Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Xarici İşlər Nazirinin Asiya, Okeaniya və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə müavini Möhsün Əminzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən - Prezident sarayı, 6 avqust 2002-ci il


Qonaqları səmimiyyətlə salamlayan Azərbaycan prezidenti Heydər Əliyev son vaxtlar ölkələrimiz arasında müxtəlif səviyyələrdə qarşılıqlı görüşlərin sayının artmasından, müzakirələrin daha mənalı keçməsindən məmnun qaldığını bildirərək dedi ki, İran ilə Azərbaycan arasında əlaqələr yaxşı olmalı və gündən-günə genişlənməlidir. Güman edirəm ki, əməkdaşlığımızı bundan sonra da bu cür davam etdirsək, həll olunmamış məsələləri də həll edə bilərik.

Səmimi qəbul üçün təşəkkür edən cənab Möhsün Əminzadə dövlətimizin başçısına İran prezidenti Xatəminin salamlarını çatdıraraq dedi ki, zati-alinizin ölkəmizə səfəri dövlətlərimiz arasında münasibətlərdə dönüş nöqtəsi idi. Cənab Xatəmi Sizinlə apardığı danışıqlardan və müzakirələrdən çox razıdır. Zati-aliniz mühüm bir ölkənin rəhbəri kimi, bütün bölgədə böyük nüfuza malikdir.

Azərbaycana ilk dəfə gəldiyini söyləyən qonaq İran və Azərbaycan rəhbərliyinin birgə səyləri, əzmi və iradəsi nəticəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirdi. Cənab Əminzadə dedi ki, Azərbaycan bizim üçün mühüm ölkədir. İran İslam Respublikası Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışır. Qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulan münasibətlər qonşular arasında etimadı təmin edir. Biz qonşularımız arasında Azərbaycanı mühüm ölkə kimi qiymətləndiririk. Biz Azərbaycanı sabit, tərəqqi edən bir ölkə kimi görmək istəyirik. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimiz və bölgənin təhlükəsizliyi deməkdir. Biz regionda sülh və sabitlik olmasını istəyirik.

Prezident Heydər Əliyev qonağın fikirləri ilə razı olduğunu söyləyərək bildirdi ki, biz, yəni hər iki dövlət və onların başçıları eyni fikirdəyik. Bu fikirlərimizi də mən mayın 18-də Tehranda rəsmi səfərdə olarkən imzaladığımız rəsmi sənədlərdə əks etdirdik. Hesab edirəm, mənim səfərimlə bağlı çox mühüm hadisələrdən biri ondan ibarətdir ki, İran ilə Azərbaycan arasında əlaqələrimizin hüquqи bazasını yaradan dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müqavilə imzaladıq. Çox məmnunam ki, bu müqavilə İranla olan əlaqələrimizin bütün sahələrini əhatə etdi. Biz bir çox başqa sənədlər də imzaladıq. Ancaq bu müqavilə bizim gələcək əlaqələrimizin əsasını təşkil edir. Belə müqavilə imzalanandan sonra, təbiidir ki, biz gərək səylərimizi artıraq və bu müqavilədə əks etdirdiyimiz müddəaların hamısını həyata keçirməyə çalışaq. Biz müqavilədə əks olunmuş bütün müddəalara sadiqik və bundan sonra da sadiq olacağıq. Ancaq eyni zamanda, bu müddəaların həyata keçirilməsi çox əhəmiyyətlidir ki, həm siyasi, iqtisadi, həm də humanitar, elmi, mədəni əlaqələrimiz daha da canlansın və genişlənsin.

Dövlətimizin başçısı vurğuladı ki, biz İranı vahid dövlət kimi tanıyırıq. İranın ərazi bütövlüyünü və suverenliyini tanıyırıq və ona hörmət edirik. Biz istəyirik ki, İranda daxili sabitlik, sülh, əmin-amanlıq olsun. Ölkənizin istənilən istiqamətdə inkişaf etdirilməsində sizə heç bir maneçilik olmasın. Bizim imzaladığımız müqavilədə göstərilən prinsiplərdən biri də ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipidir. Biz bütün ölkələrlə münasibətlərimizdə, əlaqələrimizdə, xüsusilə də İranla əlaqələrimizdə bunu xüsusi prinsip hesab edirik. Biz bu prinsipə riayət edirik, bundan sonra da riayət edəcəyik. Eləcə də istəyirik ki, bizim daxili işlərimizə heç kəs qarışmasın.

