Bilkənd Universitetində İhsan Doğramacının abidəsinin açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 26 iyun 2002-ci il


Əziz dostum, qardaşım İhsan Doğramacı!

Hörmətli nazirlər, millət vəkilləri, rektorlar, professorlar, tələbələr!

Xanımlar və cənablar!

Mən sizi Azərbaycan xalqı adından, Azərbaycan dövləti adından səmimi qəlbdən salamlayıram və sizə, sizin simanızda qardaş türk xalqına Azərbaycan xalqının ən dərin sevgisini və məhəbbətini çatdırıram.

Mən üçüncü gündür ki, Türkiyədəyəm və həm beynəlxalq xarakterli, həm də dövlətlərimizə aid olan bir çox məsələlərlə məşğul oluram. Biz dünən Türkiyə Cümhuriyyətinin prezidenti Əhməd Necdət Sezərlə və digər ölkələrin prezidentləri ilə Qara Dəniz İşbirliyi Təşkilatının onuncu ildönümünü qeyd etdik və təşkilatımızın qarşısında duran gələcək vəzifələr haqqında danışdıq. Sonra 5 il davamlı olaraq İstanbulda keçirilən "Üç dənizin əfsanəsi" - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, - konfransında iştirak etdik. Bir neçə ikitərəfli görüşlər keçirdik və axşam Ankaraya gəldim. Bu gün də Ankara proqramının birinci günü, birinci saatıdır. Bu saat da mənim üçün, Azərbaycan xalqı üçün və əmin ola bilərəm ki, bütün türk xalqı üçün, Türkiyə üçün çox əhəmiyyətli olan bir hadisəyə həsr edilmişdir. Bu hadisə də dünyada artıq məşhur olan bizim Bilkənd Universitetindəki bu gözəl görüşdür, gözəl mərasimdir.

Mən Bilkənd Universitetində keçmiş illərdə də olmuşam. Hər dəfə Bilkənd Universitetinə gələrkən, burada görüşlər keçirərkən bu universitetin böyük sürətlə inkişaf etdiyini, genişləndiyini görmüşəm. Bu gün yenə də buraları tanımıram. Tanıyıram, yəni inana bilmirəm ki, belə qısa bir zamanda burada bu qədər böyük işlər görülübdür və Bilkənd Universiteti böyük elm mərkəzi, böyük təhsil mərkəzi olaraq inkişaf edir. Mən görürəm ki, Bilkənd Universitetinin professorları, müəllimləri, tələbələri Türkiyənin çox dəyərli insanları ilə bərabər bu mərasimə toplaşıblar. Ona görə də mən Bilkənd Universitetinə, onun tələbələrinə, müəllimlərinə, burada çalışan bütün insanlara öz hörmət və ehtiramımı bildirirəm. İnanıram ki, Bilkənd Universiteti bundan sonra daha da sürətlə inkişaf edəcəkdir və İhsan Doğramacının burada, bu torpaqda saldığı toxumlar əsrlər boyu böyük çinarlar kimi yüksəlib səmaya qalxacaqlar.

Əziz dostum İhsan Doğramacı haqqında burada gözəl sözlər deyildi. Mən də onun haqqında az sözlər deməmişəm. Ancaq fərq ondadır ki, burada nitq söyləyənlərin hamısı İhsan Doğramacını on illərlə tanıyırlar, onunla bir yerdə çalışıblar, yaxud da ki, təhsil alıblar. Ancaq mən isə İhsan Doğramacı ilə ilk dəfə cəmi on il bundan öncə tanış olmuşam.

