Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin dövlət naziri Əbdülxaliq Çayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 30 mart 2001-ci il


Heydər Əliyev: Hörmətli Dövlət naziri!

Hörmətli qonaqlar!

Mən sizi səmimi-qəlbdən salamlayıram və çox məmnunam ki, mənim Türkiyəyə rəsmi səfərimdən sonra Türkiyə–Azərbaycan Müştərək İqtisadi Komissiyasının toplantısı Azərbaycanda keçirildi. Mənə dedilər ki, bu, neçə ildir keçirilmir. Elədir, yoxsa yox?

Abid Şərifov (Baş nazirin müavini): Cənab Prezident, üç ildən çoxdur.

Heydər Əliyev: Üç ildən çoxdur. Sən günahkarsan.

Abid Şərifov: Bəli.

Heydər Əliyev: Çünki bizim tərəfdən sənsən.

Qədri Ecvet Tezcan (Türkiyənin Azərbaycandakı səfiri): Cənab Prezident, bizdən də mən günahkar oldum.

Heydər Əliyev: Sən günahkarsan. Gəlin belə danışaq ki, bundan sonra daha heç kəs günahkar olmasın. Bu işi bir plana salaq. Bir ildə, çox da olmaz, heç olmasa, iki dəfə – bir dəfə Azərbaycanda, bir dəfə də Türkiyədə keçirək.

Mən bundan çox məmnunam. Xüsusilə ona görə məmnunam ki, mənim Türkiyəyə rəsmi səfərimdən sonra bu iş daha da sürətlə getməyə başladı. Mən bu fürsətdən istifadə edib, bir də bildirmək istəyirəm ki, Türkiyəyə rəsmi səfərim Azərbaycanda, xalqımızda, millətimizdə çox böyük maraq, çox böyük ruh yüksəkliyi oyatmışdır. Yəni biz Türkiyə–Azərbaycan dostluğunun, qardaşlığının sarsılmaz, əbədi olduğunu bir daha nümayiş etdirdik. Türkiyədəki bütün görüşlər, danışıqlar, mənim Böyük Millət Məclisindəki görüşüm, sonra Ankara Universitetindəki görüşüm, başqa görüşlər – hamısı Azərbaycanda çox diqqətlə izlənibdir. Televiziyada bir neçə dəfə verilib və xalqımız da bundan çox böyük məmnuniyyət hissi duyur, çox sevinir. Çünki mən orada, Böyük Millət Məclisində dedim ki, Türkiyə Azərbaycanın ən yaxın dostu – qardaşıdır, bir nömrəli dostu – qardaşıdır. Ona görə də bu təkcə mənim əhval-ruhiyyəm deyil, bizim xalqımızın fikridir. Mən bunu orada xalqımızın fikrini ifadə edərək demişəm. Hesab edirəm, bu – orada da dedim – bizim dostluq–qardaşlıq əlaqələrimizin gələcəyi üçün yeni bir mərhələ kimi qəbul oluna bilər.

Hörmətli Dövlət naziri, mən sizə xüsusi təşəkkür edirəm. Çünki mən orada olanda siz həmişə mənimlə birlikdə olmusunuz. Yəni sizin üzərinizə daha da çox əziyyət düşübdür. Çox təşəkkür edirəm. Ancaq eyni zamanda siz Dövlət naziri kimi, bütün türk dövlətləri işi üzərində çox çalışmısınız. Amma bu da çox böyük vəzifədir. Yəni böyük işdir. Çünki keçmiş Sovetlər İttifaqına daxil olan və hazırda müstəqillik əldə etmiş türkdilli respublikaların işbirliyi, onların birlikdə olması çox əhəmiyyətlidir. Mən hörmətli prezident cənab Əhməd Necdət Sezərin dəvətini məmnuniyyətlə qəbul etmişəm. Gərək ki, aprel ayının 25-də, ya 26-da İstanbulda türkdilli dövlət başçılarının görüşü olacaqdır. Onu da keçirəcəyik. Mən çox məmnunam ki, bu, təxirə salınmır. Çünki biz burada son görüşü, «Dədə Qorqud»un yubileyini də keçirdik, qərara gəldik ki, gələn görüş İstanbulda olsun. Bu da artıq müəyyən olubdur və çox gözəl bir haldır.

