Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə təkbətək görüşdəki söhbətindən - Prezident sarayı, 10 may 1998-ci il


Hörmətli prezident! Əziz dostum və qardaşım Süleyman Dəmirəl!

Sizi Azərbaycan torpağında səmimi qəlbdən salamlayıram. Doğum günümlə əlaqədar məni təbrik etmək üçün Bakıya gəldiyinizə görə özümü çox xoşbəxt hesab edirəm. Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Süleyman Dəmirəl: Möhtərəm Heydər bəy!

Doğum gününüzün 75 illiyi münasibətilə zati-alinizə ən səmimi diləklərimi və ən xoş təbriklərimi yetirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin başçısı kimi, yorulmadan çəkdiyiniz gərgin fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Cənab prezident, Siz türk dünyasında böyük hörmət və nüfuza maliksiniz. Məhz Sizin uzaqgörən, müdrik siyasətiniz nəticəsində müstəqil Azərbaycan Respublikası Dünya Birliyində özünə layiqli yer tutmuş, gündən-günə inkişaf edən bir dövlətə çevrilmişdir.

Heydər Əliyev: Bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu yüzillərdən-yüzillərə keçərək, bu gün özünün ən yeni mərhələsinə çatmışdır. Türkiyə ilə Azərbaycan arasında son illər çox faydalı əməkdaşlıq mövcuddur. Əlaqələrimiz gündən-günə inkişaf edir. Müstəqil Azərbaycan dövləti Türkiyənin köməyini, yardımını, qayğısını daim hiss edir.

Əziz dostum, qardaşım Süleyman bəy, Sizin, qardaş ölkənin rəhbərinin, hörmətli qonağımızın Azərbaycana səfərini çox yüksək qiymətləndirirəm və bu səfərdən məmnun qaldığımı bildirirəm. Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrin durmadan inkişaf etməsindən bir daha məmnun qaldığımı bildirirəm. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün imzalanmış "Əsrin müqaviləsi"ndə qardaş Türkiyənin neft şirkətinin də xüsusi paya malik olduğunu nəzərə çatdırmaq istəyirəm. Hasil ediləcək neftin ixrac marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı bir daha bildirirəm ki, Bakı-Ceyhan xətti bizim üçün ən əlverişli və ən əhəmiyyətli istiqamətdir.

Azərbaycana Ermənistan tərəfindən hərbi təcavüz edilən zamandan Türkiyə Azərbaycan ilə daim bir yerdə olmuş, bərabər olmuşdur. Biz Türkiyənin bu sahədə mənəvi dəstəyini və beynəlxalq təşkilatlarda onun Azərbaycanın mövqeyini müdafiə etməsini, bu sahədə bizimlə daim əməkdaşlıq etməsini yüksək qiymətləndiririk. Türkiyə ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaradılmış Minsk qrupunun üzvüdür. Minsk qrupunun tərkibində Türkiyə daim fəal iş aparır, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli, sülh yolu ilə həll olunması üçün öz səylərini qoyur. Biz bu məsələlərin həll edilməsində həmişə Türkiyə ilə əlaqədəyik. Minsk qrupunun son təkliflərini qəbul edərək, eyni zamanda yaxşı bilirik ki, Türkiyə Cümhuriyyəti də, alqı da, Türkiyə dövləti də bizim kimi bu təkliflərin qəbul edilməsinin tərəfdarıdır, bu məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Türkiyənin tutduğu mövqe bizim üçün ona görə əhəmiyyətlidir ki, Türkiyə Azərbaycanla bir olduğunu nümayiş etdirir.

Hörmətli prezident, əziz dostumuz, qardaşımız Süleyman Dəmirəl!

Beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT-in Lissabon zirvə görüşündə Siz Azərbaycanın mövqeyinin müdafiəsində bizimlə sıx əməkdaşlıq edibsiniz və Azərbaycana yardım göştəribsiniz, bütün başqa hallarda da Türkiyənin Azərbaycanla bərabər olmasını təsdiq edibsiniz. Fürsətdən istifadə edərək Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına bizim ölkəmizə, xalqımıza dostluq və qardaşlıq münasibətinə görə təşəkkürümü bildirirəm. Türkiyə xalqının sağlam və əmin-amanlığı üçün ən xoş arzularımı bildirirəm.

Süleyman Dəmirəl: Biz Sizin son beş il ərzində siyasi, iqtisadi və digər sahələrdəki gərgin fəaliyyətinizdən Azərbaycanda daxili siyasi vəziyyətin sabitləşdirilməsi, respublikanın xarici əlaqələrinin qaydaya salınması yolunda göstərdiyiniz səmərəli səylərdən yaxşı xəbərdarıq. Sizin geniş fəaliyyətiniz sayəsində Azərbaycanda sabitliyə nail olunmuş, dövlətin daxilində qayda-qanun yaradılmış, ölkənin sosial-siyasi həyatı canlanmışdır və nəzərəçarpacaq dərəcədə yaxşılaşır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, məhz Sizin, qardaşım Heydər bəy, beynəlxalq aləmdə qazandığınız nüfuz sayəsində Azərbaycanın haqq işi tezliklə qələbə çalacaq, Ermənistan-Azərbaycan münaqişəsi öz ədalətli həllini tapacaqdır.

Heydər Əliyev: Çox hörmətli prezident! Böyük iftixar hissi ilə demək istəyirəm ki, Türkiyə və Azərbaycan respublikalarının, xalqlarımızın arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin ardıcıl surətdə genişlənib inkişaf etməsi üçün, ölkələrimiz arasında yeni müqavilələr, sənədlər, anlaşmalar imzalanacaq və beləliklə də əlaqələrimizin yeni mərhələsi, yeni səhifəsi açılacaqdır.

Əziz dostumuz, qardaşımız Süleyman Dəmirəl! 75 yaşıının tamam olması münasibətilə təbrik etmək üçün Bakıya gəlməyinizə, mənə olan böyük hörmətinizə və diqqətinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.