Azərbaycan hələ müstəqillik almamışdı. O dövrdə mən Moskvada bütün yüksək vəzifələrdən kənarlaşdırılandan sonra və çox böyük təzyiqlər altında olduğuma görə doğulduğum torpağa - vətənim Naxçıvana getdim. Orada yaşayırdım və oradan ilk dəfə mən Naxçıvan Özəl Cümhuriyyətinin, yəni Muxtar Cümhuriyyətinin rəhbəri kimi Ankaraya gəldim və ilk dəfə İhsan Doğramacının universitetində - Bilkənddə də oldum, ilk dəfə onu gördüm. Ancaq o, məni elə qarşıladı, - Azərbaycanın tarixi haqqında, xalq haqqında, Naxçıvan haqqında, Azərbaycanın başqa bölgələri haqqında mənimlə elə söhbətlər etdi, elə dərin bilgilər nümayiş etdirdi ki, mən heyran oldum. Bilirsiniz ki, mən də cocuq deyiləm. Bizim yaşımızla İhsan Doğramacının yaşı arasında o qədər böyük fərq yoxdur. Mənim yaşım onunkundan bir qədər azdır. Ancaq ola bilər ki, həyatım onunkundan daha da gərgin olub, daha da qarışıqlı olubdur. Ona görə mən də dünyanı bilirəm, insanları tanıyıram, hər şeyi bilirəm. Azərbaycanda olan insanları tanıyıram. Digər yerlərdə Azərbaycanı tanıyan insanlarla da çox görüşlərim, söhbətlərim olmuşdur. Ancaq İhsan Doğramacının Azərbaycan haqqında bilgiləri məni heyran etdi. Əlbəttə, alimdə bilgi olur, buna görə də alimdir, onun vəzifəsi odur ki, öyrənsin, oxusun, kitablar yazsın. Ancaq məni heyran edən təkcə bu bilgi deyildi, onun qəlbində olan duyğulardı, qəlbində olan sevgi, məhəbbət idi. Özü də təkcə bir Azərbaycana yox, təkcə Azərbaycan xalqına yox, bütün türk dünyasına, bütün türkdilli xalqlara olan sevgi, məhəbbət idi. Özü də təkcə bir Azərbaycana yox, təkcə Azərbaycan xalqına yox, bütün türk dünyasına, bütün türkdilli xalqlara olan sevgi, məhəbbət idi. Mən gördüm ki, hər şeyi nə qədər gözəl bilir və keçmişdə burada nə qədər xidmətlər göstərib və indi də, artıq bizim ölkələrimiz müstəqillik əldə edəndən sonra da göstərmək istəyir.

Mən sizin vaxtınızı bəlkə bir az alıram, amma sizin üçün nə fərq var, gözəl bir yerdə oturmusunuz. Gedib orada, kafedrada işləməkdənsə, burada oturub söhbət etmək yaxşıdır. Ondan sonra İhsan Doğramacı ilə mənim aramda belə qeyri-adi dostluq yarandı. Güman edirəm, heç onun da iradəsindən, mənim də iradəmdən asılı olmayan, ancaq içimizdən gələn hissiyyatlar göstərdi ki, biz, sanki, yüz ildir dostuq, bir-birimizi tanıyırıq.

İhsan Doğramacının çox böyük xüsusiyyətləri var. Məsələn, Azərbaycanda ləhcələr var - Bakı ləhcəsi, Naxçıvan ləhcəsi, Gəncə ləhcəsi, başqa yerin ləhcəsi...

Bu ləhcələrin hamısını bilir. Bizim adamların çoxu bunu bilmir. Mən sizə deyim, mən dilçi deyiləm, linqvist deyiləm. Ancaq mən də hər halda, bilgili adamam. Amma bunları mən də onun qədər bilmirəm.

Bizim dilimiz birdir axı, türk dili, Azərbaycan dili eyni dildir. Yəqin ki, siz məni tam anlayırsınız. Elədirmi? Azərbaycanda biz keçmişdə türk dilini çox sevdiyimizə görə, amma türklərə bir təmasımız, yəni danışığımız olmadığına görə, insanlar hansısa bir türklə görüşəndə onunla bir neçə kəlmə türk dilində danışmaq istəyirlər. Məsələn, biz "gəlirəm" deyirik, türklər isə "gəliyorum", "gediyorum" deyirlər.

Biz Türkiyə ilə yenidən tanış olanda mən də bir-iki belə kəlmə işlətdim ki, hiss etsinlər, mən türk dilini də bilirəm. O mənə dedi ki, belə deyil, bunu Naxçıvanda bu cür deyirlər, Bakıda belə deyirlər, Gəncədə belə deyirlər. Anadolu Türkiyəsində belə deyirlər, Türkiyənin doğusunda belə deyirlər, batıda - İstanbulda belə deyirlər. Dedim bəli, doğudakı dil çox aydındır, amma İstanbuldakı ləhcəni siz bir az korlamısınız, o qədər yaxşı deyil.