Mənə Baş nazir məlumat verdi, siz burada iqtisadi əlaqələr haqqında çox işləmisiniz, çalışmısınız, olan nailiyyətləri də, qüsurları da qeyd etmisiniz. Bu təbiidir. Çünki heç bir iş qüsursuz olmur. Amma biz həmişə arzu edirik ki, işlərimizdə uğurlar daha çox olsun, nəinki qüsurlar. Güman edirəm ki, bu işbirliyi davam etdikcə, uğurlar daha çox, qüsurlar daha az olacaqdır. Mən sizə bir daha təşəkkür edirəm ki, Azərbaycana gəlmisiniz və Müştərək komissiyanın iclasını burada keçirmisiniz.

Əbdülxalıq Çay: Hörmətli Cümhur başqanım, hər şeydən əvvəl, nümayəndə heyətimizi qəbul etdiyinizə görə Sizə çox təşəkkür edirik.

Hörmətli Cümhur başqanımız cənab Əhməd Necdət Sezərin və hörmətli Baş nazir Bülənd Ecevitin, Baş nazir müavini Dövlət Baxçalının salamlarını Sizə çatdırmaqdan böyük şərəf duyuram. Müştərək İqtisadi Komissiyanın 1997-ci ildən bəri keçirilməyən toplantısını təşkil etmək üçün biz Bakıya gəldik. Zati-aliniz Ankarada olarkən komissiyanın toplantıları ilə bağlı məlumat vermişdim. Burada xeyli böyük, on illik dövrün işlərini gördük. On il ərzində qardaş cümhuriyyətlərə nə verə bilmişik, nə işlər görə bilərik, nələrin görülməsi lazımdır, hansı işlərdə qüsurlar olmuşdur – bunlar barədə geniş müzakirələr apardıq.

Cənab Prezident, Müştərək İqtisadi Komissiyanı toplayaraq gələcək illərdə, 5–10–20 il sonra əlaqələrimizin hansı istiqamətdə aparılması barədə proqram hazırlamaq sahəsində fikir mübadiləsi etdik. Müştərək komissiyanın Bakıdakı toplantısı türkdilli cümhuriyyətlər arasında birinci oldu. Bu ilin aprel ayında həm Qırğızıstanda, həm Özbəkistanda, həm də Türkmənistanda, may ayında Qazaxıstanda, iyun ayında da Gürcüstanda toplantılar keçirəcəyik. Biz bu çərçivədə ölkələrimiz arasındakı əlaqələri sağlam, hüquqa uyğun saziş halına gətirmək istəyirik.

Cənab Prezident, biz Türkiyə ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıqla bağlı cənab Abid Şərifovla, hörmətli Baş nazir Artur Rasizadə ilə, Səhiyyə naziri Əli İnsanovla görüşdük. Mətbuat nümayəndələri çıxdıqdan sonra bəzi məsələlər barədə zati-alinizə məlumat verməyə çalışacağam. Biz Türkiyə olaraq Azərbaycanı ana vətənimiz, yurdumuz, dövlətimiz, ölkəmiz kimi görürük, bu şəkildə qiymətləndiririk. Zati-alinizi öz Cümhur başqanımız kimi görürük və bundan da şərəf duyuruq. Bunu açıqlamağa ehtiyac da yoxdur. Bu əlaqələrin daha sağlam təməllər əsasında qurulması üçün qarşılıqlı, şəxsi dostluqlardan çox, hökumətlərarası, dövlətlərarası hüquqi anlaşmaların olmasının zəruriliyi baxımından biz bu Müştərək İqtisadi Komissiyanın toplantısını əhəmiyyətli sayırıq. Hörmətli Cümhur başqanımız Sezər Orta Asiya cümhuriyyətlərinə etdiyi səfərlər zamanı türkdilli ölkələrin dövlət başçılarından Müştərək İqtisadi Komissiyaların toplantısının keçirilməsini xahiş etmişdi. Ona görə də bu işə böyük önəm veririk.

