Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Goranboy rayonunda yeni salınmış aşağı Ağcakənd qəsəbəsinin аçılışıyla bağlı mərkəzi meydanında keçirilən təntənəli mərasimdə nitqi - 13 sentyabr 2002-ci il


Əziz bacılar və qardaşlar!

Əziz dostlar!

Mən sizin hamınızı salamlayıram. Hər birinizi qucaqlayıram, bağrıma basıram. Hər birinizə cansağlığı arzulayıram. Burada, Azərbaycanın bu gözəl guşəsində xoşbəxt həyat arzu edirəm.

1988-ci ildə erməni millətçiləri, erməni qəsbkarları uzun illərdən bəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə olan iddialarını, nəhayət, həyata keçirməyə başladılar. Onlar münaqişəyə şərait yaratdılar. Ancaq sonra isə, əvvəldən axıra qədər, onların bütün hərəkətləri Azərbaycana qarşı hərbi təcavüz etməkdən, Azərbaycanın suverenliyini pozmaqdan, ərazi bütövlüyünü pozmaqdan, Azərbaycan torpaqlarını əllərinəkeçirməkdən ibarət olmuşdur.

Belə bir şəraitdə, 1988-ci ildə münasibətlər kəskinləşdi və Ermənistanda həmin o qəddar millətçi qüvvələr əsrlər boyu öz doğma vətənində, doğma torpağında yaşamış insanları, azərbaycanlıları zorla öz yerlərindən çıxarmağa başladılar. Beləliklə, ermənilərin Azərbaycana qarşı təcavüz hərəkətlərinin son mərhələsi baş verdi.

Siz bilirsiniz ki, bir neçə il bundan öncə, 1998-ci ildə mən ermənilərin indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı ədalətsiz hərəkətləri, azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiya olunması ilə əlaqədar fərman vermişdim. Bu deportasiyanın 50 illiyi münasibətilə öz fikirlərimi bildirmişdim. Amma bu deportasiya, azərbaycanlıların Ermənistandan deportasiyası ilk hadisə deyildi. İndiki Ermənistanın ərazisində əhalinin əksəriyyətini həmişə azərbaycanlılar təşkil ediblər. Ermənistanın paytaxtı olan Yerevanda əsrlər boyu azərbaycanlılar çoxluq təşkil ediblər. Bu hələ çar hökumətinin statistikasında da var. Bunu heç kəs inkar edə bilməz. Ancaq, təəssüflər olsun ki, o illərdə də, XX əsrin əvvəllərində də ermənilərin azərbaycanlılara qarşı düşmənçilik münasibəti, azərbaycanlılara qarşı təcavüzü tədricən həyata keçirilirdi.

1918-ci ildə onlar azərbaycanlılarla ermənilər arasında qanlı vuruşlara şərait yaratdılar. Azərbaycanlıları Ermənistan ərazisində və başqa yerlərdə qırmağa başladılar və qırğın yaratdılar. İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar, demək olar ki, o vaxtdan öz doğma torpaqlarını tərk etməyə məcbur oldular. Hər il tədricən Ermənistandan qədim ata-baba torpaqlarını tərk edib Azərbaycanın ərazisinə köçmək məcburiyyətində oldular.

Beləliklə, getdikcə ermənilər azərbaycanlılara məxsus olan torpağı, Ermənistan adlanan yeri zəbt edəndən sonra orada özlərinə dövlət yaratmağа, əhalinin çoxluğunu təmin etməyə çalışdılar. Buna da nail oldular. Sonrakı dövrdə də Azərbaycana Ermənistan ərazisindən azərbaycanlıların axını davam edibdir.