Mən bir dəfə söhbət edirdim. Dedim ki, məsələn, biz, mənim kimi yaşlı adamlar İhsan Doğramacı ilə, başqa yaşlı adamlarla danışanda bir-birimizi yüz faiz başa düşürük. Türk dilində, Azərbaycan dilində bu sözlər dəyişilməyibdir. Amma türk dilində bir-iki islahatlar keçirilibdir, ona görə də bəzi sözlər dəyişilibdir, daha çox Avropa sözləri götürülübdür. Məsələn, "siyasət" sözü var, onu "politika" etmisiniz. "Siyasət" yaxşı bir sözdür. Nə fərqi var, "siyasət" ərəb sözüdür, "politika" Avropa sözüdür. Bu, öz işimizdir. Amma bir dəfə zarafat edəndə dedim ki, bilirsənmi nə üçün belə olubdur? Dedi ki, nə üçün? Dedim, çünki sizdə dil islahatı keçiriləndə islahatınızın qurum genel başqanı erməni olmuşdur - Akop Dilaçar. Onu tanıyırsınızmı? Görürəm tanımırsınız. Amma o tanıyır. Erməni, Akop, özünü türk kimi qələmə vermək üçün də deyibdir ki, Akop Dilaçar. O, islahat keçiribdir. Bu tarixdən çox danışmaq olar.

İhsan Doğramacını mən çox sevdim. Təkcə mən yox, Azərbaycana dəvət etdim, gəldi, bizim xalqımız, millətimiz onu sevdi. Təsadüfi deyildir ki, İhsan Doğramacının 80 illik yubileyini biz Azərbaycanın böyük bir teatrında, - Opera və Balet Teatrı, 1911-ci ildə Bakıda Avropa üslubunda tikilmiş teatrdır, - birlikdə, təntənəli şəkildə keçirdik. Mən onu "Şöhrət" ordeni ilə təltif etdim. Sonra, gələcək nədir? Bilirdim ki, 85 illik yubileyinizi Azərbaycanda qeyd edəcəyik, ondan sonra 90 illik yubileyinizi, daha sonra 100 illik yubileyini edəcəyik. İndi 87 illiyində də heykəl açırıq, doxsana bir şey qalmayıb ki… Papağını fırladacaqsan, bir də görəcəksən ki, üç il keçdi, İhsan Doğramacının 90-cı ili də gəldi. Mən buna əminəm. Çünki deyə bilərəm ki, mən on il bundan əvvəl gördüyüm İhsan Doğramacı ilə indikinin heç bir fərqi yoxdur. Onun çox gözəl səhhəti var, özünü gözəl saxlayır.

Mən bir neçə kəlmə onun şəxsiyyəti haqqında demək istəyirəm. İhsan Doğramacı, hesab edirəm ki, türk dünyasının ən nadir şəxsiyyətlərindən biridir. Bəlkə də İhsan Doğramacı o qədər də siyasət adamı deyildir. Ancaq elm adamı kimi, insanlara təhsil vermək, məktəblər açmaq, universitet açmaq və xalqı inkişaf etdirmək - bu, hər bir siyasətin əsas məqsədidir. Bu, siyasət adamlarının proqramı nədir?

İqtisadiyyatı inkişaf etdirmək ki, insanlar yaxşı yaşasın, bilik, təhsil alsınlar.

Türkiyə Cümhuriyyətinin tarixi bizə çox məlumdur. Bu gün biz Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkü mütləq dərin minnətdarlıq hissi ilə yad etməliyik. Çünki məlumdur ki, Osmanlı imperatorluğu dağıldığı zaman, ayrı-ayrı ölkələr Türkiyəni hər tərəfdən dağıtmağa çalışan zaman Mustafa Kamal Atatürk kimi bir şəxs meydana çıxdı və türk xalqını fəlakətlərdən xilas etdi. Bu, böyük fəaliyyət idi, böyük xidmət idi. Ancaq təkcə bu olsaydı, bəlkə də az olardı. Ondan sonra cümhuriyyətin qurulmasını, onun inkişaf etməsini təmin etdi. Osmanlı qanun-qaydasından sonra Türkiyədə dünyəvi, demokratik, Avropa tipli dövlət qurmaq - həddən ziyadə çətin bir iş idi. Amma böyük Mustafa Atatürk və onun silahdaşları, ona sadiq olan insanlar, sonra isə onun işinin davamçıları bunun öhdəsindən gəldilər. O vaxt Türkiyədə insanların tam əksəriyyəti savadsız idi. Məktəb, təhsil, bilik lazım idi. Düşünürəm ki, əgər səhv etmirəmsə, İstanbul Universitetindən savayı Türkiyədə başqa universitet yox idi. Bilmirəm, doğru deyirəm, yoxsa yox? Təkcə İstanbul Universiteti idi, başqa universitet yox idi. Ancaq sonrakı dövr nəyə gətirib çıxardı? İndi Türkiyədə universitetlərin sayı nə qədərdir, bilmirəm. Amma iş onun sayında deyil, ondadır ki, hər bir universitetdə Türkiyə gəncləri, türk millətinin gələcəyi təhsil, bilik alır və ölkənin dünya ölkələri ilə ayaqlaşmasına, yəni, onlarla bərabər inkişaf etməsinə şərait yaratmaq üçün əsas yaranır. Buna görə də İhsan Doğramacının fəaliyyətini qiymətləndirəndə biz onun elm, təhsil, bilik, səhiyyə sahələrində xüsusi xidmətlərini qeyd etməliyik. Onun ictimai fəaliyyətini xüsusi qiymətləndirməliyik.

