Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şəki şəhərinə səfəri zamanı yolüstü İsmayıllı şəhərinin sakinləri ilə söhbətindən -8 noyabr 2002-ci il


Heydər Əliyev: Mən sizin hamınızı, rayon sakinlərini səmimiyyətlə salamlayıram.

Necəsiniz? Kefiniz, əhvalınız necədir? Təsərrüfatda işləriniz nə cürdür?

Yerdən səslər: Çox sağ olun, var olun, yaxşıyıq, şükür Allaha, hər şey yaxşıdır. Allah canınızı sağ eləsin. Hər şey qaydasındadır. Cənab Prezident, torpağı şumlamışıq, toxum səpmişik.

Heydər Əliyev: Hərənin öz torpağı var, öz malqarası var? Kəndlərdə evlər tikilir?

Yerdən səslər: Bəli, var. Evlər tikilir, hər şey yaxşıdır.

Əhliman Tağıyev (rayon icra hakimiyyətinin başçısı): Cənab Prezident, icazənizlə məlumat vermək istəyirəm. İsmayıllı rayonunda 200 min başdan çox davar, 70 min başa yaxın qaramal var. Əhalimizin sayı 76 minə yaxındır. Adam başına təxminən bir qaramal düşür.

Heydər Əliyev: Əhaliniz 70 mindir?

Əhliman Tağıyev: Cənab Prezident, 76 minə yaxındır. Sizin apardığınız uğurlu aqrar islahatlar nəticəsində bu il 66 min tondan çox taxıl götürüblər. Gələn il bundan da çox məhsul gözlənilir. Çünki aparılan işlər uğurlu nəticə əldə etməyə əsas verir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il əlavə 5 min hektar sahədə səpin aparılıbdır, 4 min hektardan çox sahədə də şum aparmışıq.

Cənab Prezident, aqrar islahatlar sayəsində çox uğurlu nəticələr əldə olunur. Amma kənd təsərrüfatından əldə edilən məhsulları satmaq üçün rayonda geniş yerlər lazımdır.

Heydər Əliyev: Bəs nə üçün bunu etmirsiniz?

Əhliman Tağıyev: Cənab Prezident, sosial-iqtisadi inkişafla bağlı müvafiq proqram hazırlanıbdır.

Heydər Əliyev: Bu işdə sizə bir kömək lazımdırmı, yoxsa özünüz görməlisiniz?

Əhliman Tağıyev: Proqram təqdim olunubdur, işlər artıq gedir. Sizin tapşırığınız və tövsiyələrinizlə rayonumuzda xeyli abadlıq və təmizlik işləri aparılıbdır. Camaat buradadır, yəqin ki, onlar özləri də deyərlər. Bu işlər davam etdirilir. Yeni layihələrimiz var. Şəhərimizdə bir balaca su problemi də var. Mütəxəssislər gəldilər, birlikdə işlədik, təkliflərimizi təqdim etmişik. 1 milyard manatadək vəsait lazımdır ki, təxminən 6,5 kilometrlik məsafədən yeni su xətti çəkilsin.

Heydər Əliyev: Rayon mərkəzinə su xətti çəkmək istəyirsiniz?

Əhliman Tağıyev: Şəhərin üst hissəsində təzə evlər inşa olunubdur. Əvvəlki su xətti tələbatı tam təmin etmir.

Heydər Əliyev: Şəhərin üst hissəsi bu gördüyümüz yerdir?

Əhliman Tağıyev: Bəli. Orada yaşayanların su təchizatında bir az problem var. İstəyirik ki, yeni su kəməri çəkək və onu şəhərin həmin hissəsi ilə birləşdirək. Bununla da problem tamamilə aradan qaldırılar.

Cənab Prezident, sosial problemlərin həllində də xeyli irəliləyiş var. Şəhərin mərkəzinə qaz verilibdir, elektrik enerjisi ilə təchizat son vaxtlar yaxşılaşıbdır. Əhalimiz də bilir ki, şəhərə qaz verilməsi İlham müəllimin təşəbbüsü ilə olubdur. Onun göstərdiyi bu qayğını yerlərdə çox yüksək qiymətləndirirlər. Rayonun qazla təmin olunması çox böyük nailiyyətdir.