Ancaq 1948-ci ildə SSRİ hökumətinin qərarı ilə – təəssüflər olsun ki, o vaxtkı Azərbaycan hökumətinin də razılığı ilə –azərbaycanlıları kütləvi olaraq Ermənistan ərazisindən deportasiya etdilər. Özü də çox ağır şəraitdə–insanlara öz mal-mülklərini də yığışdırmağa imkan vermədilər. Dağlıq yerdə yaşayan adamları yük vaqonlarına doldurub, dəmir yolu ilə gətirib Azərbaycanın Muğan, Mil zonasına – çöllərə tökdülər. Məlumdur ki, deportasiya olunanların bəzisi orada qırıldı, bəzisi sonra yenə də müəyyən yollarla öz torpaqlarına, öz evlərinə qayıtdı. Çünki ürəkləri davam gətirə bilmirdi. Böyük bir qismi də Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatına qoşuldu və Azərbaycanda yaşadı.

Beləliklə, get-gedə Ermənistan ərazisində azərbaycanlıların sayı azaldı, azaldı, azaldı. Nəhayət, ermənilər 1988-ci ildə Ermənistan–Azərbaycan münaqişəsini başlayaraq, dərhal azərbaycanlıları Ermənistan ərazisindən tamamilə çıxartdılar. O cümlədən siz də, əziz qardaşlar, bacılar, həmin o vaxt ermənilərin azərbaycanlılara qarşı bu sonuncu qəddar, düşmənçilik siyasətinin və terrorçuluq hərəkətlərinin qurbanı oldunuz. Evinizi-eşiyinizi, varınızı-dövlətinizi itirdiniz, ata - baba yurdlarını tərk etdiniz, ulu babalarınızın qəbirlərindən ayrıldınız və Azərbaycana gəldiniz. O vaxt sizin məskunlaşmağınız üçün bəzi tədbirlər görülmüşdür. Ancaq bunlar lazımi qədər olmamışdır. Açıq deyək, o qədər imkan da yox idi, müharibə gedirdi. Ancaq get-gedə, ilbəil biz sizin məskunlaşmağınızla məşğul olduq.

Mən adı çəkiləн fərmanlarda 1988-ci ildə Ermənistan ərazisindən Azərbaycana zorla köçürülmüş, qaçqın düşmüş insanların, soydaşlarımızın məskunlaşması məsələsini həll etmək qərarına gəldim. Mən əvvəlki illərdə də bunu istəyirdim. Ancaq bilin, imkan, vəsait yox idi. Bunun üçün biz yaşamalı idik, iqtisadiyyatı inkişaf etdirməli, neft strategiyasını həyata keçirməli idik. Beləliklə, gəlirlərimizi artırmalı idik ki, bu cür böyük layihələrin həyata keçirilməsinə başlaya bilək.

Nəhayət, Azərbaycanın dövlət neft strategiyasının həyata keçirilməsindən ilk gəlirləri əldə etdik, Neft Fondu yaratdıq və onları Neft Fondunda topladıq. Ardıcıl surətdə daxil olan vəsait orada toplandı. Neft Fondunda müəyyən qədər vəsaitin toplandığını görəndən sonra mən ancaq və ancaq sizin, Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşması və bir də Biləsuvarda çox ağır vəziyyətdə olan, Füzuli, Cəbrayıl və bir neçə rayonlardan köçüb çadırlarda yaşayanların şəraitinin yaxşılaşdırılması üçün Neft Fondundan 72 milyon dollar ayırdım. İlk addımı da sizin üçün, öz doğma torpaqlarından ayrılıb, böyük iztirablar içərisində qaçqın vəziyyətində yaşayan azərbaycanlılar üçün, soydaşlarımız üçün atdım.

Bu qəsəbənin tikilməsinin tarixi haqqında artıq burada deyildi. Mən bunlara qayıtmaq istəmirəm. Bəli, mənim qəbul etdiyim qərarlar, verdiyim göstərişlər, onların həyata keçirilməsi qısa müddətdə burada, Azərbaycanın Gülüstan bölgəsində, bu gözəl guşədə sizin üçün belə bir böyük yaraşıqlı, gözəl qəsəbənin yaranmasına təminat verdi.