İhsan Doğramacı Türkiyədə hər yerdə tanınan, hər yerdə sevilən bir insandır. Bunun üçün gərək sənin gözəlliyin, yaxud da ki, başqa bir keyfiyyətin yox, gərək çox keyfiyyətlərin olsun ki, onlara görə xalq səni qəbul etsin. Ola bilər ki, dövlət qəbul etsin, ancaq xalq qəbul etməsin. İhsan Doğramacını xalq türk millətinin, türk dünyasının dəyərli bir insanı, nadir şəxsiyyəti kimi tanıyır, hörmət edir və bundan sonra da ona hörmət edəcəkdir.

Mən Bilkənd Universiteti ilə tanış olanda bir də nəyi gördüm? Universitet yeni yaranmışdı, amma gördüm ki, Azərbaycandan burada nə qədər professorlar, alimlər, sənətçilər var. Mən məəttəl qaldım. Təkcə Azərbaycandan deyil, digər xarici ölkələrdən də gələnlər vardı. Güman edirəm, etiraf edərsiniz ki, Azərbaycanda elm, təhsil çox inkişaf etmişdir.

Bizim ali təhsilimiz çox yüksək olmuşdur, çox dəyərli professorlarımız, alimlərimiz var. Onların bir qismini İhsan Doğramacı buraya gətirdi. Onlar burada o qədər gözəl şərait, münasibət gördülər ki, artıq heç Azərbaycana dönmək istəmirdilər. Deyirdilər ki, biz sona qədər elə İhsan Doğramacı ilə bir yerdə olacağıq. Yəni, o bilirdi, haradan nə götürmək, nə etmək lazımdır ki, Bilkənd Universiteti təkcə Türkiyənin içərisindən yox, beynəlxalq aləmdən, hər ölkədən faydalansın.

Gedirsən bağa, orada gözəl bir meyvə görürsən, dərib götürürsən, keçirsən o biri bağa, orada da çox meyvə var, amma ən gözəlini dərib götürürsən, o birisini dərib götürürsən, sonra görürsən ki, torban dolubdur, hamısı da gözəl meyvələrdir. İndi İhsan Doğramacının Bilkənd Universiteti də təxminən buna bənzəyir.

Məni bir şey təəccübləndirir. Vaxtilə biz Azərbaycanda böyük şairimiz, - o, bütün türk millətinin şairidir, - Məhəmməd Füzulinin 500 illik yubileyini keçirməyə hazırlaşırdıq. İhsan Doğramacı dedi ki, bunu Türkiyədə də etmək lazımdır. Dedim edək. Çünki bu, bizim müştərək şairimizdir, özü də çox dəyərli şairimizdir. Azərbaycanda biz bunu etdik, ondan sonra İhsan Doğramacı bizi buraya dəvət etdi. Buraya gəldik. 9 ayın içərisində gözəl bir konsert salonu yaratdı. Mən ona baxdım, heyran oldum. Bilirsiniz ki, mən Sovetlər İttifaqında Siyasi Bürönun üzvü, o vaxtkı Nazirlər Sovetində, -siz buna baş bakanlıq deyirsiniz, - sədrin birinci müavini olmuşam, yəni sizin dediyiniz kimi, SSRİ-nin yönəldicilərindən, rəhbərlərindən, 3-4 kişidən biri mən olmuşam. Mən Sovetlər Birliyi kimi ölkədə böyük inşaat işləri görmüşəm. Məsələn, sürətlə bir fabrik, başqa bir bina tikmək lazım olurdu. Ancaq İhsan Doğramacının belə imkanları ilə 9 ayın içərisində, Füzulinin yubileyini keçirmək üçün belə gözəl konsert salonu tikməsi bizi heyran etdi. Biz gəldik buraya, bizim sənətçilər gəldilər. Biz, Türkiyənin dəyərli insanları - 9-cu cümhur başqanı Süleyman Dəmirəl, bakanlar, başqaları… Burada böyük yubiley keçirdik. Çox belə misallar demək olar.