Mən bir məsələni dəyərləndirərək çıxışımı bitirmək istəyirəm. Buraya 32 nəfərlik nümayəndə heyəti ilə gəlmişik. Nümayəndə heyətinə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri istiqamətləndirən Xarici İşlər Nazirliyinin, Xarici Ticarət Müstəşarlığının, Türkiyə İnkişaf Agentliyinin (TİKA), Enerji və Təbii Ehtiyatlar Nazirliyinin və s. nümayəndələri daxildir. Biz azəri qardaşlarımızla birlikdə bu məsələləri müzakirə edərək, bəzi problemlərin həllinə çalışmışıq. Lazım olarsa, bu problemlər barədə gələcəkdə də söhbətlər aparacağıq, görüşlər keçirəcək, önəmli olan məsələləri müzakirə edəcəyik və gələcəyə problemli məsələ qoymayacağıq. Cənab Prezident, məqsədimiz bundan ibarətdir.

Zati-alinizin Türkiyəyə rəsmi səfəri zamanı təbii qaz barədə imzalanmış anlaşmaya görə, Türkiyə olaraq Sizə təşəkkürümüzü bildiririk. Bunun istər Azərbaycan üçün, istərsə də Türkiyə üçün xeyirli və uğurlu olmasını diləyirəm. Azərbaycanın ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycan xalqının qəbul edə biləcəyi çözümün Türkiyənin də qəbul edəcəyini burada açıq ifadə etmək istəyirəm. Çünki düşünürük ki, Qarabağ problemi Azərbaycan qədər Türkiyənin də məsələsidir. Keçiriləcək görüşlərdə çözümün sülh yolu ilə həll olunmasını arzu edirik. Müharibə ən son çarədir. Azərbaycanın sabitliyini pozmayan, gələcək nəsillərin önündə, tarix önündə üzüağ olacaq bir şərəfli anlaşma ilə bu işin sona çatması ən böyük arzumuzdur. Türkiyə olaraq bu sahədə azərbaycanlı qardaşlarımızın və zati-alinizin sona qədər dəstəkçisi olduğumuzu burada bir daha söyləmək istəyirəm.

Hörmətli Cümhur başqanım, Naxçıvan məsələsi barədə də bir-iki kəlmə demək istəyirəm. Novruz bayramı ilə əlaqədar Qars, İğdır, Ağrı bölgəsinə getmişdim. «Dilucu» sərhəd qapısına qədər getdik. Naxçıvan ilə bağlı məsələlərin əlaqələndirilməsi də mənim nazirliyimə tapşırılıbdır. Zati-alinizin hörmətli Baş nazir Ecevitə göndərdiyi məktubu da naxçıvanlı qardaşlarımızla dəyərləndirdik. Bu çərçivədə yollar arayırıq. Mən bu sahədə lazım olan bilgiləri cənab Abid Şərifova verdim. Çünki biz Naxçıvanın problemini öz problemimiz kimi görürük. İnşallah, bu toplantıdan sonra, Türkiyəyə qayıtdıqdan sonra muxtar respublikanın rəhbərləri ilə Naxçıvanla bağlı müzakirələr aparacağıq və məsələləri həll edəcəyik. Mən bunları bildirmək istəyirdim. Bir çox məsələlər var. Hörmətli mətbuat nümayəndələri gedəndən sonra onları zati-alinizə bildirmək istəyirəm.

Heydər Əliyev: Sağ olun. Təşəkkür edirəm.

