Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Bülənd Ecevitə - Bakı şəhəri, 28 oktyabr 1999-cu il


Hörmətli cənab Baş nazir!

Türkiyə Respublikasının milli bayramı - Cümhuriyyət elan edilməsinin 76-cı ildönümü münasibətilə Sizi, Türkiyə hökumətini və qardaş türk xalqını salamlayır və səmimi-qəlbdən təbrik edirəm.

Böyük Atatürkün göstərmiş olduğu yol ilə gedən Türkiyə Cümhuriyyəti ötən illər ərzində bütün sahələrdə yüksək nailiyyətlər əldə etmiş, iqtisadi inkişaf səviyyəsinə, beynəlxalq nüfuzuna görə dünyanın ən qabaqcıl ölkələri sırasına çıxmışdır. Ölkənizdə baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaqda böyük səbr və mətanət göstərən Türkiyə xalqı dünyaya sübut edir ki, irəliyə yürüşünü davam etdirmək əzmindədir.

Mən Türkiyə ilə bütün sahələrdə əməkdaşlığımızın inkişafına böyük əhəmiyyət verirəm və bundan məmnunluq duyuram. Əminəm ki, əlbir səylərlə biz xalqlarımızın və ölkələrimizin dostluğunu və işbirliyini daha da möhkəmləndirəcək, regionumuzda sulhün və əmin-amanlığın bərqərar olmasına nail olacağıq.

Fürsətdən istifadə edib, Sizə və qardaş türk xalqına xoşbəxtlik, Türkiyənin iqtisadi yüksəlişi naminə səylərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.