Bir də deyirəm, bir insanda bir çox keyfiyyətlər toplaşıbsa, o, adi insan deyildir. İhsan Doğramacı bir insan kimi çox gözəl qəlbə malik, çox xeyirxah, adamlara yardım etmək istəyən, xalqını inkişaf etdirmək istəyən bir insandır. Bir alim kimi böyük alimdir. İctimai xadim kimi böyük ictimai xadimdir. Dünya miqyasında tanınır, beynəlxalq təşkilatlarda, uluslararası konfranslarda ən gözəl yerlərdə dayanır və ona hamı hörmət edir. Ona görə də mən deyə bilərəm ki, İhsan Doğramacı ilə biz, - buraya Türkiyə də daxildir, Azərbaycan da daxildir, güman edirəm ki, türkdilli başqa dövlətlər də daxildir, - hamımız daim qürur hissi keçirə bilərik.

İnsanların sağlığında, adətən, onların heykəlləri yaranmır. Düzdür, indi bəzi ölkələrdə cümhur başkanları var, hər küçədə özünə bir heykəl yaradır, bu, o qədər də normal hal deyildir. Mən İhsan Doğramacıya dedim ki, Ömər Eldarov çox böyük sənətçidir, heykəltəraşdır. Siz inciməzsiniz, mən sizə deyim ki, Türkiyədə heykəltəraşlıq sənəti çox zəif olubdur. Sizdə çox az heykəllər var. Bakıya gələrsiniz, hər küçədə bir heykəl var. Amma heykəllər bizim böyük adamlaradır - şairlərə, bəstəkarlara, sənətçilərə. Siyasi xadimlərə, siyasət adamlarına heykəl qoymurlar.

Amma görürsən ki, bir şair 5-6 kitab yazıbdır, onun heykəli var. Bu, elədir, nə etmək olar?

İhsan Doğramacı istəmirdi ki, onun sağlığında belə bir heykəl olsun. Mən isə belə düşündüm ki, hər bir qanunda, qaydada istisna da var. İstisna o halda olur ki, o qərarı qəbul etmək üçün əsas olsun. Hesab edirəm ki, burada bu istisna halı var və belə bir qərarın qəbul edilməsi üçün əsas var. Mən şəxsən təcrübəli bir adam kimi və insanların sağlığında onlara heykəl qoyulmasının əleyhinə olan adam kimi, bu halda İhsan Doğramacının özünün yaratdığı Bilkənddə onun sağlığında heykəlinin qoyulmasını tamamilə əsaslı hesab etmişəm. Buna görə də mən bu qərara səs vermişəm və bu gün Ankarada mənim proqramımda birinci tədbir bu heykəlin açılışıdır. Ona görə də mən buraya gəlmişəm və sizin qarşınızda ürəyimdə olan sözləri deyirəm.

Əziz dostum İhsan Doğramacı! Bu gözəl heykəl yaşayacaq, əsrlər boyu yaşayacaq. Güman edirəm ki, sən də hələ çox yaşayacaqsan. Mən də səninlə bir yerdə çox yaşayacağam. Biz bir-birimizə söz vermişik, gərək sözümüzə sadiq olaq. Ancaq gözəl heykəltəraş Ömər Eldarovun çox gözəl sənəti olan bu heykəl daim türk xalqının insanlıq, elm, mədəniyyət rəmzinə çevriləcəkdir. Əsrlər keçəcək, yeni nəsillər gələcək, Bilkənd Universiteti yaşayacaq, burada yeni-yeni insanlar həm çalışacaq, həm də təhsil alacaqlar. Amma hər kəs bu heykəlin yanından keçəndə baş əyəcək və İhsan Doğramacıya minnətdarlığını bildirəcək. Bu sözləri deyəndə mən əlavə edirəm ki, üç ildən sonra Bakıda - Azərbaycanda İhsan Doğramacının 90 illik yubileyini biz təntənə ilə bayram edəcəyik, ondan sonra 100 ilə qədər bir proqram yapacağıq. Mən bu hadisə münasibətilə bütün türk xalqını təbrik edirəm. Bilkənd Universitetinin bütün professor, müəllim və tələbələrini təbrik edirəm. Türkiyənin elm, bilik, təhsil adamlarını təbrik edirəm. Sizi təbrik edirəm və hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Bir də onu demək istəyirəm ki, bizim bugünkü görüşümüz, bu hadisə və burada dayanan bu heykəl Türkiyə və Azərbaycanın, bir millət, iki dövlətin əbədi, sarsılmaz dostluğunun yeni bir abidəsidir. Onun yeni bir rəmzidir. Sağ olun.

"Azərbaycan" qəzeti, 28 iyun 2002-ci il.