Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Xarici İşlər nazirinin müavini, səfir Yigit Alpoğlan ilə görüşdə söhbəti - Prezident sarayı,13 may 2001-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Mən çox məmnunam ki, Ankarada, sonra İstanbulda olarkən, yəni prezidentlə, Xarici İşlər naziri ilə danışıqlar apararkən siz də bizimlə bərabər idiniz və bu danışıqlarda çox fəal iştirak edirdiniz. Hörmətli prezident Əhməd Necdət Sezər doğum günümü təbrik etmək üçün mənə telefon etmişdi. Eyni zamanda mənə dedi ki, siz buraya gələcəksiniz, sizinlə bəzi məsələləri müzakirə edəcəyik, onun bəzi fikirlərini mənə çatdıracaqsınız.

Birincisi, onu demək istəyirəm ki, mən son vaxtlarda iki dəfə Türkiyədə olmağımdan çox məmnunam. Hesab edirəm, mənim mart ayındakı rəsmi səfərim çox uğurlu keçdi və Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişaf etməsi üçün yeni bir addım oldu. İkinci dəfə isə İstanbulda olmağımı, yəni türkdilli ölkələrin dövlət başçılarının toplantısını da çox əlamətdar hadisə hesab edirəm. Çünki bəzən bu toplantı alınmır, bəzən vaxtı keçir, filan olur. İndi bəzi dəyişikliklər olduğuna görə də mən narahat idim ki, necə olacaq. Amma bir il keçəndən sonra İstanbulda vaxtında toplaşdıq. Çox da gözəl təşkil olunmuşdu. Xatirinizdədir, bunu mən orada həm toplantıdan sonra, həm də ziyafətdəki nitqimdə söylədim. Çox gözəl təşkil olunmuşdu. Mən çox məmnunam. Hesab edirəm ki, bütün digər cümhur başqanları da məmnundurlar. Yaxşı da mətbuat onfransı keçirdik. Biz orada bir bəyanat imzaladıq və bu, türkdilli dövlətlərin gələcəkdə bir-birinə daha da yaxınlaşması üçün çox əhəmiyyətlidir.

Mən dəfələrlə demişəm ki, bunda Türkiyənin rolu çox böyükdür. Çünki Türkiyə bu işin əsasını qoyandır. Türkiyə bu birliyin təşəbbüskarıdır. İndi də əgər hamımız toplaşırıqsa, Türkiyənin ətrafında toplaşırıq. Ona görə mən çox məmnunam. Bakıya dönəndən sonra mən hörmətli prezident Əhməd Necdət Sezərə telefon edib bunları demişdim. Eyni zamanda orada sizinlə başqa məsələləri də müzakirə etmişdik. Yenə də deyirəm, cümhur başqanı mənə söylədi ki, siz buraya gəlirsiniz. Çox məmnunam. Çünki siz həm Ankarada, həm də İstanbulda bizim görüşlərimizdə bilavasitə iştirak etdiniz və biz məsələləri birlikdə təhlil edirdik. Buyurun.

Yigit Alpoğlan: Hörmətli Prezidentim, sağ olun. Hər şeydən əvvəl, Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Mayın 10-u Sizin doğum gününüz olduğunu bilirdim. Bununla bağlı Sizə çoxlu salam gətirmişəm. Bizim prezidentimiz Əhməd Necdət Sezər Sizə sevgilərini, salamlarını, hörmət və ehtiramını, xoş diləklərini göndərdi. Mənim nazirim də Sizə xoş arzularını bildirdi. İnşallah, burada yaxşı danışıqlar aparacağımızı söylədi. Sizə bir salam da var. O da Ərtan Paşadan. Ərtan Paşa ilə mən görüşə bilmədim.

Heydər Əliyev: Onun qardaşı sizin Qazaxıstandakı səfirinizdir.

Yigit Alpoğlan: Bəli, onun qardaşı orada böyük elçidir. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündən sonra cərrahiyyə əməliyyatı keçiribdir. İndi müalicə olunur.

Heydər Əliyev: Onu bilirəm.

Yigit Alpoğlan: Mən dünən Gülhanə xəstəxanasında onu, səfirimizi ziyarətə getmişdim. Orada Ərtan Paşaya, onun ailəsinə, xanımına buraya gələcəyimi söylədim. Dedim ki, bir istəyiniz, sözünüz varsa, çatdıraram. Onlar da ad gününüz münasibətilə Sizə səmimi təbriklərini çatdırmağı xahiş etdilər, hörmətlərini bildirdilər. Mən bunları Sizə çatdırmaq istəyirdim.

Heydər Əliyev: Çox sağ olun.

Yigit Alpoğlan: Hörmətli Cümhur başqanım, dediyiniz kimi, Türkiyədə sizinlə olan görüşlərdən böyük məmnuniyyət duyanlar vardır. Biz iki qardaş dövlət, eyni millətik. Bu mənada Türkiyədə hər kəs Sizə, Azərbaycana kömək, yardım, dəstək verməyə hazırdır. Biz son dərəcə məmnunuq ki, işbirliyimiz bu sahədə də davam edir və fikir mübadiləsində biz çox böyük fayda görürük. Məni də buraya bu iş üçün göndərdilər. Sizə bəzi məsələləri ərz edəcəyəm, bilgilər verəcəyəm. Sizin tapşırıqlarınızı da Ankaraya çatdıracağam. Onlar məndən xəbər gözləyirlər.

Heydər Əliyev: Biz çox yaxşı işbirliyi qurmuşuq. Mən sizin yanınızda hörmətli nazir İsmayıl Cəmə də söyləmişdim. Sonra hörmətli prezident Sezərə də söyləmişdim ki, bizim bəzi işlərimizin daha da səmərəli getməsi üçün belə imkanlardan istifadə edilməsi lazımdır.

Yigit Alpoğlan: Doğrudur.

Heydər Əliyev: Məsələn, lazım olanda oradan siz, ya digər bir adam gəldiniz. Yaxud da ki, mən buradan kimisə göndərim. Gözləməyək ki, biz nə vaxt görüşəcəyik, məsələləri o vaxt müzakirə edəcəyik. Ona görə də biz o vaxt sözləşmişdik. Mən çox məmnunam ki, bu, həyata keçirilir. İndi biz si-zinlə bir neçə məsələləri müzakirə edəcəyik.