Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə "Sevil" Azərbaycan qadınları məclisinin təşkil etdiyi görüşdə nitqi - Rəşid Behbudov adına Mahnı Teatrı, 8 mart 1997-ci il


Əziz xanımlar!

Mən sizi beynəlxalq qadınlar günü münasibətilə ürəkdən təbrik edir, sizə cansağlığı, daim gözəllik, səadət və bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Bu bayram münasibətilə mən şəhid analarını, əsgər analarını, ölkəmizin torpaqlarını qoruyan igidlərin analarını, ordumuza əsgər böyüdən anaları xüsusi təbrik edir və onlara öz təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların yükü həmişə ağırdır. Ancaq qadınların da xüsusiyyəti bundan ibarətdir ki, onlar bu vəzifələri şərəflə yerinə yetirirlər və cəmiyyətdə həmişə olduğu kimi, indi də aparıcı rol oynayırlar.

Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində bizim qadınların bir qismi evlərindən, yurdlarından didərgin düşüb, ağır vəziyyətdə yaşayır. Onların bir hissəsi çadırlarda yaşayır. Belə bir ağır vəziyyətdə - çadırlarda, yaxud da çox çətin mənzil şəraitində yaşasalar da öz qadınlıq, analıq borcunu yerinə yetirir, övladlar böyüdür, millətimizə, xalqımıza, dövlətimizə sədaqətlə xidmət edirlər. Mən respublikamızın bu dövründə belə ağır vəziyyətdə yaşayan qadınlara xüsusi salamımı çatdırır və onlara cansağlığı, səadət arzulayıram.

Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına görə, biliklərinə, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik. Azərbaycanda bütün sahələrdə gördükləri işlərə, səmərəli fəaliyyətlərinə görə bu bayram günündə mən bütün qadınlarımıza təşəkkür edirəm.

Xalqımız milli azadlıq yolu ilə gedir, ölkəmiz müstəqil dövlətdir. Bu keçid dövründə həyatımızda çoxlu çətinliklər, çox böyük maneələr var. Bunlar hamısı bizdən daha fəal işləməyi, daha səfərbər olmağı tələb edir, cəmiyyətimizi, respublikamızın bütün insanlarını daha da birliyə, həmrəyliyə dəvət edir. Bu sahədə qadınların rolu çox böyükdür. Qadınlar həmişə sülh, xoş münasibətlər tərəfdarı olublar. Qadınlar həmişə yaxşı ailələr yaradan qüvvə olublar.

İndi, respublikamızın bu keçid dövründə, çətin dövründə, torpaqlarımızın bir qisminin işğal altında olduğu zamanda, ölkəmizdə yerindən-yurdundan qaçqın, didərgin düşmüş bir milyondan artıq həmvətənimizin olduğu zamanda birliyə, həmrəyliyə, dostluq əlaqələrinə, səmimi əlaqələrə daha çox ehtiyacımız var. Bu yolu keçmək, respublikamızı bu mərhələdən keçirmək üçün, bu çətinliklərdən çıxmaq, Ermənistanın işğalından, təcavüzündən xilas olmaq üçün, respublikamızın ərazi bütövlüyünü bərpa etmək üçün cəmiyyətimizdə qarşılıqlı anlaşma, qarşılıqlı münasibətlər yaranmalıdır. Cəmiyyətimiz daha sıx birləşməli, əsas hədəflərimiz yolunda - dövlət müstəqilliyimizin möhkəmlənməsi və inkişaf etməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal olunmuş torpaqların azad edilməsi, respublikamızın dünya miqyasında özünəməxsus layiqli yerini tutması yolunda siyasi dünyagörüşündən, fikir müxtəlifliyindən asılı olmayaraq, respublikamızın bütün vətəndaşları bir olmalı, həmrəy olmalı, birləşməlidirlər, bundan sonra ölkəmizdə heç bir təxribata, qarışıqlığa yol verməməlidirlər. Bütün bu vəzifələrin yerinə yetirilməsində qadınların rolu da böyükdür, imkanları da çoxdur və qadınlar çox iş görüblər, bundan sonra da görə bilərlər.

Xatirimdədir, 1994-cü ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd göstərən qüvvələr baş qaldırıb ölkənin konstitusion hakimiyyətinin əleyhinə çıxdığı bir zamanda mən televiziya vasitəsilə xalqa müraciət edərkən gecə vaxtı Prezident Sarayının ətrafına yüz minlərlə insan toplaşdı. Onların içərisində qadınları görəndə, yaşlı, gənc qadınları, qucağında təzəcə doğulmuş, yenicə dünyaya gəlmiş uşaqla, südəmər uşaqla o meydana ayaqyalın gələn qadınları görəndə mən bir daha düşündüm ki, qadınlar nə qədər vətənpərvər, millətinə, ölkəsinə, dövlətinə nə qədər sədaqətlidirlər, eyni zamanda nə qədər cəsur, qorxmaz, qəhrəmandırlar. Həmin gecə o meydana toplaşanlar, şübhəsiz ki, böyük təhlükə altında idilər, çünki bizim dövlətçiliyimizin əleyhinə silahlı qüvvələr çıxmışdı. Amma o silahlı qüvvələrin, kişilərin əleyhinə qadınlar, - bəziləri də ayaqyalın, başıaçıq, havanın da bir az soyuq vaxtında qucaqlarında uşaqla çıxmış, Prezident Sarayının önünə gəlmişdilər və Azərbaycan dövlətçiliyinin qorunmasına qalxmışdılar, onun keşiyində dayanmışdılar. Mən bunu heç vaxt unuda bilmərəm.

Ancaq bu, yeganə hal deyil. Qadınlarımız həmişə belə olublar və əminəm ki, bundan sonra da belə olacaqlar. Qadınlarımız müstəqil Azərbaycanın dövlətçiliyinin dayağıdırlar, görəcəyimiz bütün işlərin dayağıdırlar. Ona görə də mən qadınlara indiyə qədər güvəndiyim kimi, bu gün də güvənirəm, sabah da güvənəcəyəm. Mən sizin hamınızı sevirəm, bağrıma basıram, əgər icazə versəniz, öpürəm, sizə cansağlığı, xoşbəxtlik arzu edirəm. Bir daha bayramınız mübarək olsun. Sizə uzun ömür və yeni-yeni nailiyyətlər arzulayıram. Sağ olun.