Ermənistan-Azərbaycan münaqişəsi barədə biz Türkiyədə də çox danışdıq. Mən Böyük Millət Məclisində də öz fikirlərimi söylədim. Təbiidir ki, bu həm Azərbaycanın problemidir, həm də Türkiyənin problemidir. Sizin fikirləriniz, burada söylədiyiniz fikirlər bizim fikirlərimizlə eynidir, üst-üstə düşür.

Bilirsiniz ki, mən aprel ayının 1-də, yəni bir gündən sonra Amerikaya, özü də çox uzaq bir yerə, Amerikanın ən güneyində olan Floridaya gedirəm. Orada Minsk qrupunun həmsədrləri, ATƏT-in Baş katibi, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi, başqaları – hamımız bir yerdə bu məsələyə baxacağıq. Ancaq təbiidir ki, çox ağır və çox da çətin bir məsələdir. Çünki ermənilər öz tələblərindən geriyə çəkilmirlər. Biz də öz tələblərimizdən geriyə çəkilə bilmərik. Azərbaycanın torpaq bütövlüyü bizim üçün əsas şərtlərdən biridir. Biz hansısa bir başqa məsələdə, ola bilər, nə iləsə razı ola bilək. Amma təbiidir, biz Azərbaycanın torpaq bütövlüyünün pozulması ilə razı ola bilmərik. Doğrudur, indi onlar Dağlıq Qarabağı işğal ediblər. Onun ətrafında bizim yeddi inzibati rayonumuzu da işğal ediblər. Ərazimizin, torpağımızın beşdə bir hissəsi ermənilərin işğalı altındadır. Bir milyondan artıq insanın çoxu köçkün vəziyyətində çadırlarda yaşayır. Biz bu dərdləri neçə ildir, 7-8 ildir ki, çəkirik və bu dərdlərdə təkcə Türkiyə bizim yanımızdadır. Bu dərdi bir yerdə çəkirik. Ancaq biz də o fikirdəyik ki, məsələnin sülh yolu ilə həll edilməsinə nail olmaq lazımdır. Doğrudur, indi Azərbaycanda müharibə əhval-ruhiyyəsi, yəni ordunun gücü ilə, silah gücü ilə torpaqların azad edilməsi əhval-ruhiyyəsi daha çoxdur, nəinki, sülh yolu ilə. Ancaq mən hesab edirəm, hələ ki, məsələnin sülh yolu ilə həll edilməsi imkanları tükənməyibdir. Biz bu barədə işləməliyik, çalışmalıyıq və qarşımızda duran görüşlərdə də mən bunu edəcəyəm.

Mən bu gün xarici məlumatları oxuyurdum. Sizin ölkənin Xarici İşlər naziri hörmətli İsmayıl Cəm Vaşinqtonda həm Xarici İşlər naziri ilə, həm də vitse-prezident Dik Çeyni ilə görüşüb, danışıqlar aparıbdır. Təbiidir ki, Türkiyə–Amerika əlaqələri haqqında. Eyni zamanda o, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ problemi haqqında da danışıqlar aparıbdır. Mən çox məmnunam. Eyni zamanda şübhə etmirdim, çünki bu belə də olmalı idi. Mən bu gün bu məlumatı alanda çox məmnun oldum. Hər halda, mənim Amerikaya indiki ziyarətim çox vacib bir məsələdir. Görək sonu necə olacaqdır. Ancaq biz öz prinsiplərimizdən heç vaxt çəkilməmişik və çəkilməyəcəyik.

Keçirdiyiniz işlərə görə bir daha təşəkkür edirəm. Xahiş edirəm, mənim salamlarımı və hörmət-ehtiramımı hörmətli prezident cənab Əhməd Necdət Sezərə çatdırasınız, hörmətli Baş nazir cənab Bülənd Ecevitə çatdırasınız, hörmətli Baş nazir müavini cənab Dövlət Baxçalıya və başqa dostlarıma, qardaşlarıma çatdırasınız.