Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyəti Prezidentinin iqamətgahı "Çankaya" köşkündə rəsmi qarşılanma mərasimində nitqi - 8 fevral 1994-cü il


Hörmətli prezident, əziz dostum və qardaşım Süleyman Dəmirəl!

Türkiyədəki hörmətli dostlarımız və qardaşlarımız!

Mən bu gün bir daha Türkiyə torpağına qədəm basmağıma, Türkiyə torpağında olmağıma görə özümü çox xoşbəxt hesab edirəm. Dostum və qardaşım Türkiyənin prezidenti Süleyman Dəmirəl məni Türkiyəyə rəsmi səfərə dəvət etdiyinə görə təşəkkürümü bildirirəm.

Bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. İndi Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, öz sərvətlərinin sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasında çox böyük addım olmuşdur.

Türkiyə ilə Azərbaycan arasında son illər çox faydalı əməkdaşlıq mövcuddur, əlaqələr gündən-günə inkişaf edir. Yeni doğulmuş müstəqil Azərbaycan dövləti Türkiyənin köməyini, yardımını, qayğısını daim hiss edir. Fürsətdən istifadə edib, bütün bunlara görə Azərbaycan xalqı adından, Azərbaycan Respublikası adından, öz adımdan Türkiyə xalqına, Türkiyədəki qardaşlarımıza, dostlarımıza, Türkiyə Cümhuriyyətinə və Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirələ minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm.

Azərbaycan müstəqil dövlət kimi indi ilk addımlarını atır. Respublikamızın qarşısınla böyük problemlər var. Azərbaycan öz müstəqilliyini çətin yollarla qurub-yaradır. Azərbaycanda demokratik dövlət, hüquqi demokratik cəmiyyət qurmaq prosesi çox əzmlə inkişaf edir. Bu çətin və ağır dövrdə Türkiyənin köməyinə həmişə ehtiyacımız olub. Bu köməyi həmişə almışıq. Türkiyə ilə Azərbaycan arasında olan əlaqədər tam dostluq və qardaşlıq əlaqələridir və bundan sonra da qırılmazdır, sarsılmazdır.

Azərbaycan xalqının, gənc Azərbaycan Respublikasının qarşısında duran ən böyük problem Azərbaycanı erməni təcavüzündən xilas etməkdir. Bildiyiniz kimi, altı ilə yaxındır ki, Azərbaycan Respublikası Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Bu dövrdə Azərbaycan torpaqlarının bir qismi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bunun bəzi subyektiv və obyektiv cəhətləri vardır. Ancaq Azərbaycan xalqı yaxşı bilir ki, bütün bu illərdə Azərbaycanı müdafiə etmək üçün Türkiyənin səsi çox gur gəlib. Türkiyənin köməyi Azərbaycana mənəvi dayaq olub. Biz bu mənəvi yardımdan, köməkdən bu gün də istifadə edirik.

Azərbaycan Respublikası sülhsevər siyasət aparır, o cümlədən qonşuları barəsində sülhsevər siyasət yeridir. Ermənistanla olan bu müharibəyə də son qoymaq, xalqımızı bu müharibədən xilas etmək istəyirik. Ona görə də bütün addımlarımız müharibəyə birinci növbədə sülh yolu ilə, barışıq yolu ilə, danışıqlar yolu ilə son qoymağa, Azərbaycan torpaqlarını xilas etməyə xidmət edir. Bu yolda biz çox addımlar atmışıq, bu gün də atırıq. Beynəlxalq təşkilatların köməyinə ümid bəsləmişik, bu gün də ümid bəsləyirik. O cümlədən ATƏM-in Minsk qrupunun köməyinə, yardımına ümid bəsləmişik, bu gün də ümid bəsləyirik. Böyük dövlətlərin təşəbbüslərinə həmişə inanmışıq, bu gün də inanırıq. Məlumdur ki, bir neçə vaxt bundan əvvəl ABŞ, Türkiyə və Rusiya Azərbaycanla Ermənistan arasında olan müharibəni bitirmək üçün, süni surətlə yaradılmış "Qarabağ problemi"ni həll etmək üçün təşəbbüs irəli sürmüşdülər. Biz bu təşəbbüsləri də alqışlamışıq, bəyənmişik və onların həyata keçirilməsinə çalışmışıq. Biz bu gün də beynəlxalq təşkilatların köməyi ilə, böyük dövlətlərin o cümlədən bizim dostumuz və qardaşımız Türkiyə Cümhuriyyətinin köməyi ilə bu məsələlərin sülhlə həll olunması yolundayıq.

Ancaq indi Azərbaycan Respublikasının ordusu formalaşmaqdadır. Xalqımızda vətənpərvərlik ruhu yüksəlib, formalaşıb. İndi ordumuz, Azərbaycan vətəndaşları öz torpaqlarının müdafiəsi üçün qanlı döyüşlər aparırlar. Bizim başqa bir dövlətdən torpaq iddiamız yoxdur. O cümlədən Ermənistana da indi bir torpaq iddiamız yoxdur. Baxmayaraq ki, tarixən bizim torpaqlarımızın bir qismi Ermənistanın əlinə keçib. Biz indi ancaq Azərbaycan Respublikasının BMT tərəfindən qəbul olunmuş, təsdiq olunmuş hüdudları çərçivəsində onun ərazisinin bütövlüyünü təmin etmək istəyirik.

İndi müharibə Azərbaycan torpağında gedir. Erməni silahlı qüvvələri, işğalçılar Azərbaycan torpağındadırlar. Biz onların Azərbaycan ərazisindən çıxarılması, torpaqlarımızın işğalçılardan azad olunması üçün ədalətli müharibə aparırıq, döyüşlər aparırıq. Bildiyiniz kimi, artıq bu döyüşlərlə Azərbaycan xalqı, ordumuz cəsarət və qəhrəmanlıq göstərir, sizi əmin edirəm ki, bundan sonra da göstərəcəkdir. Bu məsələnin həll olunmasında biz sülh yolunu əsas tutaraq, torpaqlarımızın müdafiəsi uğrunda ədalətli müharibə aparırıq.

Dost və qardaş Türkiyə Cumhuriyyəti ilə, qardaşlarımızla görüşüb danışıqlar, məsləhətləşmələr aparmağa daim ehtiyacımız olub. Güman edirəm ki, bu səfər, ziyarət vaxtı danışıqlarımızda da Türkiyə ilə Azərbaycan arasında iqtisadi, ticarət, elmi-texniki, təhsil, humanitar və başqa sahələrdə əlaqələr yaratmaq barədə danışıqlar gedəcəkdir. Biz istərdik ki, bu əlaqələr daha da genişlənsin, inkişaf etsin və dərinləşsin. Şübhəsiz ki Azərbaycan torpaqlarına erməni təcavüzü haqqında məsələni də burada müzakirə etmək fikrindəyik. Bu barədə Türkiyə Cümhuriyyəti rəhbərlərinin məsləhətlərinə, onların sözlərinə ehtiyacımız vardır.

Əziz dostum və qardaşım Süleyman bəy, məni bura dəvət etdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Türk dostlarımızın hamısına Azərbaycan xalqından səmimi salamlar, xalqımızın məhəbbətini, hörmətini çatdırıram. Sağ olun, bütün işlərinizdə sizə uğurlar diləyirəm.