə, bundan da öncə, təəssüflər olsun ki, türkdilli ölkələrin bir-biri ilə əlaqələri ya zəif olubdur, ya da olmayıbdır. Bəzən də Sovetlər İttifaqında yaşayan türkdilli xalqlar üçün qadağan olubdur. O vaxt Sovetlər İttifaqında belə bir anlayış mövcud idi ki, vahid sovet xalqı vardır. Bütün millətlər də var, ancaq vahid sovet xalqı da. Biz, məsələn, Mərkəzi Asiyada olan qardaşlarımızla daim əlaqədə idik, bir ölkənin tərkibində idik. Biz həmişə bir-birimizlə rusca danışırdıq və tarixi keçmişimizi, mədəniyyətimizi, onların dərin köklərini heç vaxt araşdırmırdıq. Amma indi biz müstəqillik əldə edəndən sonra və Türkiyə Cümhuriyyəti də bu sahədə çox dəyərli təşəbbüslərlə çıxış edəndən sonra türkdilli dövlətlər birliyi yaranıbdır. Bu birliyin də, yenə də deyirəm, ən əsas özəklərindən biri TÜRKSOY təşkilatıdır.

Mən sizin gördüyünüz işləri yüksək qiymətləndirirəm. Arzu edirəm ki, bu işləri bundan sonra da davam etdirəsiniz. Çünki həm bugünkü nəsillər, həm də gələcək nəsillər üçün hələ çox iş görmək lazımdır ki, bu itirilmiş dövrü, zamanı, onillikləri bərpa edək. Yəni onu bərpa etmək mümkün deyil, o dövrdə itirdiklərimizi indi qısa bir zamanda yaratmaq lazımdır.

Mən sizi təbrik edirəm və arzu edirəm ki, işlərinizi bu cür davam etdirəsiniz. Siz dövlət başçılarından daha zirəksiniz. Çünki biz, deyək ki, altı dəfə görüşmüşük. Amma siz on beş dəfə görüşmüsünüz. Ancaq bu da təbiidir. Çünki dövlət başçılarının bir çox problemləri vardır. Onların ildə bir dəfə görüşməsi bəzən bəs edir. Bu görüşlərdə biz, təbiidir ki, mədəniyyət, elm, tarixi keçmişimiz haqqında da çox fikir mübadiləsi aparırıq. Amma eyni zamanda bu görüşlərin iqtisadi əməkdaşlıq tərəfi də vardır.

Bu da çox əhəmiyyətlidir. Amma siz isə, bir də qeyd edirəm, bizim türkdilli xalqların ən incə və ən vacib işi ilə məşğulsunuz. Ticarət bu gün də, sabah da var. Bu, ola bilər ki, türkdilli, başqa dilli dövlətlə olsun - ticarət elə ticarətdir. Dünya ticarətsiz, iqtisadiyyatsız yaşaya bilməz. Ticarətin, iqtisadiyyatın nə milliyyəti var, nə də milli kökü var. Amma mədəniyyətin, dilin, milli dəyərlərin, ənənələrin - bunların böyük tarixi və dərin kökləri vardır. Bizim ədəbiyyatımız, musiqimiz, tarixi köklərimizi sübut edən əsərlərimiz - bunların hamısı təbiidir ki, çox böyük əhəmiyyətə malikdir. Məsələn, biz keçən il “Kitabi-Dədə Qor-qud”un 1300 illik yubileyini keçirdik. Bütün türkdilli dövlətlərdən, təkcə türkdilli dövlətlərdən yox, bir çox ölkələrdən, o cümlədən Avropa ölkələrindən nümayəndə heyətləri gəlmişdi. Biz «Kitabi-Dədə Qorqud» haqqında, demək olar ki, o bir il içərisində öyrəndiyimizin heç on faizini də bilmirdik. Amma indi “Kitabi-Dədə Qorqud” hamı üçün ulu babadır. Birisi Dədəm Qorqud deyir, biri Ata Qorqud deyir, digəri Dədə Qorqud deyir. Yaxud da ki, bir neçə il bundan öncə biz yenə də hamımıza mənsub olan Füzulinin yubileyini keçirdik. Çox dəyərli bir hadisə oldu. Toplaşdıq. Mən Azərbaycanda keçirilənləri deyirəm. Qazaxıstanda da, Özbəkistanda da çox gözəl tədbirlər keçirilibdir. Qırğızıstanda «Manas»ın minillik yubileyini keçirdik. Türkmənistanda da belə tədbirlər olmuşdur. Ona görə də sizin gördüyünüz işlər xalqlarımız üçün ən dəyərli işlərdir. Bu münasibətlə sizə təşəkkür edirəm, sizi təbrik edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu təşkilat yaşayacaq, inkişaf edəcək və gələcək nəsillər üçün də çox yeni şeylər yaradacaqdır.

