Azərbaycan Respublikasının Przidenti Heydər Əliyevin Türkiyənin Baş naziri Məsüd Yılmazla görüşdə çıxışı - İstanbul, "Hilton" mehmanxanası, 31 oktyabr 1998-ciil


Hörmətli Baş nazir, Türkiyə Cümhuriyyətinin 75-ci ildönümü münasibətilə sizə təbrik məktubu gətirmişəm. Bu günlərdə sizə təqdim etmək imkanı olmadı, ancaq indi bunu sizə rəsmən təqdim edirəm. Burada Türkiyənin Baş bakanı olaraq sizə cümhuriyyətinizin 75-ci ildönümü münasibətilə mənim təbrikim yazılıbdır. Mən bunu sizə təqdim edirəm. Sizi bir daha təbrik edirəm. Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına və şəxsən sizə uğurlar, başarılar diləyirəm.

Mən bu günlər Türkiyəyə gəlməyimdən və Türkiyə Cümhuriyyətinin 75-ci ildönümü bayramında sizinlə, türk xalqı ilə bərabər olmağımdan çox məmnunam. Mən buraya Azərbaycan xalqının sevgisini, məhəbbətini Türkiyə xalqına, Türkiyə

Cümhuriyyətinə, Türkiyənin vətəndaşlarına çatdırmaq üçün gəlmişəm. Artıq bu gün Azərbaycana dönürəm. İndi hörmətli dostum. Türkiyənin Baş naziri cənab Məsud Yılmazla da bəzi məsələləri müzakirə edəcəyik və bu da demək olar ki, mənim görüşümün son mərhələsidir. Bundan sonra Azərbaycana, Bakıya gedirəm.

Bu günlər burada olduğum zaman mən Türkiyə Cümhuriyyətinin 75 il ərzində keçdiyi böyük şanlı yolun, əldə edilən böyük nailiyyətlərin bir daha şahidi oldum. Biz daim Türkiyənin həyatını izləyirik, onunla maraqlanırıq. Türkiyənin həyatında baş verən hər bir hadisə bizim üçün maraqlıdır. Şübhəsiz, biz istəyirik ki, həmişə uğurlar olsun, həmişə nailiyyətlər olsun. Xoşbəxtlik də ondan ibarətdir ki, bunlar

vardır və Türkiyə Cümhuriyyəti 75-ci ildönümü münasibətilə bütün dünyaya nümayiş etdirdi ki, Türkiyə böyük, əzəmətli bir dövlətdir, dünya miqyasında özünəməxsus yerini tutubdur. Türkiyə Cümhuriyyəti türk xalqını, Türkiyəni böyük öndər Mustafa Kamal Atatürkün yolu ilə uğurla aparır. Bu günlər bayramlarda olduğum zaman bir daha düşündüm ki, Mustafa Kamal Atatürk cümhuriyyəti yaratmaqla, qurmaqla nə qədər böyük uzaqgörənlik, nə qədər böyük alilik göstəribdir. Məmnunedici cəhət bir də ondan ibarətdir ki, Türkiyənin bugünkü rəhbərləri, yönəticiləri - Türkiyənin hökuməti, Türkiyənin dövləti Mustafa Kamal Atatürkün yoluna sadiqdirlər, bu yol ilə gedirlər və Türkiyə bu gün də, gələcəkdə də Dünya Birliyində bir cümhuriyyət, iqtisadi cəhətdən, demokratiya cəhətdən inkişaf etmiş dünyəvi bir dövlət, ölkə kimi yaşayır və yaşayacaqdır.

Mən türk xalqını, Türkiyə Cümhuriyyətini bu nailiyyətlərlə, bu bayram münasibətilə bir daha təbrik edirəm və bu günlərdə burada olduğum zaman son görüşümü - mənim dostum, Türkiyənin Baş naziri, Azərbaycanda çox hörmətli olan cənab Məsud Yılmazla görüşümü də çox əhəmiyyətli hesab edirəm. Hesab edirəm ki, biz bu görüş zamanı bəzi məsələləri də müzakirə edəcəyik. Bu məsələlər də yalnız və yalnız Azərbaycan - Türkiyə əlaqələrini inkişaf etdirməkdən ibarətdir.

