ABƏŞ-in sabiq prezidenti Terri Adamsa "Şöhrət" ordeninin təqdim olunma mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 31 mart 1999-cu il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli xanımlar və cənablar, dostlar!

Bu gün mənim üçün çox xoş olan bir tədbiri həyata keçirmək istəyirəm. Bizim dostumuz cənab Terri Adamsa Azərbaycanın dövlət mükafatı "Şöhrət" ordenini təqdim etmək mərasiminə gəlmişəm.

Cənab Terri Adams Azərbaycanın yüksək dövlət mükafatı - "Şöhrət" ordeni ilə Azərbaycan qaşısındakı xidmətlərinə görə və respublikamızın xarici ölkələrin neft şirkətləri ilə əməkdaşlığında həyata keçirdiyi səylərə görə təltif olunubdur. Mən bu hadisəni, yəni cənab Terri Adamsın Azərbaycanın dövlət mükafatı ilə təltif olunmasını və bugünkü mərasimi bir xarici ölkənin vətəndaşına Azərbaycanın mükafatının verilməsı kimi yox, böyük əhəmiyyət kəsb edən bir hadisə kimi qiymətləndirirəm. Bu, bizim Azərbaycanın və bir neçə ölkənin neft şirkətlərinin 1994-cü ildə başladığı böyük işin nümunəsidir.

1994-cü ilin sentyabr ayında Azərbaycanda tarixi bir hadisə baş verdi, böyük neft müqaviləsi imzalandı və bu müqaviləni dünya ictimaiyyəti "Əsrin müqaviləsi" adlandırdı. Bu, Azərbaycanın tarixində, respublikamızın neft sənayesinin tarixində ilk hadisə idi, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının xarici ölkələrin neft şirkətləri ilə müştərək işlənilməsi üçün yaradılmış konsorsium ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında müqavilənin imzalanması idi.

Bu hadisə Azərbaycanda və müqaviləni imzalayan şirkətlərin mənsub olduqları ölkələrdə böyük ümidlər yaratdı, eyni zamanda dünyada geniş əks-səda verdi. Müqavilənin imzalanması Xəzər dənizinin zəngin enerji ehtiyatlarının - neft və qaz yataqlarının işlənilməsi və hasil ediləcək neftin, qazın dünya bazarlarına çıxarılması üçün ilk böyük bir addım idi. Biz bu müqavilə ilə dünyaya Xəzər dənizini təqdim etdik, onun zəngin enerji ehtiyatlarını bəyan etdik və dünyanın neft şirkətlərini Xəzər dənizində Azərbaycanla əməkdaşlığa dəvət etdik.

Eyni zamanda, bu müqavilənin həyata keçirilməsi və nəticələri haqqında dünyada müxtəlif fikirlər dolaşırdı. Bəziləri böyük ümidlər bəsləyirdi, amma bəziləri isə hesab edirdilər ki. bunu həyata keçirmək çətin olacaq, yaxud da mümkün olmayacaqdır.

Bu gün böyük məmnuniyyətlə qeyd etmək olar ki. konsorsium və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən müqavilənin həyata keçirilməsi ilə əlaqədar proqram əvvəlcədən çox doğru-düzgün tərtib olunmuşdur və onun ardıcıl surətdə həyata keçirilməsi təmin edilmişdir. Məhz buna görə də "Çıraq" yatağından neftin hasil edilməsi və sahilə nəql olunması, sahildən isə Bakı-Novorossiysk kəməri ilə dünya bazarlarına ixrac edilməsi müqavilənin şərtlərində nəzərdə tutulan proqram, cədvəl əsasında qısa bir zamanda həyata keçirildi.

1997-ci il noyabrın 12-də biz "Çıraq" yatağından neftin alınmasını və boru kəməri ilə Qara dənizdəki Novorossiysk limanı vasitəsilə dünya bazarlarına nəql olunmasını bayram etdik. Biz bununla birlikdə, 1994-cü ilin sentyabr ayında başladığımız işin əməli nəticəsini əldə etdik. Sübut etdik ki, Xəzər dənizində, Xəzərin Azərbaycan sektorundakı yataqlarda nefti həqiqətən müasir texnika, texnologiya ilə hasil etmək olar və onu dünya bazarlarına çıxarmaq mümkündür.

"Çıraq" yatağından müqavilədə nəzərdə tutulmuş miqdardan xeyli artıq neft hasil edilir və hasilat get-gedə çoxalır. Müqavilənin proqramında nəzərdə tutulan digər işlər də ardıcıl surətdə həyata keçirilir. Qısa bir zamanda neftin Qərb marşrutu ilə Qara dənizə, oradan isə dünya bazarlarına ixrac edilməsi üçün Bakı-Supsa neft kəməri tikilib hazırlanıb və bu yaxınlarda onun istismara verilməsi də təmin olunacaqdır.

Konsorsium təşkil ediləndən onun başçısı bizim dostumuz Terri Adams olubdur. Onun çox məharətli rəhbərliyi nəticəsində, böyük təcrübəsinə, işgüzarlığına görə konsorsiumun işi yüksək səviyyədə aparılıbdır və ümumiyyətlə, Azərbaycanda, Xəzər dənizində yeni-yeni neft yataqlarında neft hasil etməkdən ötrü yaranan konsorsiumlar üçün də böyük təcrübə toplanıbdır.

Cənab Terri Adams bu yüksək vəzifədə işlədiyi dövrdə böyük işgüzarlıq göstəribdir. O, özünün böyük mühəndis, mütəxəssis olduğunu nümayiş etdiribdir və öz biliyi, təcrübəsi, əməli fəaliyyəti ilə konsorsiumun uğurla işləməsini təmin edibdir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin yaranmasında, inkişaf etməsində, onun infrastrukturunun, kadr potensialının yaranmasında və başqa bütün işlərdə cənab Terri Adamsın xidmətləri böyükdür.

