Gürcüstanın prezidenti zati-aliləri cənab Eduard Şevardnadzeyə - Bakı şəhəri, 21 may 2003-cü il


Hörmətli cənab prezident!

Əziz Eduard Amvrosiyeviç!

İlk öncə Sizin mənə ünvanladığınız 20 may tarixli çox səmimi, dost məktubunuza görə dərin təşəkkürümü bildirirəm. Bu gün həqiqətən mühüm əhəmiyyətli tarixi hadisə baş verir. Regionumuzda miqyasına görə siyasi və iqtisadi cəhətdən analoqu olmayan layihə - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri qədim Gürcüstan torpağına qədəm qoyur.

Sizi və bütün gürcü xalqını bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edirəm və hamınıza ən xoş arzular diləyirəm. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri bizim birgə apardığımız məqsədyönlü siyasətin, gərgin əməyimizin bəhrəsidir. Bu layihənin bünövrəsi hələ 1994-cü ildə qoyulmuşdur. O zaman, Azərbaycan Respublikası və dünyanın tanınmış neft şirkətləri arasında tarixi "Əsrin müqaviləsi" imzalanarkən, Xəzər dənizindən hasil ediləcək neftin dünya bazarlarına ixracı yollarının müəyyənləşdirilməsi tələb olunurdu.

Bizim mövqeyimiz qəti və sarsılmaz oldu - əsas ixrac boru kəməri Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanına məhz Gürcüstanın ərazisindən getməlidir.

Layihənin hansı təhlükələrə məruz qaldığını və hansı təzyiqlərə davam gətirməli olduğunu hamımız çox yaxşı bilirik. Bunlara baxmayaraq, biz tutduğumuz yolla ardıcıl surətdə irəlilədik, birgə mübarizə apardıq, saysız maneələri dəf etdik və nəhayət, məqsədimizə nail olduq. Keçən il sentyabr ayının 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, habelə Amerika Birləşmiş Ştatlarının yanacaq və energetika nazirinin iştirakı ilə müasir dövrün ən nəhəng sənaye layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməl daşının qoyulması mərasimi təntənəli şəkildə qeyd olundu.

Uğurlu əməkdaşlığımızın daha bir qızıl səhifəsi - Azərbaycanın dünyamiqyaslı "Şahdəniz" qaz yatağından çıxarılacaq təbii qazın Gürcüstan ərazisi ilə Türkiyəyə, oradan isə Avropanın digər ölkələrinə nəqli üçün Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməridir. Bu layihənin Azərbaycan, Gürcüstan, Türkiyə üçün nə dərəcədə faydalı olduğu məlumdur. Fərəhləndirici haldır ki, bu istiqamətdə də görülən işlər təsdiq olunmuş cədvəl üzrə uğurla inkişaf edir.

Beləliklə, bu gün mən böyük məmnunluq və qürur hissi ilə bəyan edirəm ki, Azərbaycanın neft və qaz sənayesinin inkişafı üçün xarici sərmayələrin cəlb edilməsinə yönəldilmiş yeni neft doktrinası və strategiyası özünü tamamilə doğruldub və Şərq-Qərb enerji dəhlizi çərçivəsində Azərbaycanla Gürcüstan arasında yeni iqtisadi əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin çoxəsrlik tarixi və ənənələri var. Biz tarixin bütün mərhələlərində birlikdə olmuşuq və xalqlarımız elə indi də, amma artıq tamamilə yeni şəraitdə - müstəqilliyə qovuşaraq bu ənənələri davam etdirirlər. Bu əlaqələr müstəqillik, siyasi sabitlik, demokratiya dəyərlərinin təntənəsi şəraitində yeni xarakter almış, yeni məzmun kəsb etmişdir.

Azərbaycanla Gürcüstan arasında, iki prezident arasında mövcud olan münasibətlər xalqların, qonşuların dostluq, qardaşlıq, həmrəylik və qarşılıqlı anlaşma şəraitində necə yaşaya bilməsinə nümunədir.

Mən xoşbəxtəm ki, XXI əsrin ilk illərində birgə başladığımız irimiqyaslı, qlobal layihələrin reallaşması daim müstəqilliyimizin rəmzi olacaq və gələcək nəsillərin rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir!

Hörmətli Eduard Amrosiyeviç!

Mən bütün bu görülən işlərdə şəxsən Sizin böyük rolunuzu xüsusilə qeyd etmək istərdim. Sizi həm Gürcüstanda, həm də Azərbaycanda sevir, yüksək qiymətləndirir və Sizə dərin ehtiram bəsləyirlər.

Xatırlayıram, 1999-cu ildə biz Bakı-Supsa neft kəmərinin açılışında iştirak etdik. Əminəm ki, 2005-ci ildə Ceyhan limanından Xəzər nefti ilə doldurulmuş ilk tanker yola salınacaq və biz yenə də bu mərasimdə bərabər iştirak edəcəyik!

Sizi və xalqınızı bir daha səmimi qəlbdən təbrik edirəm, müstəqil Gürcüstana xoşbəxtlik və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 24 may 2003-cü il.