İstemihan Talay (Türkiyə Respublikasının Mədəniyyət naziri): Sayın Cümhurbaşqanım. Bizi qəbul etdiyiniz üçün öz adımdan və TÜRKSOY ailəsinə mənsub mədəniyyət nazirləri adından Sizə öz minnətdarlığımızı bildiririk. Bu gün səhər toplantımıza göndərdiyiniz təbrik məktubu həqiqətən hər birimizə yol göstərəcək özəlliklər daşıyır. Bu gün bizi qəbul edərkən söylədiyiniz fikirlər bizə çox şeyləri anlatdı və gələcəyimizi işıqlandıran və onu bizə yol göstərən bir iradə olaraq dəyərləndiririk. Əvvəldən indiyədək, hər zaman TÜRKSOY-a ən böyük dəstəyi Siz verdiniz. Hörmətli Süleyman Dəmirəllə birlikdə Siz TÜRKSOY-un daim uğurlu fəaliyyət göstərməsi üçün bizi dəstəklədiniz. Polad Bülbüloğlu qardaşım da təşkilatın Baş direktoru olaraq Sizin verdiyiniz təlimatları ən gözəl şəkildə yerinə yetirdi. Bu gün səkkiz yaşı tamam olan TÜRKSOY türk xalqları arasındakı bir mədəniyyət və sənət körpüsü olaraq özünü təsdiq etmişdir. Bundan sonra da bu çalışmalar ən gözəl şəkildə, Sizin bizə verdiyiniz təlimatlar əsasında yerinə yetiriləcəkdir. Biz Sizi, sadəcə, Azərbaycanın dəyərli cümhurbaşqanı deyil, eyni zamanda türk dünyasının çox dəyərli böyüyü olaraq sayqı ilə salamlayırıq və sonrakı fəaliyyətimizdə də bizə ən böyük dəstəyi verəcəyinizə inanırıq. Bu duyğularla öz adımdan və həmkarlarım adından Sizi təkrar sayqı ilə salamlayıram.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Yenə də bir söz demək istəyən varmı?

Polad Bülbüloğlu: Hörmətli və əziz Prezidentimiz! Bir qayda olaraq, hər nazir bir hədiyyə verməsin deyə, biz TÜRKSOY ailəsi adından Sizə kiçik hədiyyə vermək istəyirik. Bu da TÜRKSOY-un Bakıda keçirilən toplantısından və Sizinlə bugünkü görüşümüzdən bir yadigar olacaqdır. Bu Sizin üçün Türkiyədə xüsusi sifariş edilmiş, qızıldan düzəldilmiş nimçədir. İcazənizlə, onu Sizə təqdim edirik.

Heydər Əliyev: Gözəl əsərdir. Elə TÜRKSOY-un əsas vəzifəsi də mədəniyyət əsərləri yaratmaqdır. Bu da mədəniyyət əsərinin bir nümunəsidir. Təşəkkür edirəm. Çox sağ olun.

Polad Bülbüloğlu: Hörmətli Prezidentimiz, türkdilli ölkələrin dövlət başçılarının gələcək zirvə toplantısını Türkiyədə keçirmək planlaşdırılır.

Heydər Əliyev: Bəli, İstanbulda keçiriləcəkdir.

Polad Bülbüloğlu: Bizim dostlarımız, nazirlər bu gün belə bir təklif irəli sürdülər. TÜRKSOY-un gözəl bir rəsm sərgisi var. Biz bu gün Bakıda həmin sərgini açdıq. Həmin sərgidə yüzdən çox əsər nümayiş etdirilir. Biz türk dünyasının gənc rəssamlarını dəvət edirik, onlara şərait yaradırıq. Onlar yeni əsərlər yaradırlar. Bu əsərləri hədiyyə olaraq TÜRKSOY-a verirlər. Beləliklə, üç dəfə keçirilən belə tədbirlər nəticəsində türk dünyasının gənc rəssamlarının 100-dən çox gözəl əsəri toplanmışdır. Türkiyənin hörmətli Mədəniyyət naziri söz verir, İstanbulda yaxşı bir salon tapacaq ki, orada sərgi təşkil edək. Biz dövlət başçılarını oraya dəvət edə bilərik və icazə versəniz, orada bizim ölkələrimizin hərəsindən bir sənətçinin iştirakı ilə 50 dəqiqəlik, 1 saatlıq konsert təşkil edə bilərik. Siz bizi dəstəkləsəniz, bunu edə bilərik.

