Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Energetika naziri Bill Riçardson ilə görüşdə söhbəti - Vaşinqton, 15 fevral 2000-ci il


Bill Riçardson: Hörmətli cənab Prezident! Xoş gəlmisiniz. Sizinlə yenidən görüşməyimdən şərəf duyuram. Onu da deyim ki, Sizin Vaşinqtonda keçirdiyiniz görüşlər, apardığınız danışıqlar böyük maraq doğurur.

Ötən ilin avqustunda Bakıya səfərim zamanı mənə göstərilmiş qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. ABŞ və Azərbaycan hökumətləri arasında birgə işçi qrupunun yaradılması barədə memorandumun, cənab prezident, Sizin iştirakınız ilə imzalanması böyük əhəmiyyət daşıyır. Azərbaycan–Amerika strateji tərəfdaşlığının daim inkişaf etməsi hər iki ölkə üçün faydalıdır.

1998-ci ilin oktyabrında Ankara Bəyannaməsinin, ötən ilin noyabrında İstanbulda ABŞ prezidenti Bill Klintonun iştirakı ilə Bakı–Ceyhan əsas ixrac boru kəməri barədə sazişin imzalanması tarixi hadisədir. Məhz Sizin liderliyiniz, uzaqgörən siyasətiniz sayəsində əlaqədar ölkələrin dövlət başçılarının bu layihə ətrafında birləşdirilməsinin əhəmiyyəti vardır. Layihə çox böyük perspektivlərə malikdir.

Heydər Əliyev: Cənab nazir, dövlətlərimizin əlaqəsi və şəxsən mənim haqqımda dediyiniz xoş sözlərə görə Sizə təşəkkür edirəm.

1999-cu ilin noyabrında ATƏT-in İstanbul zirvə görüşü çərçivəsində məşhur «Çırağan» sarayında Bakı–Ceyhan əsas ixrac neft boru kəməri barədə sazişin imzalanmasını mən də yüksək qiymətləndirirəm. Həmin mərasimdə cənab Bill Klintonun iştirak etməsi, sənədə imza atması bu sazişin həyata keçirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Neft ölkəsi kimi tanınan Azərbaycan yaxın gələcəkdə həm də böyük həcmdə qaz ixrac edəcək. Transxəzər qaz kəmərinin bu mənada böyük perspektivləri vardır. «Bi-Pi – Amoko» şirkətinin operatorluğu ilə «Şahdəniz» yatağında 1 trilyon kubmetr, «Şevron» şirkətinin operatorluğu ilə «Abşeron» yatağında 3 trilyon kubmetr qaz aşkar edilmişdir.

ABŞ şirkətlərinin qarşılıqlı surətdə faydalı iş görməsi və sərmayə qoyması üçün respublikamızda geniş imkanlar vardır. Amerikanın işgüzar dairələrinin Azərbaycana marağının gündən-günə artması xüsusi əhəmiyyət daşıyır.

Bill Riçardson: Bəli, bu, doğrudan da belədir. Biz hər iki dövlətlərimizi maraqlandıran məsələləri qarşılıqlı anlaşma şəraitində həll etməliyik.

Heydər Əliyev: Azərbaycan dövləti xoşməramlı əlaqələrin genişləndirilməsinə maraqlıdır və bu əlaqələrin perspektivlərini müzakirə etməyə hazırdır.