İndi artıq dünyada hamı anlamalıdır ki, ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə etmək, yaxud müdaxilə yolu ilə bu ölkələrin daxili quruluşunu dəyişdirmək, ya da hansısa başqa bir tədbir görmək – bunlar tamamilə perspektivsiz işlərdir. Əgər dünyanın hansısa bir ölkəsindən digər bir ölkəyə qarşı belə bir cəhdlər göstərilirsə, biz bunları tamamilə pisləyir və yolverilməz hesab edirik.

Biz istəyirik ki, İran inkişaf etsin. İran böyük dövlətdir və İranın böyük imkanları, iqtisadi potensialı, qədim, çox gözəl tarixi var. Biz istəyirik ki, İran xalqı rahat, rifah, sülh içində yaşasın. Eyni zamanda, bütün ölkələrdən özümüzə qarşı da bu cür münasibət gözləyirik.

Prezident Heydər Əliyev təəssüflə vurğuladı ki, bu baxımdan vəziyyətiмizin tamamilə normal olduğunu deyə bilmərik. Çünki Ermənistan 1988-1989-cu illərdən Azərbaycana qarşı təcavüz edibdir, ölkəmizin Dağlıq Qarabağ ərazisinə iddia edibdir, müharibə gedib və müəyyən səbəblərdən Ermənistanın silahlı qüvvələri bizim torpaqlarımızı işğal edibdir. Ərazimizin təxminən 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazilərdən, o cümlədən Ermənistanın öz ərаzisindən zorla çıxarılmış və indi Azərbaycanda ağır vəziyyətdə yaşayan azərbaycanlıların sayı bir milyona çatır. Belə bir təcavüzkar dövlət, ölkə – Ermənistan heç bir əsası olmadan Dağlıq Qarabağa «respublika» statusu verib və indi orada artıq guya seçki keçirirlər. Seçki yolu ilə «dövlət başçısı» seçmək istəyirlər. Biz bunlara qəti etiraz etmişik və edirik. Bizim Xarici İşlər Nazirliyinin bəyanatı var. Biz bu barədə həm Birləşmiş Millətlər Təşkilatı ilə, Təhlükəsizlik Şurası, BMT-nin Baş katibi ilə, həm də Avropa Birliyi ilə və başqa beynəlxalq təşkilatlarla əlaqə saxlamışıq. Onlar Dağlıq Qarabağda seçkilər keçirilməsini qanunsuz hesab edirlər. BMT-nin Baş katibi Koffi Annan bunu bizim yazdığımız məktuba cavab olaraq bildiribdir və bu, mətbuatda dərc olunmuşdur.

Avropa Birliyi bu barədə məlumat veribdir ki, o belə «respublika» və orada keçiriləcək seçkiləri tanımır. Bir çox başqa dövlətlər və beynəlxalq təşkilatlar da bunu bildiriblər. Güman edirəm, bizim bölgəmizdəki bu qanunsuz hərəkətlərə dostlarımızın hamısı münasibətlərini bildirməlidirlər.

1994-cü ilin may ayından biz atəşi dayandırmışıq, danışıqlar aparırıq və məsələni sülh yolu ilə həll etmək istəyirik. ATƏT bu barədə çox böyük işlər görür. ATƏT-in Minsk qrupu var, onun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır, onlar da çox işlər görürlər. Ancaq təəssüflər olsun ki, Ermənistan bütün beynəlxalq təşkilatların qərarlarına etinasızlıq göstərir, onları yerinə yetirmir. Bizim sülhsevər siyasətimiz, çox ədalətli təkliflərimiz, cəhdlərimiz, təəssüf ki, Ermənistan tərəfindən hələ ki, qəbul olunmur.

Bilirsiniz ki, son illərdə ATƏT-in Minsk qrupunun bir neçə təklifinə biz razılıq verəndən sonra, ermənilər bunlardan imtina etmişlər. Biz isə məsələni sülh yolu ilə həll etmək üçün bütün imkanlardan istifadə etməyə çalışırıq.

O cümlədən son illər Ermənistan prezidenti ilə Azərbaycan prezidenti arasında bilavasitə görüşlər və danışıqlar sistemi də yaranıbdır. Bu görüşlərdə biz bir çox məsələləri müzakirə etmişik. Bəzi kompromislər haqqında fikir mübadiləsi aparmışıq. Ancaq hələ ki, bir nəticə əldə olunmayıbdır.