Heydər Əliyev: Mən sizi dəstəkləyirəm. Təbiidir ki, hər bir belə hadisə əhəmiyyətlidir və bizi bir-birimizə daha da yaxınlaşdırır. Münasibətlərimizi daha da səmimi, isti edir. Ona görə də mən nəinki etiraz etmir, bunu dəstəkləyirəm. Ancaq bu işdə təşəbbüs yenə də Türkiyə tərəfindən olmalıdır. Çünki türkdilli dövlətlərin başçılarının son zirvə görüşü Bakıda keçdi. O vaxt qərara gəldik ki, bundan sonrakı görüş İstanbulda, Türkiyədə keçəcəkdir. Türkiyə hökuməti bunun nə vaxt keçirilməsi haqda fikir söyləsə, təbiidir ki, başqa ölkələrin də prezidentlərinin fikrini öyrənib hamı üçün münasib bir gün müəyyən edilməlidir. Mən bu tədbirdə iştirak etməyə, İstanbula getməyə hazıram. Sizin oradakı sərginiz də, əlbəttə, zirvə görüşünü daha da gözəlləşdirəcəkdir.

Sizə bir daha təşəkkür edirəm. Mən çox məmnunam ki, siz Azərbaycandasınız, Bakıdasınız. Bizim həyatımızı görmüsünüz. Güman edirəm, əvvəllər, yəni keçən illərdə Azərbaycanda olanlar iki il, üç-dörd il bundan öncəki vəziyyəti müqayisə edib deyə bilərlər ki, indi ölkəmiz müstəqillik yolu ilə gedir. Baxmayaraq ki, böyük çətinliklərlə üzləşibdir. Bilirsiniz ki, Azərbaycan indiyə qədər Ermənistanla hərbi münaqişədədir və baxmayaraq ki, altı il bundan öncə atəşkəs haqqında razılığa gəlmişik, saziş imzalamışıq, sülh danışıqları aparırıq, hələ ki buna nail ola bilməmişik. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu torpaqlardan zorla çıxarılmış bir milyon soydaşımızın əksəriyyəti çadırlada ağır vəziyyətdə yaşayır.

Bütün bu çətinliklərə baxmayaraq, başqa problemlərimiz də vardır. Hər bir ölkədə keçid dövrünün problemləri vardır. Məsələn, Türkiyə 80 ilə yaxındır ki, bir cümhuriyyət kimi inkişaf edir - onun 75 illiyini 1998-ci ildə bayram etdik. Türkiyənin özündə də problemlər vardır. Ancaq biz, yeni müstəqillik əldə etmiş və xüsusən demokratiya yolunu seçmiş, bazar iqtisadiyyatına keçmiş ölkələr, həm iqtisadiyyatda, həm sosial sahədə, həm mədəniyyətdə, həm də cəmiyyətdə böyük dəyişikliklər aparırıq. Bu dəyişikliklər də əzab-əziyyətsiz ola bilməz. Bu dəyişikliklərin hər biri əgər gələcəkdə müsbət nəticə verəcəksə də, keçid dövründə bunun çətinlikləri və bəzən də mənfi təsiri var.

Bütün bunlara baxmayaraq, Azərbaycan inkişaf edir. Bizdə iqtisadiyyat da, mədəniyyət də inkişaf edir. Mədəniyyət xadimlərinə münasibət də çox yaxşıdır. Prezident kimi, mən onlara qayğı da göstərirəm - maaşlarını da artırıram, başqa şeylər də edirəm ki, mədəniyyət yaşasın. Nə olursa-olsun, mədəniyyət, incəsənət yaşamalıdır. Bizim bir çox fabriklərimiz var, vaxtilə çox yaxşı işləyirdilər. Bunlarda on minlərlə insan çalışırdı, oradan maaş alıb ailəsini saxlayırdı. İndi fabriklər, zavodlar o qədər işləyə bilmir. Biz başqasını yaradacağıq. Yaxud da onları işlətməyə yol tapacağıq. Amma mədəniyyət, incəsənət, ədəbiyyat elədir ki, dayana bilməz, gərək həmişə inkişaf etsin. Ona görə də biz Azərbaycanda başqa sıxıntılarımıza, problemlərimizə baxmayaraq, mədəniyyətə, incəsənətə, ədəbiyyata - bütün bu sahələrə xüsusi diqqət göstəririk. Ona görə də bunlar həm yaşayır, həm də inkişaf edirlər. Güman edirəm, bu müddətdə təkcə bunları yox, bizim Bakıda olan dəyişiklikləri də görmüsünüz, yaxud da görəcəksiniz ki, bir müstəqil, demokratik, dünyəvi, hüquqi dövlət kimi, Azərbaycan daim irəli gedir.

Mənim sizə deyəcəyim sözlər bu qədərdir. Qalan məsələləri özünüz həll edirsiniz. Çox sağ olun. Cümhurbaşqanlarınıza, prezidentlərinizə, hökumətlərinizə və xüsusən mədəniyyət, incəsənət xadimlərinə - yazıçılara, şairlərə, rəssamlara mənim salamımı, hörmət və ehtiramımı çatdırın.