Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Dövlət Departamentinin Avropa və Asiya ölkələri üzrə əlaqələndiricisi Uilyam Teylor ilə görüşü - Yalta, 20 iyul 2002-ci il


 GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev iyunun 20-də Yaltada ABŞ Dövlət Departamentinin Avropa və Asiya ölkələri üzrə əlaqələndiricisi Uilyam Teyloru qəbul etmişdir. 

Respublikamızın rəhbəri ilə görüşündən çox məmnun qaldığını bildirən cənab Uilyam Teylor prezident Heydər Əliyevin GUÖAM-ın Yalta zirvə görüşündəki və dövlət başçılarının şərəfinə verilən ziyafətdəki nitqlərini böyük maraqla dinlədiyini vurğulayaraq dedi: Cənab Prezident, Siz haqlı olaraq dediniz ki, əgər on il bundan əvvəl bu ölkələr dövlət müstəqilliyini əldə etməsəydilər, bugünkü zirvə toplantısı və sənədlərin imzalanması da mümkün olmazdı. 

Uilyam Teylor Amerika Birləşmiş Ştatları dövlət katibinin müavini Riçard Armitacın GUÖAM-ın Yalta zirvə görüşünə göndərdiyi təbrik məktubunu prezident Heydər Əliyevə təqdim etdi.

Görüşdə Azərbaycan-ABŞ əməkdaşlığının perspektivləri, ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıldı.