Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisinin sədri Hikmət Çətin ilə görüşdəki söhbətindən - İstanbul, "Ceylan interkontinental" oteli; Azərbaycan prezidentinin iqamətgahı, 13 fevral 1998-ci il


Hikmət Çətin: Dost Azərbaycanın hörmətli prezidenti, Sizi Türkiyə torpağında səmimi-qəlbdən salamlayıram. Sizinlə yenidən görüşməyimə çox sevinirəm. Sizin ad gününüzdə mütləq Bakıya gələcəyəm.

Heydər Əliyev: Çox sağ olun. Mən də bu gün burada, İstanbulda Sizinlə görüşməyimdən çox məmnunam.

Hikmət Çətin: Siz təkcə Azərbaycanın deyil, bütün bölgənin sülh və sabitliyinin güvəncisiniz. Sizin tez-tez dediyiniz kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Azərbaycan öz prezidentinin müdrik siyasəti sayəsində keçid dövrünün çətinliklərini sürətlə aradan qaldırır. Bizim ən əsas arzumuz bölgədə sülh yaranması, Ermənistanın işğal etdiyı torpaqlardan çəkilməsi, qaçqınların öz yerlərinə qayıtmasıdır. Bu baxımdan bölgədəki bütün dövlətlərin üzərinə məsuliyyət düşür, amma Azərbaycanın başında sizin olmağınız təkcə ölkəniz üçün deyil, bütün bölgənin əmin-amanlığı üçün mühümdür. Prezident Heydər Əliyev ilə uzun illər dost, qardaş olduğumu vurğulamaq istəyirəm və bildirirəm ki, TBMM-nin Azərbaycana, onun xalqına dəstəyi daim davam edəcək və Türkiyə parlamenti Azərbaycanla bağlı üzərinə düşən vəzifəni hər zaman yerinə yetirməyə hazırdır.

Heydər Əliyev: Sizə, hörmətli Hikmət Çətin, təşəkkür edirəm. Mən buraya son aylardakı arzumu yerinə yetirərək, əziz dostum və qardaşım, Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəlin dəvəti ilə gəlmişəm. Mən Türkiyəyə hər dəfə böyük ümidlərlə gəlirəm, çünki sizlərlə görüşmək, danışmaq, fıkirlərimizi uyğunlaşdırmaq və yaxud araşdırmaq Azərbaycanda bizim üçün çox əhəmiyyətlidir. Onu da xatırladım ki, keçən ilin mayında dost ölkədə rəsmi səfərdə olarkən prezident Süleyman Dəmirəl ilə Türkiyə və Azərbaycan arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında anlaşma imzalamışıq, yəni bizim dostluğumuz, əməkdaşlığımız dövlətlərarası hüquqi sənədlərdə ən yüksək səviyyədə öz əksini tapıbdır. Ona görə hər dəfə Türkiyəyə gəlmək mənim üçün mötəbərdir və bu gün də bu hissiyyatlarla gəlmişəm.

Cənab Hikmət Çətin, onu da vurğulayım ki, buraya gələn kimi Sizinlə, çoxdankı dostum ilə görüşdən çox məmnun oldum. Türkiyə Cümhuriyyətinin həyatında sizin oynadığınız rol hamıya məlumdur. Mənə xüsusən məlumdur, çünki Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan edəndən indiyə qədər siz ölkəmizin problemləri ilə həmişə yaxından tanış olmusunuz və qayğı göstərmiş, yardım etmisiniz. Sizinlə beş ildir ki, şəxsi tanışlığım var və yenidən görüşməyimdən çox sevinc duyuram. 1997-ci ilin mayında Ankarada Türkiyə Böyük Millət Məclisinin üzvləri qarşısında çıxış etdim, siz də millət vəkili idiniz və orada sizinlə də görüşüm oldu. Ondan xeyli vaxt keçib, ancaq fıkirlərim, duyğularım, hisslərim eynidir, yəni Azərbaycan xalqının, vətəndaşlarının fıkirləridir - Türkiyə ilə bizim əlaqələrimiz dostluq, qardaşlıq əlaqələridir, bunları daim inkişaf etdiririk və etdirəcəyik.

Sizin bölgəmizdəki problemlər barədə söylədiyiniz fikirlərə toxunaraq bildirirəm ki, problemlər həqiqətən çoxdur. Özü də təkcə Qafqazda deyil, Türkiyənin ətrafında, Yaxın Şərqdə də problemlər çoxdur. Ancaq Qafqazın problemləri, Qafqazla sərhədləri olan Türkiyə ilə Qafqazın əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin əsas problemi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, işğal olunmuş Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrindən azad edilməsi, qaçqınların öz yurdlarına qayıtmasıdır. Biz bu işlərlə məşğul oluruq. Onu da xatırladım ki, cənab Hikmət Çətin, Siz Türkiyənin xarici işlər naziri işləyərkən bu problemlə çox yaxından məşğul olmuşsunuz və ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə yaxşı tanışsınız. Son vaxtlar Ermənistanda müəyyən hadisələr baş verib və bunların cürbəcür səbəbləri var. Ancaq zahiri səbəbi ondan ibarətdir ki, orada Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin həllində fikir ayrılığı oldu. Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında Minsk qrupu həmsədrlərinin məsələni iki mərhələdə həll etmək barədə təklif verdiklərini bildirirəm. İndi dünyaya belə məlumat verilib ki, Ermənistanda bəziləri bu təkliflərə tərəfdar olub, bəziləri isə bunların əksinə olub, ona görə də hakimiyyətdə dəyişiklik əmələ gəlibdir. Guman edirəm ki, Ermənistanda daxili vəziyyət normallaşacaq və biz danışıqları davam etdirəcəyik.

Mən razılıq hissi ilə bildirirəm ki, Türkiyə bütün bu məsələlərdə Azərbaycanla daim əməkdaşlıq edib, yardım göstərib və bu gün də göstərir. Ümidvaram ki, gələcəkdə də yardım edəcəkdir. Mən buna görə təşəkkür edir və gələcəyə böyük ümidlərlə baxıram.