Heydər Əliyev: Keçmişdə sizin üzümünüz çox idi. İndi baxıram ki, üzüm bağları yoxdur, ya azalıbdır.

Əhliman Tağıyev: Demək olar ki, yoxdur. Kimlərsə həyətyanı sahələrində fərdi qaydada saxlayıbsa, onlarda var. İvanovkada isə, onlar…

Heydər Əliyev: İvanovka öz yerində. Onlar hər şeyi saxlayıblar. Üzümçülüyü də, taxılçılığı da, kolxozu da saxlayıblar. Mən onlara icazə vermişəm, onlarla işiniz olmasın. Onlar orada hər şeyi yaxşı edirlər, yaxşı yaşayırlar. Kənddə camaat yaxşı yaşayır. İşiniz olmasın, kömək edin.

Demək, taxıl əkirsiniz, ondan başqa bitki yoxdur?

Əhliman Tağıyev: Cənab Prezident, bizdə meyvə də var. Bu il rayonumuzda 8 min tondan çox meyvə yığılıbdır.

Heydər Əliyev: Almadır, nədir?

Əhliman Tağıyev: Təkcə alma deyil, müxtəlif meyvələrdir. Emal müəssisəmiz olsa, meyvə bundan da çox olar. Məsələn, bizim meşələrdə də çoxlu meyvə var.

Heydər Əliyev: Elə onu soruşmaq istəyirdim. Sizin meşələrdə çoxlu meyvə var.

Əhliman Tağıyev: Camaat onu yığa bilmir. Elə rayonun özündə emal müəssisəsi yaradılsa…

Heydər Əliyev: Daha sizə emal müəssisəsini dövlət yaratmayacaqdır. İndi sizdə bu qədər adamlar var, taxıl əkirsiniz, hər nəfərə bir qaramal düşür. Bunun özü böyük bir şeydir. Keçmişdə, sovet dövründə belə bir şey olmayıbdır. Bilmirəm, sovet dövründə burada nə qədər iri buynuzlu mal-qara olubdur?

Əhliman Tağıyev: Cənab Prezident, 25–30 min başa yaxın idi.

Heydər Əliyev: 25–30 min baş, amma indi 70 min başdır. Davar əvvəllər 100 min baş olubdur, indi 200 min başa yaxındır. Amma bunun keyfiyyəti başqa cürdür. O vaxt kolxoz-sovxozda olanda inəyin çəkisi də elə deyildi. Bu qədər süd, bala da vermirdi.

Bir tərəfdən, yaxşı baxmırdılar. Mən özüm o illər respublikaya rəhbərlik etmişəm, nailiyyətlərimiz olub, amma o dövrün qüsurlarını da bilirəm. İkinci tərəfdən isə, belə də olmalı idi. O vaxt adamlar kolxozda işləyirdilər, amma işləməyənlər də vardı. Hesabdardı, nə bilim, onun köməkçisi idi, kolxoz sədri idi, onun müavini idi, briqadir idi və sair – bunların hamısı da gərək o adi kolxozçudan çox yeyəydi. Elədirmi? Burada belələri var, bilirlər ki, keçmişdə necə olubdur. Ona görə də, məsələn, biz çalışırdıq ki, qaramalın çəkisi, nə bilim, filan qədər olsun, bunu edə bilmirdiniz. Nəzərdə tuturduq ki, hər inəkdən filan qədər bala alınsın, ala bilmirdiniz. O vaxt çobanlar var idi, biz onları irəli çəkmişdik. Yüz qoyundan 130, nə bilim 140 bala almaq böyük nailiyyət idi.

Amma indi mal-qaraya özü baxır, balasını da özü alır, onun inəyi də ətli olur, sonra danası da ətli olur, qoyunu da, keçisi də, hamısı… Çünki hamısı özünündür. Torpaqda da canla-başla işləyir, çünki özü üçün işləyir, başqa adam üçün işləmir. Biz kənd əhalisini bütün vergilərdən azad etmişik. Torpaq vergisindən savayı, heç bir vergi vermirsiniz. Mən 3-4 il bundan qabaq fərman verdim, vergidən azad etdim. Ona görə də indi, əlbəttə ki, gəlir əvvəlkindən qat-qat artıqdır. Sən burada çox gözəl dedin, biz bu islahatları, torpaq islahatını ondan ötrü keçirmişik.

