Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz ilə görüşü - Prezident sarayı 5 sentyabr 2002-ci il


Heydər Əliyev: Cənab səfir, Sizi səmimiyyətlə salamlayıram, necəsiniz? Məzuniyyətdə olduğunuzu bilirdim.

Mən məzuniyyətə çıxa bilmirəm, doqquz ildir məzuniyyətsiz işləyirəm. Bilirəm ki, ölkənizdə erkən seçkilərə hazırlıq gedir. Arzu edirəm ki, seçkilər yaxşı nəticələr versin, Türkiyədə güclü bir hökumət yaransın.

Əhməd Ünal Çeviköz: Hörmətli Cümhur başqanım, səmimi qəbul üçün təşəkkür edirəm. Bildiyiniz kimi, Böyük Millət Məclisi noyabrın 3-də Türkiyədə parlament seçkiləri keçirilməsi barədə qərar vermişdir. Məclis uzun müzakirələrdən sonra bəzi qanunlar da qəbul etmişdir. Bu, fövqəladə əhəmiyyətli hadisə, Türkiyənin Avropa Birliyinə üzvlüyünə qəbul məsələsi barədə müzakirələr başlanandan bəri atılan önəmli addımlardır. Eyni zamanda biz həmişə vurğulayırıq ki, atılan bu addımlar, qəbul olunan qanunlar Türkiyənin daha müasir mədəniyyətlər səviyyəsinə qalxması üçün, vətəndaşlarımızın daha çağdaş, daha demokratik yaşamaları üçün görülmüş tədbirlərdir. Bunları Avropa Birliyinə üzv olmaq üçün etmirik.

Noyabrın 3-dəki parlament seçkilərindən sonra Türkiyə Cümhuriyyətinin 58-ci hökuməti qurulacaqdır. Mən məzuniyyətdə olduğum zaman Azərbaycanda avqustun 24-də keçirilən referendumun nəticələri açıqlandı. Bu referendum ilə Azərbaycanın Konstitusiyasında edilən dəyişikliklərin ölkəniz üçün xeyirli olmasını arzulayıram.

Hörmətli Cümhur başqanım, Azərbaycanın, Qafqazın və bütün bölgənin ən önəmli layihəsi olan «Əsrin müqaviləsi» ilə gündəliyə çıxardığınız Bakı–Tbilisi–Ceyhan neft ixrac boru xəttinin təməlinin qoyulması mərasimi olacaqdır. Sizin dəvətinizi hörmətli Cümhur başqanımıza çatdırdım.

Bilirsiniz ki, hazırda Cənubi Afrika Respublikasında keçirilən zirvə toplantısı ilə əlaqədar hörmətli Əhməd Necdət Sezər Türkiyədə deyildir. O bu günlərdə Türkiyəyə dönəcəkdir. Hörmətli Cümhur başqanımızın və nümayəndə heyətimizin Bakıya gəlməsinin vaxtı tezliklə müəyyən ediləcəkdir.

Bu dəvət üçün Sizə çox təşəkkür edirəm. Həqiqətən, sentyabrın 18-də keçiriləcək təməlqoyma mərasimi, Azərbaycanı, Gürcüstanı və Türkiyəni bir-birinə daha da bağlayacaq boru xətti bütün Qafqaz üçün çox əhəmiyyətli addım olacaqdır.

Hörmətli Cümhur başqanım, onu da vurğulayım ki, oktyabrın 14-də İstanbulda EKO təşkilatının zirvə toplantısı keçiriləcəкdir və ölkəmizin rəhbərinin dəvətini Sizə çatdırıram.

Heydər Əliyev: Təşəkkürüмü bildirirəm, mən çox arzu edirəm, Türkiyədə seçkilər uğurlu keçsin və Türkiyənin vətəndaşları güclü bir hökumətin yaranmasına öz səsləri ilə kömək etsinlər. Güman edirəm, belə də olacaqdır.

Biz, nəhayət, Bakı–Tbilisi–Ceyhan boru xəttinin təməlini qoyacağıq. Mən hörmətli Cümhur başqanı Əhməd Necdət Sezərə məktub göndərdim və telefonla da danışdım. O da çox məmnun oldu və bildirdi ki, mütləq gələcək, bu işdə iştirak edəcəkdir. Bu, təkcə bizim işimiz deyil, üç ölkənin işidir.

Düzdür, Azərbaycan bunun təməlini qoyandır. Amma bu boru xətti üç ölkəni – Azərbaycan, Gürcüstan və Türkiyəni böyük bir məsafədə, təxminən iki min kilometrlik məsafədə birbirinə bağlayan kəmərdir. Bilirsiniz ki, biz bu barədə nə qədər çox problemlərlə rastlaşdıq və bir çox problemləri həll etdik. Bakı–Ceyhanın bir hissəsini Azərbaycan maliyyələşdirir, bir hissəsini də şirkətlərin özləri maliyyələşdirəcəklər. Buna mane olmaq istəyənlər də var. Bilirsiniz ki, Cənubi Afrikada keçirilən sammitdə Bakı–Ceyhan layihəsinin əleyhinə çıxışlar olubdur. Qəzetlər bunu tez götürüb hər yerdə dərc edibлər. Ancaq heç kəs indiyə qədər bizə mane ola bilməyib, bundan sonra da mane ola bilməyəcəkdir. Biz bunu edəcəyik və ayın 18-də bir yerdə kəmərin təməlini qoyacağıq. Mənim buna heç bir şübhəm yoxdur. Təbiidir ki, bu, böyük hadisə olacaqdır və boru xətti tikilməyə başlayacaqdır. Ondan sonra biz burada bir mərasim də keçirəcəyik. «Azəri», «Çıraq», «Günəşli» yataqlarının istismar olunmasının ikinci fazasının başlanması haqqında Azərbaycan Dövlət Neft şirkəti ilə konsorsium arasında anlaşma imzalanacaqdır. Hesab edirəm, bu da çox mühüm anlaşmadır. Çünki ikinci fazanın başlanması neftin hasilatının güclü artması məsələsidir. Neft hasilatı artmasa, boru boş qalacaqdır.

Ona görə bu da çox mühüm hadisədir. Güman edirəm, bizim Dövlət Neft şirkəti və konsorsiуm üç prezidentin hüzurunda bunu da edəcəklər. Bu tədbirləri bir yerdə keçirəcəyik. Çox məmnunam ki, üç prezident yenə də bir araya gələcək, görüşəcəyik, bir də söhbət edəcəyik. Bunun da çox böyük əhəmiyyəti vardır.

Bizim başqa işlərimizin hamısı normal gedir. Mən oktyabr ayında EKO-nun toplantısına gələcəyəm.