Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkdilli ölkələrin Dövlət Başçıları adından mətbuat konfransında çıxışı - İstanbul, Çırağan sarayı, 27 aprel 2001-ci il


Hörmətli cənab prezident Əhməd Necdət Sezər!

Hörmətli prezidentlər!

Hörmətli xanımlar və cənablar!

Hörmətli mətbuat nümayəndələri!

Türkdilli ölkələrin dövlət başçılarının VII zirvə görüşü başa çatdı və tam əsasla demək olar ki, VII zirvə görüşü bu birliyin zəruri olduğunu və gələcəkdə də inkişaf edəcəyini bir daha nümayiş etdirdi.

Türkdilli Dövlətlər Birliyi 1992-ci ildə Ankarada yaranan zamandan indiyə qədər Azərbaycan Respublikası bütün zirvə görüşlərində iştirak edib, bu zirvə görüşlərinin çox əhəmiyyətli olduğunu bildiribdir və Türkdilli Dövlətlər Birliyinə öz töhfələrini vermişdir.

Mən hesab edirəm ki, İstanbulda iki gün ərzində bizim keçirdiyimiz görüşlərin hamısı çox səmərəli, çox faydalı olmuşdur. Tam qətiyyətlə demək olar ki, VII zirvə görüşü uğurla başa çatmışdır. Mən Türkiyə Cümhuriyyətinin prezidenti, VII zirvə görüşünün ev sahibi, hörmətli Əhməd Necdət Sezərə və onunla bərabər bu toplantının hazırlanmasında və keçirilməsində xidmət göstərmiş bütün dövlət, hökumət adamlarına təşəkkürümü bildirirəm.

Biz Türkiyənin, türk xalqının, Türkiyə Cümhuriyyətinin nə qədər qonaqpərvər olduğunu və türkdilli dövlətlərin birləşməsi üçün nə qədər böyük səylər göstərdiyini bu günlər bir daha müşahidə etdik. Bu, şəxsən məndə, bütün Azərbaycan xalqında böyük qürur hissi doğurur. Türkiyə Cümhuriyyətində, qardaş türk torpağında, böyük Mustafa Kamal Atatürkün Cümhuriyyətində yenidən təmasda olmaq, burada türkdilli dövlətlərin gələcək problemləri haqqında müzakirələr aparmaq bizim üçün çox önəmlidir.

Bizə göstərilən qonaqpərvərliyi ifadə etmək üçün bu sözlər yetərli deyildir. Bu qonaqpərvərliyi həm dostumuz, qardaşımız Əhməd Necdət Sezər tərəfindən, həm bütün dövlət və hökumət nümayəndələri tərəfindən, həm də Türkiyə xalqı tərəfindən hiss edirik. Ona görə mən səmimi-qəlbdən, içimdən gələn duyğularla təşəkkür edirəm, Türkiyə xalqına, Türkiyə Cümhuriyyətinə, qardaş türk millətinə yeni-yeni uğurlar arzulayıram. Təşəkkür edirəm.