Bilirəm ki, hamınızı Bakı-Ceyhan layihəsi maraqlandırır. Ancaq siz də bilirsiniz ki, Bakı-Ceyhan dörd il müddətində böyük bir doğum yolu keçdi və nəhayət, nöqtəni də qoyduq. İndi biz bunun ikinci mərhələsindəyik, yəni bunu yaratmaq lazımdır. Güman edirəm, indiyə qədər bizim bu işləri gördüyümüzü nəzərə alaraq, bütün maneələri, çətinlikləri aradan qaldırdığımızı nəzərə alaraq inana bilərsiniz ki, biz bundan sonra da bu layihəni həyata keçirəcəyik.

Məsud Yılmaz: Azərbaycanın cümhur başqanı hörmətli Heydər Əliyev bizim 75-ci ildönümümüzdən bir neçə gün öncə Azərbaycan xalqının iradəsi və səsi ilə yenidən president vəzifəsinə seçilmişdir. Bu münasibətlə ali qonağımızı Türkiyə hökuməti adından bir daha ürəkdən təbrik edirik. Cənab Heydər Əliyev cümhuriyyətimizin 75-ci ildönümü tədbirlərində iştirak etməklə Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığa nə qədər əhəmiyyət verdiyini bir daha sübut etmişdir.

Bildiyiniz kimi, oktyabrın 29-da, cümhuriyyətimizin 75-ci ildönümündə bizim üçün çox əhəmiyyətli olan iki mühüm sənəd imzalanmışdır. Bunlardan birincisi türkmən qazının Türkiyəyə gətirilməsidir, ikincisi isə Bakı-Tbilisi-Ceyhan boru xəttinin gerçəkləşdirilməsi sahəsində bütün iştirakçı ölkələrin ortaq iradəsini ifadə edən Ankara bəyannaməsidir. Bu bəyannamə ilə bütün iştirakçı dövlətlər boru xətti sahəsindəki iradələrini ortaya qoymuşlar. Ancaq bu xəttin gerçəkləşməsinə və bunu həyata keçirəcək konsorsiuma dair şirkətlərin hələ bəzi tərəddüdləri vardır. Bunları həll etmək üçün qarşımızdakı günlərdə bu şirkətlərlə, konsorsiumla yaxından danışıqlar aparılacaqdır. Amma məsələnin ən önəmli səhifəsi artıq tamamlanmışdır. Dövlətlərin və hökumətlərin siyasi iradəsi bu bəyannamə ilə təsdiqlənmişdir. Bunun geriyə dönüşü də ola bilməz. Sonrakı görüşlərimiz daha çox texniki və iqtisadi xarakter daşıyacaqdır. Hörmətli cümhur başqanı Heydər Əliyevin babası olduğu, yaradıcısı olduğu və əsrin ən önəmli layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan, inanıram ki, qarşımızdakı aylarda görüşlər zamanı tamamlanaraq həyata keçiriləcəkdir.

Bu gün sayın cümhur başqanı ilə bu məsələni, habelə ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən müzakirə edəcəyik. Azərbaycanla Türkiyənin iş birliyinin necə irəliyə aparılması, hökumətlər olaraq bu sahədə hansı addımların atılmasının vacibliyi barədə fikir mübadiləsi edəcəyik.

Həm bu böyük bayramımızda iştirak etdiyi üçün, həm də Bakı-Tbilisi-Ceyhan layihəsinə verdiyi böyük dəstək üçün çox hörmətli cümhur başqanı Heydər Əliyevə bütün millətimiz, hökumətimiz adından bir daha təşəkkürlərimi bildirirəm.