Bu ayın 14-də mən Ermənistan–Azərbaycan sərhədində, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Ermənistan prezidenti Kюçяryanla görüşəcəyəm. Yəni indi yenə bir cəhd göstəririk ki, nəticə əldə edək. Bunların hamısını siz bilirsiniz, mən Tehranda olanda prezident cənab Xatəmiyə bu barədə çox geniş məlumat vermişəm. Siz Ermənistanla sıx əməkdaşlıq edirsiniz. Cənab Xatəmi dedi ki, İran da münaqişənin həll olunması üçün öz səylərini göstərə bilər. Ermənistanla çox geniş iqtisadi əlaqələr saxladığına görə, İran ona təsir etməlidir. Çünki Ermənistan bütün beynəlxalq qanunları pozur və ədalətsiz mövqedə durur, təcavüzkardır. Biz öz sülhsevər siyasətimizi davam etdiririk. Eyni zamanda, torpaqlarımızın işğal altında qalmasına da artıq dözə bilmirik. Ona görə də bu məsələlər üzərində ciddi düşünürük.

Beləliklə, mən demək istəyirəm ki, dövlətlər, qonşu dövlətlər gərək bir-birinin işlərinə qarışmasın, bir-birinin torpağına göz dikməsin, təcavüzkarlıq etməsin. Təbiidir ki, bir dövlət güclü, digəri ondan zəif ola bilər. Bu o demək deyildir ki, güclü dövlət zəif dövləti əzməlidir. Təbiidir, Ermənistanı Azərbaycanla müqayisə edəndə, biz onlardan zəif deyildik. Amma o illərdə Sovet İttifaqının rəhbərliyinin Ermənistana dəstəyinə görə və erməni diasporunun köməyinə görə, bəzi başqa səbəblərə görə onlar bizim torpaqlarımızı işğal edə bildilər. Ancaq indi müstəqil Azərbaycan ilə Ermənistan bir-biri ilə müharibə aparsa, deyə bilmərik ki, biz onlardan gücsüzük. Mən güclü-gücsüz məsələsini ümumiyyətlə deyirəm. Çünki dünyada dövlətlərin hamısı eyni gücə malik deyildir. İran kiçik dövlətlərə nisbətən güclü dövlətdir. Amma İrandan da güclü dövlətlər var. Elədirmi? Gərək heç bir güclü dövlət özündən kiçik, yaxud hərbi cəhətdən zəif dövlətə təcavüz etməsin. Təcavüzkarlıq, özlüyündə ən böyük cinayətdir. Bir sözlə, gərək hamı sülh yolu ilə getsin. Biz bu yolla gedirik. İran ilə əlaqələrimiz indi elə qurulubdur ki, güman edirəm, İran da, biz də eyni yolla – sülh yolu ilə gedirik.

Möhsün Əminzadə dedi ki, zati-alinizin də yaxşı bildiyi kimi, ölkəmiz uzun əsrlər boyu yadellilərin müdaxiləsindən zərər görmüşdür, biz ölkəmizdə inqilab etməklə başqalarının daxili işlərimizə müdaxilə yolunu bağlamağa və müstəqil ölkə qurmağa çalışmışıq. İstəyirik ki, heç kəs bizim daxili işlərimizə qarışmasın. Özümüz də heç bir ölkənin daxili işlərinə qarışmaq istəmirik. Öz ərazi bütövlüyümüzə və suverenliyimizə hörmətlə yanaşdığımız kimi, başqalarının, xüsusilə qonşularımızın da suverenliyinə hörmət edirik.

Nümayəndə heyətinin başçısı bildirdi ki, İran Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmişdir və indi də edir. Biz bu mühüm prinsipə zidd istənilən hərəkəti pisləyirik, rədd edirik. Bu fikirdəyik ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan xalqının maraqları və mənafeyi nəzərə alınmalıdır. Sizin müzakirələrə əsaslanan siyasətinizi yüksək qiymətləndiririk. Münaqişənin tezliklə aradan qaldırılmasını və regionda sülhün,sabitliyin bərqərar edilməsini istəyirik və bu yolda səylərimizi əsirgəməyəcəyik.

Cənab Əminzadə dedi ki, son vaxtlar Minsk qrupu İranı məsləhətləşmələrə dəvət etmişdir. Bizim nümayəndəmiz Parisdə Minsk qrupunun təmsilçiləri ilə danışıqlar aparmış İranın mövqeyini açıqlamışdır. Biz səylərimizi davam etdirəcəyik və ümidvarıq ki, bu məsələ tezliklə həll olunacaqdır.

Prezident Heydər Əliyev dedi ki, mən iqtisadi məsələlərə toxunmadım, çünki bu gün siz Baş nazirlə görüşmüsünüz. Baş nazir bu görüş, müzakirə etdiyiniz məsələlər haqqında mənə məlumat verdi.

Bu gün Naxçıvanda sizin nazir Əli Sufi ilə Azərbaycanın İqtisadi İnkişaf naziri görüşüblər, Naxçıvanla bağlı məsələləri xüsusi müzakirə ediblər. Mən dəfələrlə demişəm, siz gərək Naxçıvanla bağlı məsələlərə daha da yaxından münasibət göstərəsiniz.