Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikası Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı M.Şener Eruyguru və onu müşayiət edən şəxsləri qəbul edərkən söhbətindən - Prezident sarayı, 3 iyun 2003-cü il


Heydər Əliyev: Xoş gəlmisiniz! Sizin gəlməyinizdən çox məmnunam.

Biz Silahlı Qüvvələrimizin hamısı Türkiyə modeli əsasında, Türkiyədən nümunə götürərək qururuq. Burada da sizin nümayəndələr var, onlar bizə kömək edirlər.

M.Şener Eruygur: Hörmətli cümhur başqanım, buraya gəldiyim andan etibarən çox böyük qonaqpərvərlik gördüm. Buna görə də ayrıca təşəkkür edirəm.

Azərbaycana səfərə gəlmək ərəfəsində Baş Qərargah rəisimizi ziyarət edib, onun istəyini də öyrəndim. O, zati-alinizə səmimi salamlarını, hörmət və ehtiramını çatdırmağı xahiş etdi. Mən də bunu ərz etməkdən böyük qürur duyuram.

Heydər Əliyev: Sağ olun.

M.Şener Eruygur: Hörmətli cümhur başqanım, mən 1992-ci ildə Azərbaycanı ziyarət etmişdim. Keçən illər ərzində Azərbaycanda, Bakıda çox gözəl inkişafı görməkdən məmnunluq duydum. Bunu da zati-alinizə söyləməyi borc bilirəm. İcazənizlə, bəzi məsələlər barədə qısa məlumat verərdim.

Heydər Əliyev: Mən bir-iki kəlmə demək istəyirəm. 1992-ci ildə siz Azərbaycanı çox pis vəziyyətdə görmüsünüz.

M.Şener Eruygur: Bəli.

Heydər Əliyev: 1993-cü ilin əvvəllərində Xalq Cəbhəsi - onlar hakimiyyətdə bir il qaldılar - işləri apara bilmədi. Sonra bəzi ordu nümayəndələri, Gəncədən bir dəstə gəlib onlara qarşı hücum etdilər.

Mən onda Naxçıvanda idim, orada yaşayırdım. Məni buraya onlar özləri dəvət etdilər. Gəlmək istəmirdim, ancaq sonra fikirləşdim ki, bizim Vətənimizdir, gedim, görüm burada niyə belə hadisələr olur. Gəldim, Əbülfəz Elçibəy qaçdı, dağa getdi, onun orada kəndi var. O biriləri də oraya-buraya. Burada xaos idi, iqtisadiyyat dağıdılmışdı. İnsanlar bir-biri ilə pis münasibətdə idilər. Biz işləməyə başladıq.

1994-cü ildə Gəncədə və başqa yerlərdə dövlət çevrilişi etməyə çalışdılar. Silahsız, filansız qarşısını aldıq. Mən televiziya ilə xalqa müraciət etdim. Axşam idi, saat 10-da. Bir saatdan sonra buradakı meydan insanlarla dolmuşdu. Onlar bizi müdafiə elədilər, biz də çevriliş cəhdinin qarşısını ala bildik.

Sonra, 1995-ci ildə polkovnik Rövşən Cavadov silah toplamağa başladı. Bakıda bir yerdə yığışdılar və bizə ultimatum verdilər ki, hakimiyyətdən getməlisiniz. Hətta o vaxt Moskvadan, başqa yerlərdən jurnalistlər gəlmişdi. Çünki çox maraqlı idi. Hətta bəzi televiziya kanalları deyirdilər ki, hakimiyyət artıq Rövşən Cavadovdadır.

Mən onlarla çox, bir neçə gün danışıq apardım. Hətta Cavadovun atası ilə də görüşdüm, onunla danışıq apardım. Bir şey çıxmadı. Onlar buraya, Prezident sarayına, Milli Məclisə, bizim Müdafiə Nazirliyinə hücum etmək istəyirdilər. Onda biz silah işlətməyə məcbur olduq. Çünki onlar silahlı idilər. Orada vuruşma oldu. Bilmirəm, 36, ya 40 adam onlardan həlak oldu, təxminən 30-32 nəfər də bizdən həlak oldu. Amma onları tamamilə dağıtdıq. Ondan sonra onların ayrı-ayrı nümayəndələri gəlib burada təxribat etmək istəyirdilər, imkan vermədik. Belə bir şəraitdə biz 1993-cü ildən iqtisadiyyatla məşğul olurduq. Ancaq bu dediklərim bizim vaxtımızı çox alırdı. Bu işləri qurtarandan sonra iqtisadiyyatın inkişafına, sosial məsələlərə ciddi fikir verməyə başladıq. Mən sizə deyim ki, 1996-cı ildən 2002-ci ilə qədər bütün göstəricilərin hamısı yüksəkdir. Gəlirlərimiz var. Məsələn, 1992-ci ildə Azərbaycanın büdcəsi bilmirəm, deyəsən, təxminən 100 milyon dollar idi. Amma bizim gördüyümüz işlər nəticəsində indi Azərbaycanın büdcəsi 1 milyard 200 milyon dollardır. Bunlar hamısı bizə imkan verdi ki, sosial məsələləri həll edək. Eyni zamanda, Bakı şəhərinə fikir verək. İndi burada böyük evlər tikilib, küçələr çox yaxşı vəziyyətdədir. Şəhərdə camaat çox rahat yaşayır, hər şey etmişik. Bunları dedim ki, siz biləsiniz.