İndi sən deyirsən, müəssisə lazımdır ki, meyvəni emal etsin. Meşədə çoxlu meyvələr var, onlar toplansın, emal olunsun. Müəssisəni artıq dövlət yaratmayacaqdır. Müəssisəni sizin bax, bu sahibkarlar ki, var–kiçik və orta sahibkarlar, bunların biri, yaxud ikisi-üçü bir yerə yığışıb, pul qoyub o müəssisəni tikib yaratsın, işlətsin, məhsulu emal etsin, həmin emaldan gəlirini, pulunu götürsün. Bunun yolu budur. Bunu da etmək çətin deyildir. Amma mən bilirəm, sizin insanların çoxu hələ bu sahibkarlıq keyfiyyətini əldə edə bilməyiblər.

Yadımdadır, mən bir müddət Naxçıvanda işləyəndə, 1991-1992-ci illərdə, 1993-cü ildə özüm, qanun-zad olmadan, bəzi dağ kəndlərində kolxozları ləğv etmək istəyirdim. Bir-iki dağ kəndinə getmişdim. Görürdüm ki, orada kolxoz heç nə vermir. Camaatı yığdım və dedim ki, kolxozu ləğv etmək istəyirəm. Mənə dedilər ki, yox, ləğv etmə. Soruşurdum ki, niyə? Mənə dedilər ki, bu, kolxozun gözətçisidir, heç olmasa filan qədər maaş alır. Amma o, başa düşmürdü ki, kolxozu ləğv edəndə qazancı ondan çox olacaq. Daha gəlib gözətçi durmayacaq, gedib torpaqda işləməlidir, mal-heyvan saxlamalıdır. Keçmişin bu psixologiyası hələ insanlarda yaşayır. Amma daha bundan ayrılmaq lazımdır. Gərək hər kəs çalışsın ki, öz həyatını yaxşı qurmaq üçün şəxsi mülkiyyəti ilə, şəxsi zəhməti ilə zənginləşsin. Özünə daha da yaxşı şərait yaratmaq, yaxşı ev tikmək, uşaqlarına yaxşı şərait yaratmaq üçün zənginləşsin, eyni zamanda, sahibkar olsun, iş görsün.

İsmayıllı çox yaxşı rayondur, mən buranı yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir. Azərbaycana rəhbərlik etdiyim o illərdə mən bu rayondan bir dənə də olsun mənfi şey eşitməmişdim. Təbiəti yaxşıdır, bütün ətrafı gözəl meşələr, çaylardır. İndi Allah sizə belə gözəl bir yer nəsib edibdir. Vaxtilə torpaq, mal-heyvan əldən alınmışdı, gərək kolxozda işləyəydin, pul alaydın…Bunlar artıq getdi. İndi hamıya sərbəstlik verilibdir. Ona görə də mən sənə məsləhət görürəm ki, rayondan 10–15 bacarıqlı adam tap. Elə adamlar tap ki, öz şəxsi mülkiyyəti ilə müəyyən qədər kapital qazanıblar. Onlara kömək et, lazım olsa, deyərəm, bizdən də kömək edərlər.

Məsələn, meyvə emalı müəssisəsi yaratsınlar, başqaları yığışsın, ayrı müəssisə yaratsınlar. Çünki siz buradakı gözəl meyvələrinizin hamısını aparıb bazarda sata bilməyəcəksiniz. Amma emal edib, onlardan gözəl konservlər, şirələr və sair hazırlayıb satanda, onun qiyməti xeyli artacaqdır. Amma təkcə meyvə deyil, başqa məhsulları da emal etmək olar. Sən su çəkmək deyirsən, ona kömək etmək olar. Ancaq gəlib müəssisə tikmək, yox, dövlət daha bu işlərlə məşğul olmur və olmayacaqdır. Biz hər şeyi xalqa vermişik. Xalqa, əhaliyə vermişik. Kimin bacarığı var, gəlsin, ortaya çıxsın, müəssisə də yaratsın, zavod da yaratsın, fabrik də yaratsın, sahibkar olsun.