Məhz bunlara görə cənab Terri Adams Azərbaycan ictimaiyyətinin hörmət və ehtiramını qazanmışdır. Ona görə də o, Azərbaycanın yüksək dövlət mükafatına - "Şöhrət" ordeninə layiq görülmüşdür. Cənab Terri Adamsın rəhbərliyi ilə yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti öz üzərinə düşən vəzifəni bu gün də müvəffəqiyyətlə həyata keçirir. Mən əmin olduğumu bildirmək istəyirəm ki, müqavilədə nəzərdə tutulmuş proqram bundan sonra da ardıcıl surətdə yerinə yetiriləcəkdir.

1994-cü ilin sentyabr ayında imzalanmış müqavilə və onun əsasında yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Xəzər dənizində neft hasil edilməsi sahəsində dünyanın neft şirkətlərinin birgə işləməsi üçün atılan ilk addım olmuşdur. O, Azərbaycanın Xəzər dənizində olan digər neft və qaz yataqlarının da dünyanın neft şirkətləri ilə müştərək işlənilməsi üçün yol açmışdır. Bıı gün məmnuniyyətlə deyə bilərik ki, ondan sonra bir çox müqavilələr imzalanmış və həmin müqavilələr də indi əməli surətdə həyata keçirilir.

Biz bu işlərimizlə Xəzər dənizinin digər Xəzəryanı ölkələrə mənsub olan sektorlarında da neft və qaz yataqlarının işlənilməsi üçün böyük imkanlar, şərait yaratmış olduq. İndi Xəzər dənizinin Türkmənistan, Qazaxıstan, İran, Rusiya sektorlarında da işlər aparılır. Beləliklə, biz ilk təşəbbüsümüzlə, addımımızla Xəzər dənizinin zəngin neft və qaz yataqlarının dünya iqtisadiyyatı üçün işlənib fayda gətirməsinin əsasını qoymuşuq. Bizim bu işlərimizin böyük gələcəyi vardır. Bu işlər XXI əsrdə dünyada neft hasilatının artmasını təmin edəcəkdir. Biz buna inanırıq və inanaraq da ardıcıl surətdə işləyirik.

Bizim bu nailiyyətlərimiz Xəzər dənizində müştərək iş görən şirkətlər, ölkələr, Azərbaycan üçün böyük faydalar gətirir və gətirəcəkdir. Şübhəsiz ki, bu nailiyyətlərimiz bizim hamımızı, dostlarımızı sevindirir. Amma eyni zamanda, bizim bu işlərimizə paxıllıq, qısqanclıq edənlər, hətta onu ləkələməyə çalışanlar da az deyildir.

Son vaxtlar ayrı-ayrı ölkələrin bəzi mətbuat orqanlarında, təəssüf ki, Azərbaycanda da əsası olmayan məqalələr dərc edilir, fikirlər yaradılır ki, guya Xəzər dənizində Azərbaycanın dünyaya bəyan etdiyi neft, qaz, enerji ehtiyatları yoxdur, yaxud da azdır. Bu məqalələri yazanlar və yaxud onları yazdıranlar, şübhəsiz ki, bunları arzu edirlər. Yəni onların istəyidir ki, bizim proqnozlarımız düzgün olmasın və nəzərdə tutulmuş böyük neft Azərbaycan üçün, - təkcə Azərbaycan üçün yox, həm də bu neftdən istifadə etmək istəyən ölkələr üçün - hasil olmasın. Bunları edənlər Azərbaycana mənfi münasibət göstərən və yaxud da düşmənçilik edən dairələrdir. Amma təəssüflər olsun ki, belə qüvvələr Azərbaycanın içində də az deyil.

Bizim apardığımız işlərə və əlimizdə olan nəticələrə əsaslanaraq mən bu gün bəyan edirəm ki, bu fikirlər tam uydurmadır. Onların heç bir əsası yoxdur. Onlar Azərbaycana qarşı sadəcə, təxribat məqsədi daşıyır. Belə dairələr, bu cür qüvvələr nahaq canfəşanlıq edirlər. Onlar yanılırlar. Qoy onlar sevinməsinlər. Ümumiyyətlə, Xəzər dənizində, o cümlədən Xəzərin Azərbaycan sektorunda nəzərdə tutulduğundan da artıq neft və qaz ehtiyatları vardır. Onlar bizim imzaladığımız müqavilələr əsasında ardıcıl surətdə işlənəcək və neft, qaz hasil ediləcəkdir. Bizim bütün proqramlarımız həyata keçəcəkdir.

Dünyanın böyük neft şirkətləri bu gün də bizə, Azərbaycana, respublikamızın Dövlət Neft Şirkətinə müraciət edərək Xəzər dənizinin Azərbaycan sektorunda olan neft və qaz yataqlarında iş almaq barədə xahiş edirlər, təkliflərini verirlər. Biz bu təkliflərə baxırıq. Bu yaxın zamanlarda yeni böyük müqavilələr imzalanacaqdır və bu işin hələ böyük gələcəyi vardır.

Cənab Terri Adams, sizinlə, həmkarlarınızla birlikdə 1994-cü ilin sentyabr ayında başladığımız iş günü-gündən öz bəhrələrini verir. Biz və gələcək nəsillər bu işin şahidi olacaqlar.

Cənab Terri Adams, mən sizi təbrik edirəm. Azərbaycanda gördüyünüz işlərə görə sizə bir daha təşəkkür edirəm. Böyük məmnuniyyətlə Azərbaycanın yüksək mükafatını - "Şöhrət" ordenini sizə təqdim edirəm.

"Azərbaycan" qəzeti, 1 aprel 1999-cu il.