M.Şener Eruygur: Cənab prezident, mən bunlar barədə hörmətli nazirinizə də bildirdim. Təbiidir, iqtisadi çətinliklər olacaqdır. Hər halda, bu da müəyyən zamandan sonra ötüb keçəcəkdir. İcazə versəniz, qısaca məlumat vermək istəyirəm.

Ölkələrimiz arasında müştərək tarixi mədəni birlik olduğuna görə, biz Azərbaycanla münasibətlərimizə çox böyük əhəmiyyət veririk. Azərbaycan-Türkiyə əlaqələrində, ilk növbədə, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanaraq, iki ölkənin xoşbəxtliyini, rifahını arzulayaraq, əlimizdən gələn hər cür köməyin göstərilməsi ilə bağlı fikirlərimizi Zati-alinizə çatdırmaq istəyirəm. Bu baxımdan böyük əhəmiyyət verdiyimiz bir ölkədə olmağımdan duyduğum məmnunluğu yenidən nəzərinizə çatdırmaq istəyirəm. Ölkələrimiz arasındakı münasibətlərin səviyyəsini göstərmək baxımından Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi çərçivəsindəki əməkdaşlığımız bütün ölkələr tərəfindən qibtə ilə baxılan səviyyədədir.

Heydər Əliyev: Ərzurum sizin vətəninizdir.

M.Şener Eruygur: Buna görə də xoşbəxtlik hissləri keçirirəm. Zati-alinizin dəfələrlə ifadə etdiyi "Bir millət, iki dövlət" müdrik kəlamına biz də ürəkdən şərikik. Azərbaycanın bir hissəsi olan Naxçıvanın inkişafı məsələsinə də biz böyük əhəmiyyət veririk. Sizin də çox yaxşı bildiyiniz kimi, biz Türkiyə Silahlı Qüvvələri olaraq Naxçıvana da hər cür dəstək və qayğı göstərməyə çalışır, qardaşlarımıza kömək etməkdən qürur və sevinc hissi duyuruq.

Hörmətli cənab prezident, Sizin çox yaxşı bildiyiniz kimi, 2001-ci il sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında baş verən hadisələrdən sonra dünya terrorizm anlayışında yeni bir dövrə daxil olmuşdur. Bu çərçivədə terrorla mübarizədə əməkdaşlıq məsələsində yeni imkanlar açılmışdır. Amma Türkiyə bundan əvvəlki dövrdə illər boyu terrorizmlə mübarizədə çox vaxt yalqız qalmışdı. Ancaq sentyabr hadisələrinə baxmayaraq, hələ də bu əməkdaşlığın arzuedilən səviyyədə olduğuna inanmırıq. Biz Türkiyə olaraq Birləşmiş Millətlər Təşkilatı tərəfindən terrorun bir tərifinin müəyyənləşməsinin və buna qarşı çıxan ölkələrin müəyyən zamanlarda BMT tərəfindən terroru dəstəkləyən ölkələr kimi ictimaiyyətə təqdim edilməsinin faydalı olacağını düşünürük. BMT-nin 1373 nömrəli qərarının, heç bir ayrı-seçkilik olmadan, bütün terror fəaliyyətlərinə tətbiq edilməsi faydalı olacağını düşünürük.

Çox yaxşı bildiyiniz kimi, 2002-ci ilin aprel ayın Trabzonda Azərbaycan, Gürcüstan və Türkiyə arasında terrorizmə, mütəşəkkil cinayətkarlığa və digər cinayətlərlə mübarizəyə əməkdaşlıq sazişi imzalanmışdır.

Siz həmin mərasimdə iştirak edirdiniz. Bu sazişin qüvvəyə minməsinin həmin sahədəki əməkdaşlığa töhfə verəcəyinə inanırıq. Mən hörmətli nazirinizlə görüşümdə bildirdim, biz Türkiyə Jandarm Qüvvələri olaraq Qala qəsəbəsindəki fəaliyyətimizi davam etdirəcəyik. Sizin Daxili Qoşunlar komandanını arzu etdiyi zaman Türkiyədə qarşılayıb, imkanlarımız çərçivəsində yardım göstərməyə hazır olduğumuzu Zati-alinizin diqqətinə çatdırmaq istəyirəm.

1993-cü ildən bu yana Azərbaycan Silahlı Qüvvələrinə ləvazimat və təlim sahəsində göstərdiyimiz yardım Sizə məlumdur. İndiyə qədər 1600 nəfərə yaxın azərbaycanlıya Türkiyədə, 25 min nəfərə isə Azərbaycanda təlim keçilmişdir. Biz bununla bağlı çox böyük xoşbəxt hisslər keçiririk. Eyni zamanda, 1992-ci illə müqayisədə əsgərlərin hər cəhətdən dəyişdiyini gördükdə sevinc hissləri duyuruq.

Cənab prezident, vaxtınızı çox almaq istəmirəm, məni qəbul etdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Azərbaycan da terrorizmlə çox illərdir mübarizə aparır. Mənim sizə dediyim o iki dövlət çevrilişinə cəhd də elə terrordur, onlar terroristlərdir. Biz onların qarşısını aldıq. Başqa hadisələr də olub, qəti mübarizə aparmışıq.

Amerikada 11 sentyabr hadisəsindən sonra biz bu işləri daha da gücləndiririk və nəhayət, Amerika İraqı tərksilah etmək üçün başladığı kampaniyada Azərbaycan Amerika-Britaniya koalisiyasının üzvü oldu. Biz bütün sahələrə ciddi fikir veririk. İndi terrorizm çox qorxulu bir hal olduğuna görə, təbiidir ki, daha da ciddi olmaq lazımdır.

"Azərbaycan" qəzeti, 4 iyun 2003-cü il.