"İlkin neftin Rusiya ərazisi vasitəsilə nəqli haqqında sazişlərin imzalanması ‎mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi" (Bakı, 16 ‎fevral 1996-cı il ) sənədinə tarixi arayış


‎16 fevral 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev Bakıda ilkin neftin Rusiya ‎ərazisi vasitəsilə nəqli haqqında sazişlərin imzalanması mərasimində iştirak edib. ‎

‎1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorunda yerləşən yataqların xarici neft ‎şirkətləri ilə birgə işlənməsi haqqında sazişin - "Əsrin müqaviləsi"nin imzalanmasından ‎sonra ilkin nefti dünya bazarlarına çatdıracaq əlverişli neft boru kəmərinin çəkilməsi ‎məsələsi gündəmə gəlib. Keçən əsrin 90-cı illərində ilkin Azərbaycan neftinin Rusiya ərazisi ‎ilə Qara dəniz sahilində yerləşən Novorossiysk limanına, oradan bərə vasitəsilə daha uzaq ‎məntəqələrə daşınması real görünürdü. Belə ki, hələ keçmiş SSRİ dövründə Novorossiysk-‎Bakı boru kəməri fəaliyyət göstərirdi. Bu kəmər Rusiyada hasil edilən xam neftin Bakının ‎neftayırma zavodlarında emal etmək məqsədilə inşa edilib və SSRİ dağıldıqdan sonra ‎istifadəsiz qalıb. Bu boru kəmərinin bərpa edilərək neftin əks istiqamətdə ötürülməsi ‎üçün 1995-ci ilin oktyabrın 9-da qərar qəbul edilib, Azərbaycan və Rusiya hökumətləri ‎arasında danışıqlar başlanıb. ‎

Danışıqların nəticəsində razılıq əldə edildikdən sonra ilkin Azərbaycan neftinin Bakı-‎Novorossiysk boru kəməri vasitəsilə nəqlinə dair müqaviləni 18 yanvar 1996-cı ildə ‎Moskvada Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Federasiyasının baş naziri ‎Viktor Çernomırdin imzalayıb.

16 fevral 1996-cı ildə isə Bakıda Bakı-Novorossiysk neft ‎boru kəmərinin inşası və fəaliyyətə başlaması üçün lazım olan texniki-iqtisadi öhdəlikləri ‎özündə əks etdirən sənədlərin imzalanması mərasimi olub. Bu sənədlər neftin nəql ‎edilməsinə yardım haqqında müqavilə, habelə Azərbaycanda çıxarılacaq ilkin neftin Rusiya ‎ərazisi vasitəsilə nəqli haqqında sazişdən ibarət idi. Həmin sənədlər neftin Novorossiysk ‎limanına çatdırılmasına dair vəzifələrin yerinə yetirilməsi sahəsində tərəflərin öz üzərlərinə ‎götürdükləri hüquqi, kommersiya, maliyyə və iqtisadi öhdəlikləri əhatə edirdi.‎

Sənədləri Rusiya tərəfindən "Transneft" Səhmdar Cəmiyyətinin prezidenti Valeri Çernyayev, ‎Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, xarici ‎neft şirkətləri tərəfindən isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Terri ‎Adams imzalayıb. Kəmərin çəkilişi ilə bağlı qarşılıqlı memorandumu isə Azərbaycan ‎tərəfindən ARDNŞ prezidenti Natiq Əliyev, Rusiya tərəfindən "LUKoyl" neft şirkətinin ‎prezidenti Vahid Ələkbərov imzalayıb.‎

Bakı-Novorossiysk neft boru kəməri Azərbaycan neftini Rusiya ərazisi ilə 1997-ci ilin ‎noyabrından xarici bazara çıxarmağa başlayıb. İllik ötürmə qabiliyyəti 17 milyon ton, ‎uzunluğu 1411 km olan bu neft kəmərinin çəkilməsinə 600 milyon ABŞ dolları məbləğində sərmayə ‎qoyulub.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında alternativ boru kəməri kimi ‎çıxış edən Bakı-Novorossiysk kəməri vasitəsilə hər il bir neçə milyon ton xam neft dünya ‎bazarına nəql edilir.‎Bu neft kəməri vasitəsilə 2005-ci ildə 4,1 milyon, 2006-cı ildə 4,6 milyon, 2007-ci ildə 2,1 milyon, 2008-ci ilin birinci yarım ili ərzində isə 0,6 milyon ton Azərbaycan nefti dünya bazarlarına çatdırılıb. (http://www.az-customs.net/)

Qeyd edək ki, hazırda Azərbaycanda hasil edilən xam neftin əsas hissəsi 2006-cı ildən fəaliyyətə başlayan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə dünya bazarlarına nəql edilir. Məsələn, 2007-ci ildə Azərbaycanda 42,6 milyon ton neft hasil olunub və ixrac üçün nəzərdə tutulan neftin 27,5 milyon tonu Bakı-Tbilisi-Ceyhan marşrutu ilə ixrac edilib. (http://www.az-customs.net/)

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev xarici neft şirkətləri tərəfindən Azərbaycanda hasil edilən ilkin neftin ixracını ‎təmin edəcək boru kəmərini həm milli iqtisadiyyatın inkişafı, həm də regional əməkdaşlığın genişləndirilməsi baxımından ‎böyük əhəmiyyətə malik layihə kimi qiymətləndirib.‎

Tarixi arayış 23 iyul 2008-ci ildə tərtib edilib.