Siz bilirsiniz ki, mən aprel, may aylarında sahibkarlarla böyük görüşlər keçirdim. Onları dinlədim, dərdlərini öyrəndim. Ondan sonra geniş təhlil apardım və Azərbaycanda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün 7-8 böyük fərmanlar verdim. O fərmanlarda sahibkarlar üçün güzəştlər nəzərdə tutulubdur. Lazımdır ki, siz burada bunları təbliğ edəsiniz. Hər rayonun gərək özünün sahibkarlar qrupu yaransın. Elədirmi?

Əhliman Tağıyev: Cənab Prezident, bəli, elədir.

Heydər Əliyev: Mənə nə sözünüz var?

Yerdən səslər: Sizə cansağlığı arzulayırıq. Sağ olun, Allah Sizdən razı olsun.

Heydər Əliyev: Siz bizim hökumətin siyasətini, mənim siyasətimi bilirsiniz?

Yerdən səslər: Bilirik və dəstəkləyirik.

Heydər Əliyev: Bəyənirsiniz?

Yerdən səslər: Bəyənirik.

Heydər Əliyev: Bəlkə bir etirazınız var?

Yerdən səslər: Xeyr.

Heydər Əliyev: Biz dövlətin işlərini düz aparırıq, yoxsa yox?

Yerdən səslər: Düz aparırsınız, əla.

Heydər Əliyev: Səmimi deyirsiniz?

Yerdən səslər: Bəli, səmimi deyirik, ürək sözümüzdür.

Heydər Əliyev: Bu hamının fikridir?

Yerdən səslər: Bəli, hamının fikridir.

Heydər Əliyev: Mən də 9 ildir ki, prezident kimi, Azərbaycana rəhbərlik edirəm, amma prezident deyəndə, hamı elə bilir bu, asan işdir. Bilirsinizmi, prezident nə qədər çox əziyyət çəkir? Siz onu bilmirsiniz. Heç bilə də bilməzsiniz. Hər şey mənim üzərimdədir: həm xarici siyasət, həm daxili siyasət, həm Ermənistan–Azərbaycan münaqişəsinin aradan götürülməsi, işğal olunmuş torpaqlarımızın azad edilməsi, ordunun qurulması, nə qədər işlər var… Amma mən sizə deyə bilərəm ki, Azərbaycanda iqtisadiyyat ilbəil inkişaf edir, insanların rifah halı yaxşılaşır, qarşıya qoyduğumuz vəzifələrin hamısını yerinə yetiririk və güman edirəm ki, bundan sonra daha da yaxşı olacaqdır. Ölkənin gəlirləri artır, bilirsiniz ki, biz neft strategiyasını həyata keçiririk, indi bundan böyük gəlirlər alırıq və gələcəkdə daha da çox gəlir alacağıq. Xarici ölkələrin şirkətləri gəlib Azərbaycanda fəaliyyət göstərirlər. Bunlardan da ölkəmiz, təbiidir ki, öz mənfəətini götürür. Bu işlərin hamısını qurmuşuq və respublikamız, yəni ölkəmiz artıq müstəqil bir dövlət kimi yaşayır. Biz indi müstəqilik, azadıq, heç kəsdən asılı deyilik, azərbaycanlıyıq, Azərbaycan xalqıyıq, millətiyik. Bizim öz torpağımız, ölkəmiz var və bu ölkədə hamımız yaşayırıq. Bundan sonra da və daha da yaxşı yaşayacağıq.

Mən sizin hamınıza cansağlığı, səadət, bütün işlərinizdə uğurlar arzu edirəm və ümidvaram ki, sizin də hər birinizin, hər bir ailənin işləri get-gedə yaxşı olacaqdır. Sağ olun.

Yerdən səslər: Cənab Prezident, Sizə yaxşı yol arzulayırıq.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış