"Ukrayna Respublikasının milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Bakı, 24 avqust 1998-ci il) sənədinə tarixi arayış


24 avqust 1991-ci ildə Ukrayna öz müstəqilliyini elan edib. Həmin dövrdən başlayaraq 24 avqust hər il Ukraynada Milli bayram günü kimi qeyd edilir.

1992-ci ildən etibarən Ukrayna ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr mövcuddur. İki ölkə arasında yaranmış dostluq münasibətləri bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə Ukrayna - Azərbaycan münasibətlərinin inkişafı yüksək səviyyədədir. Son dövrlərdə iki ölkə arasındakı əmtəə dövriyyəsinin həcmi xeyli artıb. Ukraynaya məxsus müəssisələr Azərbaycanın energetika sahəsinin inkişafında iştirak edirlər.

Ukrayna və Azərbaycan beynəlxalq təşkilatlar - MDB, AŞ, ATƏT, QİƏT, GUAM çərçivəsində də yaxından əməkdaşlıq edir, mövqelərinin eyni olduğunu nümayiş etdirirlər. Hər iki ölkənin ali qanunvericilik orqanındakı dostluq qrupu iki ölkə arasındakı münasibətlərin genişlənməsinə xidmət göstərir.

Bu ölkələr arasında münasibətlərin inkişafına tərəflərin dövlət rəhbərlərinin qarşılıqlı səfərləri əhəmiyyətli təkan verib (http://www.mfa.gov.az/)

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il martın 24-25-də Ukraynaya rəsmi səfəri ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə şərait yaradıb. Martın 24-də Kiyevdə Azərbaycan Prezidenti və Ukraynanın dövlət başçısı Leonid Kuçma görüşərək müzakirələr aparıblar. Prezidentlər Ukrayna ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi haqqında bəyannamə və neft - qaz sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar. Hər iki prezident imzalanmış sənədlərin Ukrayna - Azərbaycan tərəfdaşlığının həyata keçirilməsi üçün hüquqi zəmin yaratdığını qeyd ediblər. Səfərin gedişində Heydər Əliyevə Ukraynanın ali mükafatı - "Yaroslav Mudrı" ordeni və Kiyevin Fəxri sakini diplomu təqdim edilib.

Azərbaycan Prezidenti Heydər Əliyev 1998-ci il avqustun 24-də Ukraynanın Milli bayramı şərəfinə təşkil edilmiş rəsmi qəbulda çıxış edərək Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın böyük perspektivinin olduğunu bildirib.

Ukrayna - Azərbaycan münasibətləri sonrakı dövrlərdə də ardıcıl inkişaf edib. 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev 2004 - cü ilin iyununda Ukraynaya rəsmi səfəri zamanı prezident Leonid Kuçma ilə görüşərək iki ölkə arasında əlaqələrin bundan sonra da inkişafı barədə fikir mübadiləsi aparıblar. Leonid Kuçma həmçinin, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu qeyd edib. Səfər çərçivəsində iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanıb.

2006-cı ilin sentyabrında Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşü iki ölkə arasında münasibətlərin strateji xarakterli olmasını bir daha təsdiqləyib. Həmin səfər zamanı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan yeni sazişlər imzalanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya növbəti səfəri 2008 - ci il mayın 21 - 23-də olub. Prezidentlər İlham Əliyev və Viktor Yuşşenkonun təkbətək görüşündə yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın səmərəliliyi ifadə olunub.

Səfər çərçivəsində İlham Əliyev Ukrayna - Azərbaycan əlaqələrinin möhkəmlənməsinə verdiyi şəxsi töhfəsinə görə Ukraynanın birinci dərəcəli ordeni olan Knyaz Yaroslav Mudrı ordeni ilə təltif edilib. Öz növbəsində İlham Əliyev Viktor Yuşşenkonu "Heydər Əliyev" ordeni ilə təltif edib.

Azərbaycan Prezidenti Ukraynaya səfəri çərçivəsində Kiyevdə enerji təhlükəsizliyi məsələlərinə həsr edilmiş sammitdə iştirak edib. Sammitdə bir sıra ölkələrin prezidentləri də daxil olmaqla ümumilikdə 30-dan çox yüksək vəzifəli nümayəndələr və diplomatlar iştirak edib. Sammitdə əsasən, Avrasiya neft nəqli dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırılması, Baltik - Qara dəniz - Xəzər dənizi enerji tranziti birliyinin yaradılması konsepsiyası və başqa məsələlər müzakirə olunub.

Tarixi arayış 27 may 2008-ci ildə yeniləşdirilib.