Bu qəsəbə tikilərkən evlərin fotoşəkillərinə baxmışam. Nəhayət, hazır olandan sonra bütün qəsəbənin fotoşəklini görmüşəm. Çox sevinmişəm. Ancaq bu gün avtomobillə gələrkən bu qəsəbəni görəndə mən və mənimlə gələnlərin hamısı həddindən artıq sevindik. Nə qədər gözəl yerdir, gözəl təbiəti, gözəl havası var, eyni zamanda, gözəl bir qəsəbədir.

Əziz dostlar, siz buna layiqsiniz. Bundan da artığına layiqsiniz. Çünki siz çox əzab-əziyyət çəkmisiniz, çox itkilər vermisiniz. Siz erməni millətçilərinin, işğalçılarının qurbanı olmusunuz. Ona görə bizim hamımızın borcu, o cümlədən mənim, Azərbaycan dövlətinin prezidentinin borcu sizə lazımi şəraiti yaratmaqdan ibarətdir. Mən də bu borcumu yerinə yetirirəm.

Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir. XX əsrin sonu, XXI əsrin ilk illəri bunu sübut edir və göstərir ki, dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey bir yerdə durmur. Heç bir şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm. Mən buna inanıram və bu inamla da sizin qarşınızda nitq söyləyirəm. Ancaq indi sizə bu şəraiti yaratmaq mümkün olub, mən də bunu yaratmışam.

Ermənistanın işğalçı qüvvələri də heç vaxt düşünməsinlər ki, hər şey belə qalacaqdır. Yox! Biz Ermənistan–Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Azərbaycanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək, suverenliyini bərpa etmək, işğal olunmuş rayonlarımızın azad edilməsini istəyirik. Əminəm ki, biz buna nail olacağıq. Bizim Azərbaycan rayonlarından zorla çıxarılmış soydaşlarımız da öz yerlərinə, yurdlarına qayıdacaqlar.

Qarabağ məsələsi bizim əsas problemimizdir, ağrılı problemimizdir, ürək ağrımızdır. Ancaq biz bunlara dözürük. Eyni zamanda biz torpaqlarımızı azad etməyə həmişə hazırıq. Amma sülh imkanlarından sona qədər istifadə edəcəyik və əgər bu imkanlar nəticəsində istədiyimizə nail ola bilməsək, biz bütün vasitələrdən istifadə edib, torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan müstəqil bir dövlət kimi artıq böyük inkişaf yolundadır. Azərbaycan Dünya Birliyində öz layiqli yerini tutubdur. Azərbaycanın daxili və xarici siyasəti ölkəmizdə demokratik hüquqi dövlət quruculuq prosesini təmin edir, Azərbaycanda iqtisadi islahatları həyata keçirir, iqtisadiyyaтımızı inkişaf etdirir, beynəlxalq aləmdə ölkəmizin bütün mövqelərini möhkəmləndirir. Bu siyasət Azərbaycan dövlətinin və Azərbaycan prezidentinin siyasətidir və bu siyasət axıra qədər davam edəcəkdir. İnanıram ki, sizinlə birlikdə, sizin dəstəyinizlə, etimadınızla biz birlikdə Azərbaycanı inkişaf etdirəcəyik, yüksəldəcəyik, onu daha da gözəl edəcəyik.

Əziz dostlar, bu qəsəbədə sizə xoşbəxt həyat arzulayıram. Arzulayıram ki, burada həmişə sevinc olsun, məhəbbət olsun, toy olsun, şənlik olsun, musiqi çalınsın. Burada Aşıq Ələsgərin sazı səslənsin, Aşıq Ələsgərin sözləri bu dağlara yayılsın. Siz burada gözəl, xoşbəxt həyat içində yaşayasınız. Sizin hamınıza cansağlığı arzu edirəm. Sağ olun, sağ olun, sağ olun!

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış