"Davos iqtisadi forumunda "Dünyanın energetika problemləri"nə həsr olunmuş sessiyada ‎Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı" (Davos, 30 yanvar 1995-ci ‎il) sənədinə tarixi arayış‎


27-31 yanvar 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Ümumdünya iqtisadi ‎forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Dünya iqtisadiyyatının aktual məsələləri müzakirə edilən bu ənənəvi və hər il keçirilən forumda Azərbaycan Prezidenti Heydər Əliyev ilk dəfə iştirak edərək burada Azərbaycanı təmsil edib.

Davos İqtisadi ‎Forumu (DİF) da adlanan bu tədbir 1971-ci ildən başlayaraq hər il İsveçrənin Davos şəhərində ‎keçirilir. Azərbaycan Prezidenti Heydər Əliyev Davos iqtisadi forumunda üç dəfə iştirak edib - 1995, 2000 və 2002-ci illərdə. Beynəlxalq forum yalnız bir dəfə 2002-ci ildə ABŞ-da, Nyu-Yorkda keçirilib. Bu isə rəmzi xarakter ‎daşıyırdı. Belə ki, 106 ölkədən 3 min nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror ‎hadisələrinə qarşı çıxdıqlarını nümayiş etdiriblər. DİF-in hər il keçirilməsində əsas məqsəd ‎dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, ‎iqtisadçıları, biznesmenləri birliyə cəlb etmək, onların arasında əlaqə yaratmaq və dünyada ‎yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.‎

İşgüzar səfər çərçivəsində Heydər Əliyev 27 yanvarda Davos şəhərində onun üçün ayrılmış iqamətgahda ilk olaraq Ümumdünya iqtisadi forumu təşkilat komitəsinin direktoru Mariya Levinsonu və onun müavini N.Kiyonu qəbul edib. Ertəsi gün isə Azərbaycan prezidenti Tatarıstan prezidenti Mintemir Şaymiyev, İsrail xarici işlər naziri Şimon Peres, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jak Larüzye, Argentina prezidenti Karlos Saul Menem, İrlandiya prezidenti xanım Meri Robinson, Türkiyənin Baş naziri xanım Tansu Çillər ilə görüşüb danışıqlar aparıb. 29 yanvarda Heydər Əliyev forumda iştirak edən bir sıra xarici dövlət və hökumət başçıları, beynəlxalq qurumlarının rəhbərləri ilə görüşüb. O, Latviyanın Baş naziri Mayeris Qalis, Asiya Bankının prezidenti Mitsua Saton, BMT-nin Cenevrədəki departamentinin baş direktoru Vladimir Petrovski, İndoneziyanın sənaye və ticarət naziri S.Xartarto, Beynəlxalq Valyuta Fondu direktorunun birinci müavini Stenli Fişer, Ümumdünya Bankının baş direktoru Sven Sanstrem ilə görüşüb tərəfləri maraqlandıran məsələləri müzakirə edib.

30 yanvar 1995-ci ildə DİF-in sessiyası öz işinə başlayıb və Azərbaycan Prezidenti Heydər Əliyev bu mötəbər qurumun tribunasından ilk dəfə çıxış edib. Bu dəfəki Davos iqtisadi forumunun gündəliyində qloballaşma, davamlı inkişaf və beynəlxalq ‎inteqrasiyanın perspektivləri müzakirə mövzusu olub.

Sessiyadan sonra dövlət başçısı Sankt-Peterburq şəhərinin meri Anatoli Sobçak, Rusiya Federasiyası Baş nazirinin birinci müavini Anatoli Çubays, Fransanın "Elf-Akiten" şirkətinin prezidenti F.Jofre, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov, DİF-in nəşri olan "Uorld Linq" jurnalının baş redaktoru Deyvid Derjik, "Oyl Kapitl LTD İnkorporeytd" neft şirkətinin prezidenti Roycer Tanras ilə görüşlər keçirib.

Həmin gün Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Bu mötəbər forumdakı çıxışında Heydər Əliyev ‎Azərbaycanın karbohidrogen ehtiyatlarla zəngin olduğunu və yeni müstəqil dövlətin bu ‎resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə birgə qarşılıqlı maraqlar əsasında ‎istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib.‎ O, bildirib: "Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır".

Sonrakı illərdə Heydər Əliyev 27-30 mart 2000-ci ildə "Qafqazın və Mərkəzi Asiyanın perspektivləri: İpək yolu və ya böyük oyun" mövzusunda sessiyada və 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq Nyu-Yorkda təşkil edilən Davos forumunda iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyev də Davos iqtisadi forumlarında Azərbaycanı təmsil edib, burada iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşüb danışıqlar aparıb. İlham Əliyev Davos iqtisadi forumunda dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında iştirak edib. Davos forumunun "Güclərin qlobal balansının yerdəyişməsi" devizi altında keçirilib. Forumda dünyanın 90-a yaxın ölkəsindən təxminən 2,5 min nümayəndə, o cümlədən 20-dən çox ölkənin dövlət və hökumət başçıları, 100-ə yaxın nazir, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib. 25 yanvar 2007-ci ildə Davos forumu çərçivəsində keçirilən "Neft geosiyasətinin artan əhəmiyyəti" mövzusunda ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Azərbaycan dövlətinin başçısı ölkədə qlobal enerji layihələrinin həyata keçirildiyini vurğulayıb, bunun bütün dünya üçün əhəmiyyətli olduğunu bildirib. Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun günbəgün artdığını qeyd edən dövlət başçısı energetika sahəsində əldə olunan uğurların bütövlükdə region üçün əhəmiyyətini qeyd edib. (http://www.president.az/)

Azərbaycan Prezident İlham Əliyev ikinci dəfə Davos forumunda iştirak etmək üşün 23 ynvar 2008-ci ildə İsveşrədə işgüzar səfərdə olub. Foruma dəvət olunan bir çox ölkələrin dövlət və hökumət başçıları ilə görüşüb danışıqlar aparan dövlət başçısı 24 yanvar 2008-ci ildə forum çərçivəsində təşkil olunan “Energetika sənayesində günəş enerjisinin rolu” mövzusunda əsas iclasda iştirak edib.

İclasda iqlim dəyişikliyinə təsir göstərən amillərin aradan qaldırılmasının, atmosferə buraxılan karbon qazının azaldılmasının, gələcəkdə enerji sahəsində səmərəli əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb. Prezident İlham Əliyev diskussiya xarakterli çıxışında Azərbaycandakı iqtisadi inkişafdan, aparılan islahatlardan, enerji layihələri və energetika sahəsində görülən işlərdən danışıb. Dövlət başçısı forum iştirakçılarının Azərbaycanın enerji potensialı, Avropanın enerji təhlükəsizliyindəki rolu və digər mühüm məsələlərlə bağlı suallarına ətraflı cavab verib. (http://www.president.az/)

Tarixi arayış 29 yanvar 2008-ci ildə yeniləşdirilib.